Budur mənim Adamım. Ondan qorxmuram. O, çox güclüdür, çünki çox yeyir; o hər şey yeyəndir. Nə tıxırsan? Mənə də ver!
    O, gözəl deyil, çünki xəzi yoxdur. Tüpürcəyi azdır deyə su ilə yuyunmalıdır. Kobudcasına və dəhşət çox miyovlayır. Hərdən yuxuda mırıldayır. Qapını aç!
    Başa düşmürəm niyə o Sahib oldu: bəlkə, qarnına qeyri-adi şey aşırıb. Otaqlarımı təmizləyir.
    Pəncəsinə iti qara caynaq taxır və ağ kağızlarda nəsə cızır. Başqa heç bir oyun bilmir. Səhərlər yox, gecələr yatır; qaranlıqda heç nə görmür; heç nədən həzz almır: qan içmək istəmir, ov və dava arzulamır, kövrələndə mahnı oxumur.
    Müəmmalı, sirrli səslər eşitdiyim, hər şeyin canlandığını gördüyüm gecələrdə o, stolun arxasında oturub, başını aşağı əyir və elə hey qara caynağı ilə ağ kağızlarda nəsə cızır. Elə fikirləşmə ki, sənin haqda düşünürəm; mən yalnız sənin caynağının sakit xışıltısına qulaq asıram. Hərdən xışıltı kəsilir: miskin axmaq başqa oyun fikirləşib tapa bilmir və ona yazığım gəlir, mən – necə məsləhətdir!- ona yaxınlaşacam və əzablı şirin yorğunluqda sakitcə miyovlayacam. Belə olduqda Adamım məni yuxarı qaldırır və isti üzünü xəzimin içinə salır. Belə anlarda onda bir anlıq yüksək həyat əlaməti hiss olunur və o, məmnunluqla ah çəkib, xoş şeylər mırıldayır.
    Ancaq elə fikirləşmə ki, sənin haqda düşünürəm. Sən məni isitdin və mən yenə gecənin səslərinə qulaq asmağa gedəcəm.