“Yalquzaq” üz qabığı

Süjet. Əsərin süjeti elə də güclü deyildi. Sanki ümidsizlik içində vurnuxan bir kişinin gündəliyindən (bildiyimə görə çox az kişi gündəlik tutur) cırılmış vərəqlərdir. Ürəyinin dərinliklərində yaşamaq istəyə-istəyə intihara əl atan bir insanın təxəyyül uydurmaları.
    Özünü tanıyan və varlığının bir qara qəpiyə dəymədiyini görən hər bir insan bu və ya digər yollarla həyatının hansısa bir dövründə dünyaya üsyan edir: kimisi sərgərdan həyat tərzini seçir, kimisi intihara (maddi) əl atır, kimisi başqasının intiharına (maddi və mənəvi) səbəb olur…Daxildə baş verən üsyanlar da olur. Heç kimin xəbər tutmadığı, amma sənin hər gün onlara mübarizə apardığın üsyanlar. Güclülər və cəsarətlilər bu mübarizənin öhdəsindən gəlir. Gəlməyənləri və gələ bilməyənləri isə intihar gözləyir, bədbəxtlik gözləyir…Bu acizliyin səbəbi ya ümidsizlikdir, ya uğursuzluq, ya da təkrarlanan uğursuzluqdan doğan ümidsizlikdir. Harridə (əsərin əsas qəhrəmanı) üçüncüdür. Ola bilmək istədiyi ilə ola bildiyinin  davası. Nəticədə elə Harrinin özünün uduzacağı dava. İçində olan canavardır onu davaya sürükləyən. Arzularına, istəklərinə çatmadığına görə Harrini sorğu-suala tutan bir canavar (onun peşmanlıqları ilə vicdan səsinin təcəssümü).

    Hamının içində bir heyvan gizlənir. Təəssüf ki, bu heyvan həmişə canavar olmur. Qoyun olanı var, tülkü olanı var, ilan olanı var.

Oxunaqlıq. Əsərin əvvəli və axırı birnəfəsə oxunulur. Ən ləng gedən maskarad səhnəsi oldu. Yazıçının nə demək istədiyi mənə çatmadı. Yəni bu qədər ağılsızam? Yoxsa Hessenin bir şey demək fikri yox imiş?

Qəhrəmanlar. Əsas kişi qəhrəmanlarını aciz təsvir edən yazıçıları (hələ bu da kişidirsə) heç sevmirəm. Harri zəif, aciz, qərarsız, başqasının təsirinə tez düşən biri idi.
    Hermineni təhlil etməyə ehtyac yoxdur. Fikirləri və düşüncə tərzi dolayısı ilə Harrininkilərlə üst-üstə düşən bu qadın, əslində Yalquzağın həmişə birlikdə olmaq istədiyi sevgili obrazının portreti idi.
    Pablo həyatsevər, çılğın bir gənc. Hamının sevdiyi (ən azından bəyəndiyi, xoşladığı)  metroseksual musiqiçi. Bir az da olsa oxucuda, daha doğrusu məndə, rəğbət oyada bildi. Təkcə rəğbət. Pablonun homoseksuallığını (həm də!) nəzərə alsaq, bu rəğbət də çoxdur ona. İnsanlarda cinsi özbaşınalığı sevmir və bağışlamıram.

Ən çox bəyəndiyim səhnə. Teatrda üzərinə “Şəxsiyyət yaratmaq dərsi! Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir!” sözləri vurulmuş otaqda baş verənlər xoşuma gəldi. Həyatın şahmat oyunu ilə müqayisəsi gözəl alınmışdı.

Tərcümə. Vilayət Haciyevin tərcümələri məni hər dəfə valeh edir. İlk dəfə onun “əl işi” ilə Remarkın “Zəfər tağı” əsərində tanış olmuşdum. Və “Yalquzaq” ikinci dəfə onun tərcümələrinə vurğunluğumun səbəbsiz olmadığını sübut etdi.

Nəticə. Əsərdən çıxardığım nəticəni elə sonda Harriyə öyüd-nəsihət verən Motsartın (əslində Pablonun, lap əslində isə Yalquzağın aşıb-daşan fantaziyasının) sözləri ilə vermək istəyirəm:
    “Gülməyi öyrənməlisiniz – sizdən tələb olunan bax budur! Həyatın yumorunu – bu həyatın kədərli yumorunu anlamalısınız! Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır olacaqsınız… Elə deyil?

    Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz! Siz həyatın lənətə gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur.