Hamı atasını böyüyə-böyüyə kəşf edir.

Elə kitab var onu oxuyub qurtarandan sonra həmin kitabın adına ilk rast gəldiyin yeri söyürsən, eləsi var onu qatlayandan sonra uzun-uzun düşünürsən, eləsi var axırıncı səhifəni bağlayan kimi o saat onu ya tərcümə etmək istəyirsən, ya da müəyyən səhnələrinə rəsm çəkmək. Eləsi də var ki, onu bitirdikdən sonra elə hey danışmaq istəyirsən. Danışmaq, danışmaq, danışmaq…

Li Harperin Əbabili öldürmək (Lee Harper “To kill a mockinbird”) əsəri məhz axırıncılardandır. Əsərdə rasizm, ictimai qınaq, ədalətsiz məhkəmə fonunda ata-övlad (Attikus Finç və övladları) münasibətləri təsvir edilir. Mövzu dərin olsa da, təhkiyə uşaq dili (əsas qız qəhrəman Cin Luiza Finçdir nəql edən) ilə verildiyindən oxucunu yükləmir – nisgilində bir nikbinlik, ədalətsizliyində bir ümid var.

Oxuduqca gözlərim önündə öz uşaqlığım canlanırdı – mən də rayonda qalırdım, həmişə oğlanlarla oyun oynayırdım, don əvəzinə şalvar geyirdim, çox nadinclik edirdim və atamı hamıdan çox istəyirdim. Və mən də balaca olanda Luiza Finç kimi atamı acizlikdə qınayırdım, amma vaxt ötdükcə gördüm ki, acizlik kimi görünən əslində gücdür. Sözlə mübarizə aparanlarla əməllərlə mübarizə aparanın mübarizəsi.

“O, başqa uşaqların atalarının etdikləri şeyləri etmirdi: ova getmirdi, poker oynamırdı, balıq tutmurdu, içmirdi, çəkmirdi. O, qonaq otağında əyləşib oxuyurdu.”



Çox ailələrdə elə düşünürlər ki, uşaq tərbiyəsinin qadına düşən payı həmin uşağı doğmaq, kişiyə düşən payı isə həmin uşağın mövcudluğu üçün pul qazanmaqdır. Ancaq onlar unudurlar ki, maddi ehtiyacdan başqa mənəvi ehtiyac da var. Uşağın zövqünü formalaşdırmalısan, uşağı başından etməməlisən, ona vaxt ayırmalı, onla uşaq kimi yox, böyük kimi davranmalı və danışmalı, ona hər şeyi olduğu kimi izah etməlisən.

– Kompromissin nə olduğunu bilirsən?
– Qanuna məhəl qoymamaqdır?
– Yox, kompromis bir-birinə güzəştə gedib, razılığa gəlməkdir.

Zira övlad insanın ƏN BÖYÜK əsəridir və onu elə redaktə etmək lazımdır ki, o həm də ƏN GÖZƏL əsər olsun. Bundan yana vaxtını qoymalısan ortalığa, beynini, mənəviyyatını, vicdanını qoymalısan.

Atalarımızın ədaləti, analarımızın tərbiyəsi ilə cilalanırıq. Əgər nəticədə həqiqi almaz olmuruqsa, bunun günahı nə cəmiyyətdədir, nə şəraitdə, nə dövrdə. Günah əməlləri ilə qəhrəman ola bilməyən atalarımızda, ürəyimizə rəhm toxumu səpməyən analarımızda və vaxt keçdikcə daha da daşlaşan bizlərdədir.

Romandan çıxardığım nəticəni Attikusun öz dili ilə verirəm:

– Hər şeydən qabaq balaca bir fokus öyrənməlisən, cinbala. Onda ən müxtəlif insanlarla yola getmək sənin üçün asan olacaq. Bir insanın nəzər-nöqtəsindən baxmadıqca, onu həqiqətən başa düşə bilməyəcəksən.
– O necə olur?
– Həmin insanın cildinə girib, özünü onun yerinə qoymalısan.


Heyif, lazımlı əsərləri gec oxuyuruq. Bəlkə də lazımlı olduğunu gecikdiyinə görə anlayırıq.

Anamı gördüyüm əsər yoxdur. Hələ ki. Anamı mənə göstərəcək yazıçını, Patrik Züskind olsa belə, sevməyə hazıram.
Bəlkə yaxşı atalar oxşar olur, yaxşı analar müxtəlif? Bəlkə qəhrəmanlıqlar eyni olur, fədakarlıqlar müxtəlif?


p.s. Real hadisələr əsasında çəkilmiş “Kapote” filmində amerikan yazıçısı Truman Kapotenin “Soyuqqanlılıqla” əsərinin yazılma tarixi göstərilir. Kapote ilə Harper Li çox yaxın dost olublar. Filmdə Harper Linin “Əbabili öldürmək” əsərinə görə Pulitzer mükafatını aldığını eşidən bir kişi ona müraciət edərək deyir:

– Mükafat aldığınızı eşitdim. Təbrik edirəm.
– Təşəkkür edirəm.
– Bu uşaqlar üçün olan kitabdır?
(Müəllif istehza ilə gülür)
– A, yox, uşaqlardan olan kitabdır.
(Müəllif yenə istehza ilə gülür)
Bu romanı oxumağıma səbəb müəllifin cavabındakı istehza oldu.