Bernard Şou, Oskar Uayld, Con Qolsuorsi, Emili Bronte, Ceyn Ostin, Helen Fildinq… Şükür edin ki, TQDK kimi “məntiqi ardıcıllığı tamamlayın” – belə bir mənasız sual ünvanlamıram. Birbaşa özüm cavab verirəm. Bu sıraya artıq Uilyam Qoldinq də qoşuldu. O adadan çıxan bu yazıçıların tərzində bəyəndiyim birinci xüsusiyyət bəlkə də, açıq-saçıqlıqdan çox uzaq olmalarıdır. Açıq-saçıq və açıq-saçıqlığı ilə fəxr edən ədəbiyyat nümunələrini sevmirəm. Bunu bəziləri “ədəbiyyat sərhəd tanımır”, “həyatın reallığını əks etdirir” kimi klişelərlə bəzəyir, amma özümlə bacarmıram, təbiətimə zidd gedə bilmirəm. Sərhəd tanımayan ədəbiyyatı da mən tanımaq istəmirəm. Nənəm demiş, Markezlə Vişnevskinin ayağı ayaza qalacaq.

Səbuhi Soltanov adında canlı kitabxanam var. Vaxtaşırı məni kitablarla təmin edir. Uilyam Qoldinq və Joze Saramaqo bu dəfəki təminat seriyasını təşkil edirdi.

Düzü Saramaqonun “İsanın incili” ilə başlamaq fikrim var idi…və onunla başladım da. Hardasa qırxıncı səhifədə hiss elədim ki, qoyun kimi yeni darvazaya baxıram. Adı sadalanan insanlar, təsvir olunan əfsanələr haqda heç bir məlumatım yoxdur. Qərara gəldim ki, “İncil”i oxuyub sonra darvazadan keçməyə cəhd göstərim.

Heç də xoş olmayan təsadüf nəticəsində Qoldinq mütaliə dünyama qədəm basdı. Mən isə “Milçəklər krallığı”na.

Təyyarə qəzası nəticəsində bir qrup məktəbli adaya düşür. İndi onlar yaşamaq uğrunda mübarizə aparmalı və eyni zamanda xilas haqda düşünməlidirlər. Yazıçının ön cərgəyə çıxardığı üç uşağın – Ralf, Piqqi, Cek – hər biri öz üzərində bir missiya daşıyır.

Ralf ədalət və mərhəməti, Piqqi ağlı, Cek isə qəddarlıq və zalımlığı simvolizə edir.
Həyatda da olduğu kimi ədalət qərarsız, ağıl gücsüz, qəddarlıq isə həm qərarlı, həm güclü təsvir edilib.

Və bir daha başa düşdüm ki, insan həmişə güclünün tərəfindədir. Bu güclü zalım olsa belə. Xeyirxaha hörmət edə bilərlər, amma ona heç vaxt səcdə etməzlər. Təəccüblü deyil ki, zalımın əsərdəki şüarı – “Vəhşini vur! Boğazını üz! Qanını tök!“, xeyirxahınkı isə “Tonqal həmişə yanmalıdır, xilas olmağımız üçün“dür. Ac olanda isə xilas, mədəniyyət haqda düşünmürsən.

Əsər nə uşaqlar üçündür, nə də uşaqlar haqdadır. Əsər bizlər haqdadır. Qəhrəmanları uşaq olsa belə. Axı bizlər uşaq olanda lap amansız olmuşuq. Böyüdükcə Cek kimi maskalanıb, törətdiyimiz və ya törətmək istədiyimiz pislikləri bu maskanın altında ustalıqla gizlətmişik. Uşaqlar saf olmur, uşaqlar qaniçən olur. Uşaqlar mərhəmətin nə olduğunu bilmir, uşaqlar rəhm etmək kimi qabiliyyətdən çox uzaqdır. Bəlkə tərbiyə, kitab, musiqi və s. bütün bu xüsusiyyətləri vaxt ötdükcə gizlətmək, yatırtmaq üçündür?

Hamımız uşaq olmuşuq. Və hər uşağın içində bir vəhşi gizlənir.

Bir şeyə də fikir verdim, əsərdə qız uşağı yoxdur. Bəlkə qadının varlığı balaca kişilərin qurduğu bu amansız cəmiyyətə sülh bəxş edərdi. Çünki Jorji Amadunun “Qum dəryasının kapitanları”ndakı oğlanların qəlbinə tək bir qız obrazı su səpə bilmişdi.

Bizlərə – insanlara yox, azərbaycanlılara – oxşayan bir cəhəti də mütləq vurğulamalıyam. Kəşf etdikləri hər şeyə “donuz” adı verirlər: “donuz” cığırı, “donuz” çəhlimi.

Romanda ən çox bəyəndiyim isə aşağıdakı iki hissə oldu:

Bəzən hətta mən özüm də bezirəm. Tutaq ki, o birilər kimi mən də fikir vermədim, narahat olmadım. Onda bizim axırımız necə olacaq?”

Ralfın bu imdadında tez-tez özümə ünvanladığım sualı tapdım.

Öz çirkli bədəni, pırpız saçları, fırtıqlı burnuyla Ralf da uşaqların arasında dayanıb əvvəlki sadəlövhlüyünə ağlayırdı, insan qəlbinin niyə bu qədər qara olduğuna ağlayırdı, sədaqətli və ağıllı dostu Piqqinin yıxılıb havada necə uçduğunu xatırlayıb ağlayırdı” – Sonda Ralfla birlikdə mən də ağladım. Bəlkə də elə bu uşağın ağladığı səbəblərə. Hər birimiz “əvvəlki sadəlövhlüyümüzə” olmasa da, “insan qəlbinin qara olduğuna” heç olmasa ömrümüzdə bir dəfə ağlasaq, insanlıq itməz. Uşaqlıq itsə də olar.