Savadsızlıq mənəvi yetkinliyə çatmamaqdır.

Bernhard Şlinkin “Qiraətçi” (məncə, romanın adının tərcüməsi uğurlu alınıb) əsərini oxumağa başlamamışdan iki gün öncə onda nişanlım, indi ərim olan şəxsə son zamanlar mütaliə etdiyim heç bir kitabın mənə təsir etmədiyindən şikayət edirdim. Deyəsən bu şikayətimi Thoth eşitdi. Köşkün qabağında dayanıb kitab seçəndə əsərin üz qabığı dayanmadan deyirdi: “Məni al, nə olsun ki, süjetimi bilirsən”. Aldım, balaca olduğundan çantama atdım ki, yolda oxuyaram. Nəticədə, nəinki yolda, iki sutka içində hər yerdə oxudum. Kitab insanı yemir, amma mən bu kitabı yedim. 

Üç hissədən ibarətdir. Öz aləmimdə onları belə adlandırdım: “Tələ yemi: soxulcan”, “Balıq ovu”, “Qızıl balıq düşəcəkmi?”

“Tələ yemi: soxulcan” – Bernhard Şlinkin soxulcanı az yaşlı oğlan uşağı ilə otuz yaşı haqlamış Hannanın eşq münasibəti oldu. Baxmayaraq ki, bu münasibətdə eşqdən başqa hər şey – aludəlik, ehtiras, yeniliyə maraq – gördüm. Sübut kimi əlimdə baş qəhrəmanın yazdığı şeir var:

Biz bir-birimizə açılırıq
sən mənə,
mən sənə.
Biz bir-birimizə yüklənirik
sən mənə,
mən sənə.
biz bir-birimizdə əriyirik
sən məndə,
mən səndə.


Ancaq bu anlarda
mən mən qalıram,
sən sən.

Deyəsən heç bir vəd gözləməyən qadın – kişilərin, ələlxüsus yazıçı kişilərin idealıdır. Təbii, söhbət eyni zamanda gözəl olan qadından gedir. Belə birinə rast gəlsələr, ona əsər həsr etməyə də hazırdırlar.

“Balıq ovu” – bu hissədə yazıçı ova çıxır, oxucu ovuna. Bəlkə bu oxuculardan biri “qızıl balıq” oldu? Nəsillərin üzləşməsini təsvir edir. Cinayət törətmiş nəsillə, qınaq üçün mövzu axtaran nəsli. Almanlar özündən əvvəlki nəsli, atasını, babasını sorğu-suala tuta bilməyən, məsuliyyətsizliklərini, cinayətlərini ört-basdır edən və ya bunlarla öyünən bir xalq deyil. Yoxsa bizim kimi. Keçmişindən xəbərsiz, bu günün hər yalanına inanan, bununla yanaşı gələcəyinə nikbin nəzərlərlə baxan manqurt nəsil kimi yetişmişik. Və bu proses hələ də davam edir. Nə qədər ki, keçmişdə olanların haqq-hesabını soruşmayacağıq, səhv addımlara, cahil əməllərə sərt münasibət bəsləməyəcəyik, bizdən alman yox, başıqapazlı azərbaycanlı çıxacaq.

Və bu hissədə mən artıq Hanna tərəfdə idim. Qürurundan zəif cəhətini ən yaxın adamına belə söyləməyən qadına hörmət etdim.

“Qızıl balıq düşəcəkmi?” – məncə yazıçının tutmaq istədiyi oxucu kitabı qurtardıqdan sonra eyni sualları özünə ünvanlayandır. Adam nifrətə səbəb olmadan niyə və necə öldürür? Cahil adamın etdiyi əməllərə görə vicdan əzabı çəkməsi üçün mütləq kitab oxuyub, maariflənməyi lazımdır? Başa düşəndə hökm vermək olur? Bəs hökm verəndə başa düşmək? Nəticə: başa düşərək hökm vermək qeyri-mümkündür.

Bu hissədə Hannaya görə Hanna kimi əzab çəkdim. Çünki gözləməyin nə olduğunu bilirəm. Hər gün, hər saat gözləmək. Gəlməyəcəyinə əmin olana qədər gözləmək. Bir insan üçün bundan pis şey yoxdur.