Bilirsiniz, nə edirsiniz? Yağışın rəngləri yuyub aparmağını görmüsünüzmü? Siz də nitqinizlə eyni şeyi edirsiniz. Bir sözü tələffüz etməyə başlayan kimi, onu rəngdən məhrum edirsiniz.” (Con Faulz “Kolleksiyaçı)

Bunu oxuyandan sonra insanları üç yerə böldüm:
1. “Ağ-qara” danışanlar.
2. “Boz” – rəngsiz danışanlar.
3. “Göy qurşağı” – rəngli danışanlar.

1. Ağ-qara şəkillərdə əzab, kədər və s. bu kimi hisslərin daha qabarıq hiss olunduğu hamıya çoxdan məlumdur. Nitqdə də elədir, ağ-qara rejimdə çıxış edənlər, məsələyə soyuqqanlı yanaşan, rasional həll yolları göstərənlərdir. Həyatımda belə insanlar olub. Üç il bundan əvvəl ağır xəstəlik zamanı məni müalicə edən həkimim və həkimin bütün dediklərini yerinə yetirən anam.

2. Əslində boz da rəngdir. Amma həmişə rəngsizliyin rəngi olub. Boz Bakı ümidsizliyin şəhəri olan kimi. “Boz” danışanlar xəyal gücümüzü işə salmır, heç nə təsəvvür edə bilmirik, eləsək də, bu rəngli olmur.

3. Rəngli danışanlar sevimli yazıçılarımız, biz balaca olanda yeni sözləri izah edən valideynlərimiz, ağır günlərdə gözəl günlərin gələcəyini deyən dostlarımızdır. Gözəl gələcəkdən siyasətçilər də danışır. Amma onların vəd etdiyi gələcəyi elə “özün rənglə” kitabçaları kimi düzəldib atırıq bir tərəfə.

Həyatımda belə danışanların da öz rəng kateqoriyası var. Bəziləri, qırmızıdır, bəziləri sarı, bəziləri zümrüd çalarlı. Onların mövcudluq səbəbləri hər yağışdan sonra çıxan günəşlə birgə gəlmələri deyil, birləşəndə “Göy qurşağı” olmalarındadır.

Axı hamı “Göy qurşağı“nın bitdiyi yerdə xoşbəxtliyin olduğuna inanır.