Kitabı karandaşla oxuyanlar– öz aramızda ona KKO (KaKaO) deyirik. Facebook fəaliyyətimizin bu gün 3 yaşı tamam olur.
Bəs bu işə necə qol qoyduq?
Bədii ədəbiyyat oxumağa başlayanda atam kitabın adını, müəllifini, nəşriyyatını, nəşr olunduğu ili, və s. məlumatlarla yanaşı, xoşuma gələn sitatları, hissələri də qeyd etməyim üçün dəftər tutmağımı məsləhət gördü. Və hal-hazırda o məqsədə xidmət göstərən dəftərlərin sayı 6-nı keçib.
Facebook-la məni rəfiqəm Sevinc tanış edib. Ordakı hesabımı da o açıb. Bir müddət sonra qeyd etdiyim məkanda sevimli məşğuliyyətimlə bağlı səhifə açmaq istədiyimi dedim. Əvvəl məndə olan materiallarla başlamaq, sonra isə hər ikimizin mütaliə etdikcə topladığımız qeydlərlə davam etmək qərarına gəldik. Hər şeyi həll etdikdən sonra ad qoymaq mərasiminə çatdım. Dədə Qorqudluq Axil dabanım olub. Yenə də köməyimə Sevinc çatdı. Təklif olunan variantlar arasından düzəlişlər etdikdən sonra bu adın üstündə dayandıq.
Facebook vasitəsilə Orxanla tanış oldum. Bir yaşımız tamam olanda o, bizə saytı hədiyyə etdi. Məhəbbətin qüdrəti kitabsevərləri sevindirdi. Bütün texniki işləri özü gördü. Bölmələri, onların mövzusunu, səhifə və sayt üçün ümumi ikon hazırladı. Ən çox müzakirə etdiyimiz məsələlərdən biri də şüar oldu. Onu da Orxan Sevincin təklifi üzərində düz-qoş elədi.
Prinsiplərimizi heç vaxt pozmadıq:
  1. Səhifədə başqa səhifəni reklam etməməliyik.
  2. Səhifədə kitablardan başqa mövzu qoymamalıyıq.
  3. Paylaşılan bütün qeydlər azərbaycanca olmalı, yoxdursa, mütləq tərcümə etməliyik.
  4. İstifadəçilərdən heç kimlə kobud davranmamalı, tənqidə açıq olmalıyıq.
1 nüsxədə olmasına baxmayaraq, kitabımız çıxdı. Daha bir kitabı saytımıza pdf formatda yerləşdirmişik. Pulumuz olan kimi o da işıq üzü görəcək. Tərcümə etdiyimiz kiçik hekayələr də saytımızda yer alıb. “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə daha bir layihə hazırlayırıq.
Bu il kustar metodla, ev şəraitində hazırladığımız audio kitabları da saytda yerləşdirdik. Daha keyfiyyətli olması üçün bizə çoxlu vaxt, münbit şərait və tükənmək bilməyən enerji lazımdır.