Paralel iki kitab oxuyurdum: Joze Saramaqonun “Təxirə salınmış ölüm”ünü və Markus Zuzakın “Kitab oğrusu”nu.
Hər ikisi ölüm haqda və ölümün dilindən idi. Hər ikisinin tərcüməsində çatışmazlıqlar var idi. Və hər ikisinin üz qabığını çox bəyəndim.


Birincinin yumor və ironiyası kifayət qədər güclü olduğu halda, ikincidə bundan əsər-əlamət yox idi.
II Dünya Müharibəsi, aclıq, yoxsulluq, kütləvi ölüm və sair bu kimi şeylərdən bəhs edən bir əsərdən yumor hissi gözləmək nə qədər məntiqlidir bilmirəm, amma bu məndə bir adət halını alıb.

Daha nələri bəyənmədim:

  •     Müəllif oxucuda rəhm, mərhəmət hissləri oyatmağı qarşısına məqsəd qoyursa, bu həmişə uğursuz alınır. Mənim üçün ən yaxşı yazıçı oxucudan heç nə gözləmədən yazandır, hansı qəhrəmana acıdığı, hansı qəhrəmanı sevdiyi, hansı qəhrəmana nifrət etdiyi bilinməməlidir. Oxucuya fikir yürütmək azadlığı, seçim hüququ verməlidir.
  •     “Əbabili öldürmək” əsəri ilə oxşarlığı çox idi. Fərq burdakı ata obrazının mehriban, anlayışlı olmasına baxmayaraq, zəif və aciz təsvir edilməsi idi.
  •     Yəhudilərə qarşı olan ayrıseçkilik, təqiblər və onların qətlə yetirilməsi haqda o qədər oxumuşam ki, artıq doymuş buxaram. Və hiss edirəm ki, getdikcə Hitlerə haqq qazandırıram.

Bəyəndiklərim:

  •     Obrazlardan: əsas qəhrəman Lizelin ən yaxın dostu Rudi Ştayner və analığı Roza Huberman. Rudi Ştayner mənim üçün dostluq simvolu oldu. Roza Hubermanı isə “Dəmir Ledi” kimi görünüb, əslində çox yuxa bir ürəyə sahib olduğuna görə sevdim.
  •     Təsvirlər.
  •     Hər başlığın fərqli təqdimi.


Öyrəndiklərim:
    Sözlərin mahiyyətinə varmaq üçün ən yaxşı üsul kitab oxumaqdır. Bu mahiyyətin reallıqla uzlaşmadığını gördükdə ən yaxşı çıxış yolu kitab yazmaqdır. Zira çox oxuyan mütləqdir ki, bir gün yazmaq eşqinə düşəcək.

Təsadüf:
    Faşist Almaniyasının apardığı siyasətə uyğun olmayan kitabların yandırıldığı səhnəni oxuyan zaman Demokratik Azərbaycanda bu nadir hadisənin şahidi olurduq.

Tez-tez istifadə edəcəyim daha iki sitat sevimlilər bölməmə düşdü:
“Bazar ertəsi idi və onlar kanatla günəşə doğru gedirdilər”;
“Ürəyin hələ də əsirsə, əlləri isitmək olmaz”.

Bu kitab haqda aşağıdakı keçidlərdə də məlumat var: