Xatirələrə dalanda çox vaxt neçənci sinifdə oxumağım, neçə yaşında olmağım, ümumiyyətlə “neçə” sualına cavab verən bu kimi detallar yadıma düşmür. Həmişə təxminlərə əsaslanıram. Amma bu hadisə dəqiq yadımdadır. 1995-ci il idi və mən üçüncü sinifdə oxuyurdum. Novruz ərəfəsi idi. Məktəbdən evlərə zəng edilmişdi ki, hamı gəlib uşağını götürsün. Belə ki, Rövşən Cavadovun başçılığı altında “OMON”çular ilə daxili qoşunlar arasında silahlı münaqişə gedirdi. 93-dən sonra güllə səsi eşitmədiyini deyən qələt edir, mən eşitmişəm. Özü də günün günorta çağı.
Evimizə hələ telefon çəkilmədiyindən və mən qonşuluqda yaşayan dayımgilin nömrəsini əzbərə bilmədiyimdən dərs bitənə kimi məktəbin binasında valideynimi gözləməli olmuşdum. Bütün məktəb bomboş idi. Beş nəfər qalmışdı: mən, sinif rəhbərim, direktor, direktor müavini və bir də qapıçı. Məni götürməyə atam gəlmişdi. Yadımdadır, atamı görüb xeyli təəccüblənmişdim. Onun məktəbə təşrif buyurması o demək idi ki, anam ya xəstələnib, ya da dəhşət çox işi var. Yol boyu atama məktəbdə gəzən söz-söhbəti danışdım, o da hərdən eşidilən güllə səslərinin sədası altında “qorxulu heç nə yoxdur, badalaq gələnlə yıxılanın davasıdır” deyib, məni sakitləşdirməyə çalışırdı. Əslində sakitləşdirməyə heç ehtiyac yox idi. Atam narahat olmayanda mən də qorxmurdum.
Evə girəndə xəmir iyi gəldi, gülüş səsləri eşidilirdi. Mətbəxə keçdim. Və yerimdəcə qurudum. Anam, dayım arvadı və bacım şəkərbura bişirə-bişirə danışıb gülürdülər. Onda özümü çox pis hiss etmişdim. Heç kim mənə görə narahat olmamışdı.
Sonra götür-qoy etdim. Anamın laqeyd və məsuliyyətsiz biri olmadığını nəzərə alıb, bu qərara gəldim: Novruz o qədər böyük bayramdır ki, hər şeyi unutdura, heç nəyə məhəl qoymamağa məcbur edə bilər.
P.S. Bəlkə də səbəb atamın təşvişə düşməməyi idi.