Bizdə qəzadan, bədbəxt hadisədən sonra bu olayların qəhrəmanlarının həyat hekayələrini danışmırlar. Statistika aparırlar. Dördü öldü, beşi yaralandı, üçü xəstəxanada can çəkişir. Bilirlər ki, bu hekayələr yadda daha yaxşı qalır. Ya da bilmirlər. Bilməmələri daha yaxşı olardı. Zira fikirləşərək addım atdıqlarını düşünmək belə məni özümdən çıxardır. Statistika rəqəm yığnağıdır. Rəqəmlərdə acı, ağrı, əzab yoxdur. İtkinin maliyyə tərəfidir. Amma rəqəmlərdən fərqli olaraq, sözlərin ruhu var. Heç vaxt bu statistika qurbanlarını yaddan çıxarmağa imkan verməyəcək ruh.

“20 yanvar” deyəndə həmişə gözümün qabağına İlhamla(“Böyük Qardaş”la əlaqəsi yoxdur) Fərizənin toy şəkilləri və Larisanın öldüyü o qırmızı avtobus gəlir. Və bir də bağçada anasının obrazını canlandırdığım Ülvi Bünyadzadə (sonralar bu gəncin xalası sinif rəhbərim olmuşdu). Çünki onların faciəsinin arxasında qalan həyat hekayələrini bilirdim. Arzularını təxmin edir, yaşamaq istədiklərini anlayırdım.
Eyni şey “ADNA hadisələri”ndə də oldu. Üstündən az bir vaxt keçsə də, xatırlananlar bacısını xilas etmək istəyən Savalan və arxasınca sevgilisi ağlayan Ayaz oldu.
Unutmamaq üçün hekayələr lazımdır. Xatirələri diri tutan onlardır. İnsanı insan edən isə xatirələri.

           MƏNİ
Bir qəm yüklü ürəyəm ki,
Aparammaz karvan məni.
Gördüyümü görmüşəm mən,
İnandırmaz Quran məni.

Mənə tələ quran qursun,
Özlərini yoran yorsun.
Qoy nadanlar gendə dursun,
Qanacaqdır qanan məni.

Oyaq bəxtim tez yatsa da,
Namərd olub unutsa da,
Mən Ülviyəm, kim atsa da,
Atmayacaq inam məni.
     

 (Ülvi Bünyadzadənin ən çox bəyəndiyim şeiri)