Oxuduğum bu üç əsərdə Drezdenin bombardmanı hadisəsi yer alır.

İlk iki əsərdə bu hadisə bombardmanda yaxınlarını itirmiş insanların dili ilə təsvir edilir.

Markus Zuzakın “Kitab oğrusu”nun qəhrəmanı Lizel onun üçün həmişə akkordeon çalan atasını ölü vəziyyətdə tapır:

Ata gümüşü gözlü adam idi, ölü gözlü yox. Ata akkordeon idi! Onun xəzi tamam yatmışdı. Heç nə axıb qarışmırdı, onların içinə heç nə tökülmürdü. 

Conatan Safran Foerin “Dəhşət ucadan və inanılmaz yaxın” əsərində isə nəinki ailəsini, sevdiyi qızı da bu partlayışlarda itirən bir gəncin keçirdiyi hisslər belə verilir:

Leşvitser körpüsünün ətəyində öldüyümü düşünəndə beynimdə bir fikir var idi: Düşün. Fikirlər məni həyata qaytardı. Amma indi sağam və fikirlər məni öldürür.

Bu yaxınlarda oxuduğum Kurt Vonnequtun “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” adlı kitabı sillə təsiri bağışladı. Əsərin qəhrəmanı bombardmanda heç bir yaxınını itirmir, sadəcə baş verənlərə şahid olur. Heç nəyi dəyişə bilməməyin acizliyini yaşayır, bu yükü həyatı boyu çiyinlərində daşıyır.
Yalnız müharibəyə sonsuz nifrət edən bir adam belə soyuqqanlılıqla, oxucunu hiddətləndirən soyuqqanlılıqla əsər qələmə ala bilərdi.
Vonnequtun müharibə mövzusunda əsər yazacağını eşidən bir ananın nitqindəki qəzəb böyük ustalıqla verilir:

– Əla, amma mən bilirəm, – dedi o – siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sinatra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gözəl təsvir olunacaq ki, biz daha çox qırğın görmək istəyəcəyik. 

Yazıçı həqiqətən müharibəni “elə gözəl təsvir” edir ki, filmlərdə həmin qəhrəmanları məncə heç “müharibə sevən iyrənc gədələr” də canlandırmaq istəməz.
Əsərin qəhrəmanı Billi Pilqrimin sağ qaldığına görə sevinməyinə imkan verməyən səbəblərdən biri də müharibənin məhv elədiyi şəxsiyyəti, bu şəxsiyyəti ortalığa qoymaq üçün lazım olan cəsarətin yox edilməsi idi.

Bu hekayədə ona görə böyük şəxsiyyətlər və dramatik qarşıdurmalar olmur ki, qəhrəmanların əksəriyyəti böyük qüvvələrin əlində oyuncaq olacaq qədər zəifdirlər. Müharibənin ən böyük təsirlərindən biri də bu idi. İnsanlar şəxsiyyət olmağa cəsarət etmirdilər.

Nəinki oğlu, övladı olan bütün valideynlər bu sözləri deməyi bacarmalıdır:

Mən oğullarıma demişəm ki, heç bir vəchlə kütləvi qırğınlarda iştirak etməsinlər. Eləcə də düşmənlərin soyqırımı onlara razılıq və sevinc bəxş etməməlidir. Bir də tapşırmışam ki, kütləvi qırğın silahları hazırlayan şirkətlərdə işləməsinlər və belə silahlara ehtiyac olduğunu düşünən insanlara nifrətlərini bildirsinlər.