Reyçel Makadamsın baxdığım ikinci filmidir ki, sevdiyi kişinin zamanla problemi var. “Zaman səyyahının arvadı” filmində qəhrəman həm gələcəyə, həm keçmişə səyahət edə bilirdisə, “Zaman haqqında”da rejissor buna limit qoyub: yalnız keçmişə. Birinci mənim gözümdə nə qədər uğursuz idisə, ikinci bir o qədər ümidlərimi doğrultdu.

Kinoda hər şey – seçilən məkanlar, interyerlər, paltarlar, musiqilər, saç düzümləri və s. – sevməyə, sevilməyə, yaxşılıq etməyə, yaşamağa, çılğın olmağa səsləyir. Dənizkənarında ev, mehriban ailə, kitab qurdu, həmişə stolüstü tennisdə qəsdən oğluna uduzan ata, dəmir ledi ana, sevdiklərini qucaqlayan və havanın ağına-bozuna baxmadan çox vaxt ayaqyalın gəzən bacı, unutqan dayı, hər gün dəniz kənarında qəlyənaltı, həftənin cümə günləri ailəlikcə proyektorda kinoya baxmaq – belə bir şəraitdə, belə bir mühitdə böyüyən, tərbiyə alan bir oğlanın bir də kürən olduğunu nəzərə alsaq, hər şey çox gözəldir.

Maraqlı səhnələrdən biri.
Bəxtindən gileylənən 21 yaşlı Timə atası bir sirr açır: nəsillərindəki bütün kişilər öz həyatlarında zaman səyahətinə çıxa bilirlər. Bundan yana qaranlıq bir yer, gözləri yummaq, yumruqlarını sıxmaq və istədiyin vaxtı seçmək kifayətdir. Tim bunu təcrübədən keçirir və təcrübəsinin şokundan ayılar-ayılmaz atasına sual verir:
– Bunu nə üçün istifadə edə bilərəm?
Atası suala sualla cavab verir:
– Sən nə üçün istəyirsən?
O isə pul, qız və s. kimi şeyləri cavabında hallandırır. Sonra atasından soruşur:
– Bəs sən nə üçün istifadə edirdin?
– Oxumaq üçün. Çoxlu oxuyurdum. Hərdən elə olurdu, bir kitabı iki dəfə. Məsələn, Dikkensi üç dəfə oxumuşam.

Maraqlı səhnələrdən daha biri.
Və bu kürən oğlan qırmızı gəlinlik donu geyinən bir qızla evlənir. Toylarında Mendolsonun marşı əvəzinə Cimmi Fontananın “İl Mundo” mahnısı çalınır. Dəhşət külək qopur, yağış başlayır. Bütün toy tədarükləri, planları alt-üst olur. Məclisin axırında bəy heç nəyə baxmayaraq xoşbəxt olan gəlindən soruşur:
– Hava bərbad oldu. Bu günü yenidən yaşamaq istərdin?
– Yox, heç vaxt.

Timə səhvlərini düzəltmək üçün şans verilib. O, eyni şeyi ideal edənə qədər təkrarlamaq imkanındadır. Amma elə bir an gəlir ki, əldə etdikləri geri dönməməyi üçün səbəb olur.

Hər səhnəsi xoşbəxt həyat tablosu üçün çəkilmiş filmlərdəndir.

Pleylistimə dörd yeni mahnı artıran filmdir.
The Luckiest – Ben Folds
Jon Boden, Sam Sweeney & Ben Coleman – How long will I love you
Paul Buchanan – Mid Air
Jimmy Fontana – Il Mondo

Həyata baxışımı dəyişdirmək iqtidarında olmayan, amma dəyişdirmək üçün əla ideyalar verən filmdir. Adi görünən, əslində qeyri-adi olan insanların adi görünən, əslində qeyri-adi olan həyatları haqqındadır. Bəlkə biz də onlardanıq?!

p.s. Atanın toyda dediyi tost:
– Pis saç düzümü, əla arvadı olan oğlanın sağlığına.

Hamınıza əla arvad və yaxşı saç düzümü arzulayıram. Əla ər olmur!