Adətən baxdığımı və ya oxuduğumu beyin filtrimdən keçirmək üçün vaxt lazım olur. Bu film başqa oldu. Birinci dəfə baxanda hiss etdiklərimi üçüncü dəfə baxanda da hiss etdim. Bu dəfələr arasında isə cəmi iyirmi dörd saat vaxt keçdi. Bir gün ərzində üç dəfə eyni filmə baxmaq. Və hər dəfəsində eyni şeyləri hiss etmək.

İki sevimli aktyorum (Ben Barns, Ceremi Ayrons) bir qəhrəmanı canlandırırdı: biri cavanlığını, digəri qocalığını. Hər ikisi bu işin öhdəsindən məharətlə gəldi.

“”Sözlər” – müəllifi mənəm”. Kino bu sözlərlə başlayır. Süjet hekayə içində hekayədən ibarətdir. Üç hekayə, iki insan. Biri yazmaq üçün yazıçı olmaq istəyən, biri yazıçı olub yazmaq istəyən.

“Ola bilmədiyim insanın dəhşəti içindəyəm”.

Hər ikisinin təcrübəsi və həyatı göstərdi ki, ya yaza bilirsən, ya bilmirsən. Dahi o insana deyilir ki, o, sənin yazmaq istədiklərini çoxdan yazıb. Özü də gözəl sözlərlə. Və əzab verən bir fakt: sən heç vaxt qələmə alınan o sözlərdən gözəlini yaza bilməyəcəksən. Yazmaq istədiyin, amma sənin yazmadığın, müəllifi bilinməyən bir əsər əlinə düşsə, onu öz adına çıxararsan? Yoxsa yox? Oğurluq edərsən? Hər kəs bir cür seçim edir. Qəhrəmanımız oğurluğu seçir. Və sonda da peşmanlığını gizlətmir:

“Bu həyatda hamımız seçim edirik, ən çətini həmin seçimlə yaşamaqdır”.

Oğurladığı əsərin müəllifi ilə tanış olmasaydı, bəlkə də, vicdan əzabı çəkməzdi. Amma tanış olur. Bilir ki, o gözəl hekayə kədərli həyatın bəhrəsidir.

“Real həyatla uydurma arasında seçim etmək lazımdır. Onlar bir-birinə çox yaxındır, amma kəsişmirlər. Bunlar tamamilə başqa-başqa şeylərdir.”

Gözümə dəyən detallar, xatirəmi silkələyən səhnələr

Kitabı oğurlayanla kitabın əsl müəllifi arasında baş tutan dialoq:

– Hansı kitabı oxuyursunuz?
– Con Fantenin “Tozdan soruş” əsərini.
– Onu necə tapmısız? Onu heç kim tanımır.
– Fanteni oxumusunuz?
– Oxumuşam?! Mən onu tanıyırdım. 
– Siz Con Fanteni tanıyırdız?!
– Onunla Los-Ancelesdə görüşmüşdük. 1958-ci ildə. O, məşhur yazıçı olmalı idi.
– Hə… bəs nə baş verdi?
– Həyat.

Üç il əvvəl rəfiqəm Sevinclə “Tozdan soruş” filminə baxmışdıq. Çox bəyənmişdik. Araşdıranda məlum oldu ki, film əsər əsasında çəkilib. Sonra Orxandan ingiliscə nəşrini çap edib, birlikdə oxumağımızı xahiş eləmişdim. Hər gün işdən çıxıb evə qayıdanda metroda birlikdə iki-üç səhifə oxuyurduq. Yeni mənzilimizə köçhaköç prosesində əsərin çap versiyasını itirmiş, sonra tamam yaddan çıxarmışdım. Nə təsadüfdürsə, “Sözlər” filminə baxmazdan 2 saat əvvəl şkafdakı çoxsaylı sənədlərin içində o itirilmiş və mənə çox dəyərli olan əsəri tapdım.

Hər kəsin həyatında onu kitablar dünyası ilə tanış edən insan olur. Məndə bu insan atam idi. Qəhrəmanımızda isə əsgərlik yoldaşı. Və onun ilk oxuduğu əsər Ernest Heminqueyin “Günəş yenə doğar” romanı olur.

– Həyatında ilk dəfə dəyərli kitablar oxumağa başladı. Və başa düşdü ki, dünya onun təsəvvür etdiyindən daha böyükdür. Və o, dünyanı tanımaq istədi. Biri olmaq istədi.
– Yazıçı?
– Hə, amma o, sözlərin nə olduğunu, onlarla necə rəftar etmək lazım gəldiyini bilmirdi.

Qəhrəmanımızı əsər yazmağa məcbur edən də bu roman oldu. Uşağı vəfat etdikdən sonra arvadı tərəfindən tərk edilən kişi. Taleyinə küskün, acıqlı, hirsli və əsəbi. Gücsüz halda büzüşüb ağlayanda gözünə dəyən o kitab: “Günəş yenə doğar“. Əgər kitablar həqiqətən xilas etmək, uçurumdan çəkib çıxarmaq iqtidarındadırlarsa (mən buna inanıram), qoy onda adları da verilmiş şəraitə və vəziyyətə uyğun olsun.

Qəhrəmanlarımızdan biri Parisdə aşiq olur, ikincisi həmin şəhərdə bal ayını keçirir. Parisdə aşiq olanın oxuduğu kitabı Paris aşiqi Ernest Heminquey yazır. Bal ayınının son gününü Ernest Heminqueyin Parisdə yaşadığı evi ziyarət etməklə keçirən qəhrəmanımız isə oğru çıxır.  Heminqueyin çox sevdiyi şəhər – Paris. Amma yalnız bir əsərində onun haqda yazıb: “Günəş yenə doğar” (bəzi nəşrlərdə – “Fiesta“).  

p.s. Çox xahiş edirəm, bu yazımı kinonun möhtəşəm saundtreki altında oxuyun: http://www.youtube.com/watch?v=ZjWEApWtA0g
Bu ikinci dəfə oxumağınız üçün tələdir.

pp.ss. Hər zaman hər birimizin bir yaxını olur ki, ona bağışla deyirik, o bağışlamır. “Bağışlamayanlar”a həsr edirəm.