• Üstündə çox əməliyyat aparılacaq paltarları almayın.
  • Bir mağazaya müxtəlif vaxtlarda və ya fərqli mövsümlərdə 3 dəfə girib heç nə bəyənməmisinizsə, bir də oranın satıcılarının zəhrimar yağan sifətlərini görməyə dəyməz.
  • Brend alın. Ən ucuz brend də geydirmədən keyfiyyətlidir.
  • Xörəyə məsuliyyətlə yanaşan həmin xörəyi ilk dəfə bişirən adamdır. Cinsin fərqi yoxdur.
  • Evdəki zibil qabını istilik sisteminin yaxınlığına qoymayın. Təravətləndiriciniz reklamdakı kimi çıxmaya bilər. İş yerində isə bunu təcrübədən keçirə bilərsiniz, hətta deyərdim ki, keçirməlisiniz.
  • Yemək bişirməyi sevməyən hər bir qadın potensial qatildir. Yemək bişirməyi sevməyən qadın kritik günlərində bu işlə məşğul olmağa məcburdursa, onun qatil olmaq ehtimalı artır.
  • Sosial şəbəkələrdən tapılmış diş həkimləri, saç və epilyasiya ustalarının yaxşı çıxma faizi yüksəkdir. Bunu ginekoloqlar haqda deməyə çətinlik çəkirəm. Zira reklam üçün yerləşdirəcəkləri şəkillər erotik məzmunlu olduğundan cinayət işi açıla bilər.
  • Yeni tanış olduğunuz əks cinsin nümayəndəsi ilə çatlaşanda smayliklərdən çox istifadə etmək müsbət qarşılanmır.
  • Bişirdiklərinizi ananıza daddırandan sonra resepti hardan götürdüyünüzü deməyin. Mənbəni saxta çıxarmağa çalışacaq. Yeməyin dadı xoşuna gəlsə belə.
  • Yeni evlilərə: “Hələlik uşaq istəməməyinizin” maliyyə faktoru faktor kimi azərbaycanlı qohumlar tərəfindən qəbul edilmir. Onların eşitmək istədiklərini isə deməyin. Qoy beyin hüceyrələrini sizin məlum hüceyrənizin fəaliyyətsizlik səbəblərini araşdırmağa sərf etsinlər.
  • Yeni evlilərə: tökülməyən saçlar evinizin uzun müddət təmiz qalmasına şərait yaradacaq. Saç dibləri üçün maya maskası: yarım stəkan ilıq suya iki xörək qaşığı quru maya. Barmaqlarla masaj edilə-edilə çəkilir və istidə bir saat saxlanılır.