Joze Saramaqonun “Təxirə salınmış ölüm”ü “Elə hey təxirə salınan kitablar” seriyasından idi. Çünki müəllifin birinci əlimə aldığım “İsanın incili” əsərini başa düşmədiyimdən yarımçıq qoymuşdum. Amma bunu nəinki yarımçıq qoydum, “gözümə təpdim”.

Bir çoxları kimi “ilk cümlə həvəskarı”yam. Və bu əsərin də ilk cümləsi məni özünə cəlb etdi:

Ertəsi gün kimsə ölmədi.

Gözəl səslənir deyilmi? Həqiqətən səsləndiyi kimi gözəl bir şeydirmi? Saramaqonun sadaladığı faktlara, gətirdiyi dəlillərə, əsaslandırdığı təcrübələrə, müşahidə etdiyi hadisələrə əsasən bunun belə olmadığının şahidi oldum.

Bir şey adəti üzrə getmirsə, buna adəti üzrə bəla, bədbəxtlik deyirik. Heç kimin ölməməyi də adət edilməyən bir şeydir. Və həmişəki kimi – bədbəxtlik üz verəndə hamı adət etdiyi, daha doğrusu ən yaxşı bacardığı iş ilə məşğul olur: hökumət yatızdırır, televiziya layla çalır, din xadimləri əsl laylanın dua olduğunu deyir, fırıldaqçılar isə oyanmaq istəyənlərə yuxu dərmanı verir.

Daha heç vaxt heç kim ölməsə, kilsə nə edəcək?

Əgər daha heç kəs ölməsə, hökumət nə edəcək?

Bu şərait – ölümsüzlük bəxtəvərliyi uzun çəkmir. Ölüm geri dönür. Bu dəfə də adət etmədiyimiz bir şəkildə. İndi o, alicənablıq nümayiş etdirib öldürəcəyi adama bir həftə əvvəl bənövşəyi rəngdə xəbərdarlıq məktubu yollayır. Bu Paulo işarəsi də diqqətəlayiqdir: bənövşəyi rəngi heç sevmirəm.

Və yenə ssenari pozulur: bir məktub ölümün üzünə qayıdır. ÖLÜMÜN ÜZÜNƏ. Qaydaları pozanın özünün qaydası pozulur. Və yenə adəti üzrə ölüm qadın şəklinə düşür. Ölümə dirənən adamı tapır, onu yaxından tanıyır və ona aşiq olur. Qadın sevərsə, yaradar. Bu qadın görkəmində ölüm olsa belə. Bəlkə də ölüm hamımızı yaxından tanısa, öldürməməyə bəhanə tapar?

Məni düşündürən və sevimli qeydim:

Sən heç düşünmüsən ki, bütün məxluqlar üçün, istər insan daxil olmaqla heyvanlar, istər ayaqlarımızın altındakı otlar, yüzmetrlik tropik ağac daxil olmaqla bütün bitkilər, öləcəyini bilən insan və bundan bixəbər at üçün ölüm eynidir? – Bir də bunu soruşdu: Baramanın içində bütün cəftələri daldan bağlayaraq qapanmış ipəkqurdu nə vaxt ölür? Mümkündürmü ki, bir məxluqun yaranışı digərinin ölümündən doğsun, kəpənəyin həyatı tırtılın məhvindən pərvazlansın – yoxsa baramaqurdu kəpənəyə çevrildiyi üçün heç ölməyib də.

Əsəri İlqar Əlfioğlunun tərcüməsində oxumuşdum. Çətin işi hörmətəlayiqdir. Zira orijinalda bütün durğu işarələrinə, üslub qaydalarına tüpürüldüyü halda, tərcümədə bu belə deyildi.