“Çoxdandır…nəhayət” rubrikamda bu dəfə üç filmdir. Və bu üç filmdəki qırmızı rəng.

1. “Şindlerin siyahısı” (1993) – “20 yanvar” günü AzTV dəyişiklik etmişdi. “Cəsur ürəy”in yerinə bunu göstərirdi. Gecə saat üç idi. Orxan yatırdı. Mən də dedim, oturub baxım. Baxdım. Spilberqin əl işinə söz ola bilməz. Amma kino təsirsiz ötüşdü. Sadəcə kadrların estetik gözəlliyinə, aktyorların mahir ifasına (Ralf Fayns və Liam Nilson dueti əla idi) tamaşa edirdim. Sanki professional fotoqrafın müharibə mövzusunda ağ-qara şəkillərdən ibarət albomuna baxırdım: vaqonlara yığılmış yəhudilərin qızmar yay günündə üstlərinə şlankla su səpilməsi, başı qırxılmış, ölümə getdiyini düşünən qadınların bir otağa salınıb çimizdirilməsi və onların sevinci, çörək içində zinət əşyalarının yeyilməsi, nəcisin içində gizlənmək üçün yer davası edən uşaqlar və əlbəttə ki, müharibə carçısı, filmin ortalarında meyidi xərəkdə daşınan qırmızı paltolu o qız.

Filmin diskinin üzqabığındakı uşaq əli  qırmızı paltolu qıza məxsusdur.

Tamaşaçılardan birinin hazırladığı, obrazların cəmləşdiyi bir şəkil:

Film Tomas Kenillinin “Şindlerin gəmisi” adlı əsəri əsasında çəkilib. Tomas Kenilli əsəri Şindlerin xilas etdiyi yəhudilərdən biri olan Poldek Pfefferberqlə görüşündən sonra qələmə alıb. İki il bundan öncə adıçəkilən əsərin elektron versiyasını yükləmişdim. Amma mütaliə etməyə həvəsim yox idi. “Müharibə”, “yəhudi”, “faşist”  mövzusu artıq məndə maraq oyatmır. Bəlkə dərdin, bəlanın, vəhşiliyin adı çox hallananda onu eşidənlər də
vəhşiləşir, laqeydləşir? Yoxsa bu yalnız məndə belə olur?

Hələ də düşünürəm ki, müharibə mövzusunda ən yaxşı əsər “Qiraətçi” (Bernhard Şlink) və “Sallaqxana N%5 və ya uşaqların səlib yürüşü”dür (Kurt Vonnequt).

Maraqlı faktlar.

  • Spilberq qonorardan imtina etmiş, pulu “Qəza qurbanları” fonduna yatırmışdı. 
  • Keçmiş dustaq Mila Pfefferberq SS zabiti Amon Götün obrazını canlandıracaq Ralf Faynsı görəndə, həyəcanını gizlədə bilməyib. Buna səbəb Faynsın Amonla oxşarlığı olub.
  • Real həyatda “Şindler siyahısı”nı tərtib edən Meçislav Pemper çəkilişlərdə məsləhətçi kimi iştirak edib. 
  • Və nəhayət məlum oldu ki, Şindler heç də mələk olmayıb. Siyahıya düşmək üçün kifayət qədər pul ödəmək lazım imiş. Bunu sənədlər və Şindlerin həyat yoldaşının “Mən Emiliya Şindler” adlı xatirələr kitabı təsdiqləyir. 

Daha ətraflı:  http://holocaustrevisionism.blogspot.com/2012/06/blog-post_3810.html

2. “Çikaqo” (2002) – Brodvey müzikli əsasında çəkilmiş film. Süjet 1924-cü il Çikaqoda baş vermiş iki cinayət hadisəsindən götürülüb. Əsasən Rene Zelvegerə görə baxdım. Amma və lakin… İlhamın sevimli aktrisalarından biri olan Ketrin Zeta-Consa vuruldum. Bu vurğunluğum saçlarımı kəsdirməyə səbəb oldu.

Nəticə isə digər qəhrəmanın saçları kimi alındı 🙂

Rejissorun təkidinə baxmayaraq, aktrisa uzun saçla çəkilməkdən imtina edib. Bütün rəqsləri özünün ifa etməsinə tamaşaçıları inandırmaq üçün.

Burda da ölümü bildirən qırmızı rəng. “Cell block” tanqosunda bütün cinayətkar qadınların qətlə yetirdikləri kişiləri öldürmə səbəbləri göstərilir: http://www.youtube.com/watch?v=KA6R1DMb-Z8
Qırmızı lent qətl üsulunun bədii və vizual təcəssümüdür.

3. “W.E.” (2011) – Böyük britaniya kralı VIII Eduardla amerikalı Uollis Simpsonun məhəbbət tarixçəsindən bəhs edən film. Uollislə birgə olarsa, taxt-tacdan imtina etmək şərti ilə üz-üzə qalan Eduardın seçimi məhəbbətdən yana olur. Çox romantik səslənir, elə deyil?
Əslində isə Madonnanın sırımaq istədiyi kimi hər şey çəhrayı rəngdə olmayıb. Eduardla evləndikdən sonra da Uollis “yüngül” həyatına davam edib, tanış olduğu hər kişi ilə münasibəti olub, faşistlərə casus kimi işləməkdə günahlandırılıb.

Burada diqqətimi çəkən qırmızı isə Uollisin dodaq boyası və həmin dodaq boyası ilə kralla özünün adlarının baş hərflərini güzgüyə yazmağı oldu: W.E. (Wallis Edward)

Filmdə müasir dövrün Uollisi də canlandırılıb. Onun sevgilisinin pianinoda ifa etdiyi musiqi əsəri isə yazımızın saundtreki olsun: https://www.youtube.com/watch?v=9bqStRj1LOk

Nəticə 1. Bir rəng iki zidd şeyi təcəssüm edə bilər: ölüm və məhəbbəti.
Nəticə 2. Heç kimin zövqünə pis gözlə baxma. O zövqə sən də yoluxa bilərsən: İlhamla mənim Ketrin Zeta-Cons sevdamız kimi.
Nəticə 3. Filmlərdə “yaxşı” kimi qələmə verilmək, həyatda da elə olmaq anlamına gəlmir. Rejissorlar ANS-in şüarı ilə fəaliyyət göstərmir.