SƏN rusca kinoya baxa bilmirdin, mən ingiliscə. Nəhayət türkcə filmlərə baxmaq qərarına gəldik.
SƏN hündürdən danışırdın, mən alçaqdan. Nəhayət öpüşmək qərarına gəldik.
SƏN köşə yazıları oxumurdun, mən xəbər. Nəhayət pazl yığmaq qərarına gəldik.

Üç şeyə qısqanırdın: oxuduğum kitablara, Mehinlə keçirdiyim vaxta və atamla söhbətlərimizə. İndi kitab oxuyanda başını dizlərimə qoyub yatırsan, Mehin SƏNi məndən çox istəyir və atamla söhbət mövzularınızın sayı günü-gündən artır.

SƏN mənə hər şeydə yaxşı şeyləri görməyi öyrətdin, amma nikbin olmağı öyrədə bilmədin. Yeniliklərə açıq olmağı öyrətdin, amma ağ-qara filmləri gözümdən sala bilmədin. Öyrətdin ki, “sevgi”, “dostluq” əməldən başqa sözlərə də tökülməlidir. Amma “bağışla” deməyi öyrədə bilmədin.
SƏNi həyatımın ən pis günlərində tanıdım. Mən SƏNin həyatına “şamaxılı qonşu”, SƏN mənim həyatıma “göy qurşağı” kimi girdin. SƏNin rənglərinin altında xoşbəxt oldum, SƏNi görmək üçün yağış, günəş lazım deyildi, SƏN “Mehinin kitabındakı göy qurşağındansan”. Nə vaxt lazım olsa, açıb baxmaq olur.

Bir-birimizə görə tüpürdüyümüz ideallar, vaz keçdiyimiz prinsiplərdir hisslərimizin ölçüsü.