İrvinq Stoun yaradıcılığı ilə tanışlığa “Yaşamaq yanğısı” (“Lust for Life“) əsəri ilə başlamışdım. Adı cəlb etmişdi. Nədənsə sevimli yazıçım Cek Londonun “Həyat eşqi” hekayəsi yadıma düşmüşdü.

Florensiya. Van Qoqun günəbaxanları

Əsər məni impressionistlərlə, bir çox tablonun yaranma tarix ilə tanış etmiş, sözün hər mənasında təəssüratın perspektivdən asılı olduğunu öyrətmiş, sarı rəngi və Van Qoqun fədakar qardaşı Teonu sevdirmişdi. Təsadüfi deyil ki, Florensiyada addımbaşı düzülən günəbaxanlar mənə heç vaxt Florensiyada olmayan Van Qoqdan çox Teonu xatırladırdı.

İkinci əsər “Yəhər üstündəki dənizçi” (“Sailor on Horseback“) oldu. Məhz burda birinci əsərdə axtardığım Cek Londonun həyat eşqini tapmışdım. Yenə də sözün hər mənasında. Bu əsəri Sevinclə eyni vaxtda, işdə elektron variantdan oxuyurduq. Günümüz Cek Londonun həyatı ilə bağlı əldə etdiyimiz faktların müzakirəsi ilə keçirdi.

▲ lamiye 23.09.2008 17:12:21     Cekin həyatında olan heç bir qadından xoşum gəlmədi. Qadın qəhrəmanları yaxşı yarada bilməməsi təəccüblü deyil. 

▲ lamiye 23.09.2008 11:24:05     “At belində dənizçi” adlı əsəri Cek London özü yazmaq istəyibmiş. Çatdıra bilməyib.
▼ sevinc 23.09.2008 11:24:18     Doğrudan?
▲ lamiye 23.09.2008 11:24:24     Avtobioqrafik əsər olmalı imiş. İrvinqə təşəkkürlər.

“Qonaqlar pəncərənin yanındakı divanda, yerə atılmış balışlarda oturdular, ev sahibi buxarının yaxınlığındakı kresloda yerini rahatlayıb oxumağa başladı. Boz-göyümtül gözlərdə ciddi bir ifadə əmələ gəldi, əlləri sevimli hərəkəti ilə saçlarını qarışdırdı. Cek meşə, əcdadlarının – vəhşi canavarların – tutqun xatirələri onu ibtidai həyatına qaytarana qədər insana məhəbbətində sadiq qalmış Bak adlı nəcib itin hekayəsini oxuyurdu. Cek oxuyurdu və sükut daha da dərinləşirdi. Mütaliə gecəyarısı qurtardı”

Bu sətirləri oxuyanda bir arzum var idi: o qonaqların arasında kaş mən də olardım.

Vatikan. Müqəddəs Pyotr Bazilikası.

Üçüncü əsər “İztirab və vəcd” (“The Agony and the Ecstasy“) oldu. Bunu şəxsən özüm mütaliə etməmişdim. Sevinc oxuduqca maraqlı yerləri mənə göndərirdi. Maraqlı yerlər isə kifayət qədər çox idi. Vatikana səyahətimiz zamanı Mikelancelonun şah əsəri olan Sikstin kapellasını isə görə bilmədim. Səbəb: şort geyindiyimdən içəri buraxılmadım. Amma Florensiyanın simvoluna çevrilən və Mikelancelo əllərinin məhsulu olan gənc Davidin heykəlini gördüm (hədiyyəlik kiçik heykəlciklər şəklində).

Üç əsər və üç həyat. Van Qoq axtarışı, Cek London mübarizəsi, Mikelancelo iddiası. Bilmirəm, həqiqətən elədir, yoxsa bu sadəcə məndə yaranan təəssüratdır? Sanki Stoun sevdiyi, ən azından, pərəstiş etdiyi şəxslər haqda yazıb. Yoxsa onları səhvlərində belə bu qədər mükəmməl təsvir edə bilməzdi. Yazıçıya qarşı hörmətim “oxunası kitablar siyahıma” onun başqa əsərlərini də əlavə etdirmişdi.

Və gözəl bayramların birində Sevinc mənə İrvinq Stounun “Yunan xəzinəsi” (“The Greek Treasure“) əsərini hədiyyə etdi. Kitab Troyanı tapan Henrix Şliman haqda idi. Elə mütaliəyə başladığım ilk dəqiqələrdən etibarən səhifələrin bir-birini çox gec əvəzlədiyinin şahidi oldum. Yorucu və darıxdırıcı idi.

Henrix və Sofiya Şlimanın toy şəkli

Elə birinci hissədən əsərin sonuna kimi Şlimanın hərəkətləri məni hirsləndirirdi: yunan dostundan ikinci evliliyi üçün sifariş etdiyi qız, bu qızın hansı özəlliklərə malik olmasını vurğuladığı tələbat siyahısı, öz arzularından başqa digər mövzularda nümayiş etdirdiyi xəsisliyi (bu xüsusiyyəti kişiyə heç yaraşdırmıram), heç kimin, arvadının belə istəkləri ilə maraqlanmaması, ətrafında olan hər kəsin yalnız onun şıltaqlıqları üçün yaşamalı olduqlarını fikirləşməyi, özündən yüksək pillədə duranla qul kimi, özündən alçaq pillədə duranla ağa kimi rəftarı, bütün problemləri və çətinlikləri pulla həll edə biləcəyini düşünməyi, nəzəriyyəçi alimləri paxıl hesab etməyi, şöhrət və ad qazanmaq üçün hər üsula əl atmağı, obyektiv və ideyalarına zidd fikirlərlə razılaşmamağı və s.

Henrix Şlimanın arvadı Sofiya Şlimana yazdığı məktub
Aqamemnonun maskası. Priam xəzinəsi.
Sofiya Şlimanın tapılan qızıllarla şəkli.

Şliman da Van Qoq, Cek London, Mikelancelo kimi arzularının arxasınca gedirdi, arzularına aludə olmuşdu, arzularını həyata keçirmək üçün dəridən-qabıqdan çıxırdı, amma Stounun ideallaşdırmaq cəhdlərinə baxmayaraq, o digər üçü kimi gözümdə yüksələ bilmədi. Çünki inadı və tərsliyi ucbatından özü öz arzularını məhv etdi: qazıntılar zamanı tez nəticə əldə etmək üçün Troyanın yerləşdiyi qatı korladı.

Tapdıqları, tapdıqlarına verilən adlarla düz gəlmədi: Aqamemnonun maskası, Priamın xəzinəsi və Troya şəhəri. Maska, xəzinə və şəhər var idi, amma daşıdıqları adlara uyğun deyildilər.

Vərdiş 
Belə bir vərdişim var. Mütaliə prosesində ətrafımda baş verənləri səhifələrin kənarına qeyd edirəm. Məsələn:

  • 104-cü səhifədə 05.05.2013 tarixli belə bir qeyd var:
“Aşkların en güzeli” çalındı, Orxan məni qucaqladı,
səni sevirəm deyib öpdü.
  • 138-ci səhihəni oxuyanda isə fonda gedən kinonun (“Sevgi bayramı”/”Feast of love”, 2007) sözləri yazılıb: Əfsanə var. Tanrılar darıxırlar və insanları yaradırlar. Amma yenə darıxırlar və məhəbbəti yaradırlar. Sonra özlərinə də insanları sevmək haqqı tanıyırlar və beləliklə gülüş əmələ gəlir”. Məhz bu səhifədə troyalılara qalib gəlmək üçün dəniz tanrısı Poseydonun axeylilərə kömək etməsi haqda Şlimanın söhbətləri yer alır. Təsadüf-zərurət anlayışına daha bir nümunə.
  • 378-ci səhifədə isə belə bir qeyd: “İlham Əkbərli vaqonun o biri başında kitab oxuyur”

Müşahidə

Hisarlıq

Türkiyənin Hisarlıq bölgəsində qazıntılara başlayan Şliman özünə köməkçi tutur: Yannakis (onu “Ququ quşu yuvasının üzərindən uçarkən” əsərindəki hinduya oxşadırdım). Yannakis qazıntılara əvvəlcə yunanları cəlb edir, amma onların pul müqabilində belə bayram və istirahət günləri işə çıxmadığını görən Şliman özündən çıxır. Hamısını qovur və onların yerinə türkləri çağırır. Və razı qalır. Türklər üçün əsas puldur. İstirahət etməsələr də olar.

Sevimli sitatım:

Yaxşı şeylər yaz – onda burda günəş mənə daha parlaq şəfəq saçacaq

p.s. Bu kitabı oxumağa başladığım gün düz evimizin yanında “Troya” adlı çay evi açıldı:

p.p.s.s. Stoun kimi uzunçuluq elədim.