“Oskara namizədlər” arasından “Avqust: Oseyc qraflığı” filmini seçməyimə, çox güman ki, filmin adı (həyatda ən çox istədiyim iki nəfər avqustda anadan olub) və üzqabığında Meril Stripin şəkli səbəb oldu. Filmi o qədər çox bəyəndim ki, əsasında çəkildiyi pyesi (müəllif Treysi Letss 2008-ci ildə bu əsərə görə Pulitzer mükafatı alıb) oxumaq qərarına gəldim. Pyeslərin ekranlaşdırılması zamanı süjet xəttindən çox kənara çıxılmaması və dialoqların çoxunun ssenariyə daxil edilməsinin dəfələrlə şahidi olmuşam. Amma buna baxmayaraq, əsəri də oxudum. Və bir daha müşahidələrimdə haqlı olduğumu gördüm. İkisindən birini etməyiniz kifayətdir: ya filmə baxın, ya əsəri oxuyun. Vaxtınız varsa, hər ikisini edin. Peşman olmazsınız.

Hadisələr intihar etmiş atanın yas mərasiminə yığılan ailə üzvlərinin bir-neçə gün bir dam altında yaşamalı olacaqları evdə cərəyan edir. Hadisələr deyəndə ki… Əsərdə bir hadisə var, o da intihardır. Bu intiharın ortalığa çıxardığı sirlər isə xatirələr, peşmanlıqlar, kədər və məyusluqdan başqa bir şey deyil. Zatən bədbəxt insanları bir yerə yığsan, bundan yaxşısını da ala bilməzsən. Hələ bu bədbəxt insanlar bədbəxtliklərinin səbəbini başqalarında görür, bu işdə başqalarını günahlandırırlarsa. Tərk edilmiş qadınlar, xəyanət edən kişilər, üsyankar uşaqlar…sanki şərait və şərtlər yaxşılaşsa da, qalan heç nə dəyişməyib. Aldadılan qadının qızı da aldadılır, üsyankar qadının qızı da üsyan edir, xəyanət edən kişinin kürəkəni də xəyanət edir. Başımıza nə gəlirsə, hamısı “dəyişməyən heç nə”lərə görədir. Onların yaxşılaşmaması diləyi ilə.

Bu kitabı bir sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Bəlkə “tənhalıq” – yaxınlarının xoş gününə, sevincinə belə səni hirslə baxmağa vadar edən tənhalıq.

Siz getdiniz, Siz getdiniz, Siz getdiniz, Siz getdiniz…

Bəlkə “ittiham” – hər şeydə özündən başqa hamını günahlandırmaqla sakitləşəcəyini, çarə tapacağını düşünmək.
Bəlkə “xoşbəxt olmaq istəyi” – “bədbəxt olmamaq” ilə “xoşbəxt olmağı istəmək” arasındakı o böyük fərq kimi. Birinci daha asandır. İkinci  isə bütün ömrümüzü alır.

Sevimli sitatım:

Pərvərdigara, yaxşı ki, gələcəyi görmə qabiliyyətimiz yoxdur.
Yoxsa heç vaxt yataqdan qalxmazdıq. 

p.s. Ssenariyə salınmayan iki kiçik səhnəni və bəzi xırda dialoqları nəzərə almasaq, demək olar ki, eyni şeydir. Amma məndə belə bir təəssürat yarandı: sanki film Barbara (Culia Roberts canlandırır), əsər isə Violet (Meril Strip canlandırır) haqdadır.

 p.p.s.s. 2013 həyatıma sevmədiyim aktrisalara valeh olmaq ili kimi düşdü. Ketrin Zeta-Consdan sonra ikinci Culia Roberts oldu. Məhz bu roluna görə.