Elə insanlar var ki, həmişə başqa ölkələrdə, başqa şəhərlərdə xoşbəxt olacaqlarına inanırlar. “Daha xoşbəxt” yox, sadəcə “xoşbəxt”. Onların həyatı ağ və qara zolaqdan deyil, qara və boz zolaqdan ibarətdir. Onlar zəif komandanın güclü qapıçalarıdır: mövqelərində tayı-bərabərləri yoxdur, amma həmişə böyük hesabla məğlub olurlar. Bəxtsiz deyillər, “bəxtsiz” kəliməsinin sinonimidirlər. Onlar bütün kəlimələrin sinonimidirlər. Cümlənin “və s.”ləri, yeri səhv düşmüş durğu işarələri, vurğusu həmişə inkar şəkilçisinə düşən isimlərdir. Qeyri-peşəkarların əlinə düşmüş alətdirlər: düzgün istifadə olunmayınca korşalan, korşaldıqca ümumiyyətlə istifadə olunmayan.  Amma heç vaxt tullanmayan alət – həmişə “birdən lazım olar”lardırlar. Həmişə nəyinsə bir addımlığındadırlar. Bütün işlərini planlı şəkildə görürlər, planlarını isə həmişə özlərindən ağılsızlar pozur.

Bir filmdə (“İl Mare”, 2000) deyilir ki, heç kim üç şeyi gizlədə bilməz: öskürəyi, yoxsulluğu və məhəbbəti. Onları gizlətməyə çalışdıqca, onlar özlərini daha çox büruzə verir. Yuxarıdakı insanlar bu sitatdan bixəbərdirlər.