Sırf simasına görə əsərlərini oxumadığım yazıçılar var. Üstəlik, bu yazıçı dəbdədirsə, adına rast gəldiyim hər yerdən yan qaçıram. Orhan Pamuku, Qabriel Qarsia Markezi, Çak Palanniki belələrinə nümunə çəkə bilərəm. Birinci ilə münasibətlərə aydınlıq gətirdiyim halda (http://blue-foxfolks.blogspot.com/2012/01/mnim-koynyim-qrmz.html), ikinci hələ də mənim üçün “qara qutu” olaraq qalmışdı.

Düzdür, daha əvvəl Markezin “Hüznlü fahişələrimin xatirəsi” əsərini oxumuşdum. Cavanlığında bir sürü qadınla yatan, qocalığında cavan bir qıza “aşiq olan” qoca – düşünmüşdüm ki, Markezin qələmi daha kəskin şeylər yaratmağa qadirdir. O ümidlə “Vəba günlərində eşq” romanına başladım. Bu romanı seçməkdə əsas məqsəd isə annotasiyadakı bu cümlə oldu: Müəllifin Nobel mükafatı aldıqdan sonra qələmə aldığı ən pozitiv əsəri. Əsasında çəkilmiş filmi təxminən 1-2 il əvvəl izləmiş, maço obrazların qənimi Xavyer Bardemi utancaq Florentina Arisa rolunda görüb bir xeyli gülmüşdüm.

Əziz Rzazadənin tərcüməsinin verdiyi əzab bir tərəfdən, Markezin təkrarçılığı, uzunçuluğu bir tərəfdən…

Magik realizmin dahi nümayəndəsi: magizm ümumi süjetdə idi – 51 il, 9 ay, 4 gün bir qadını, Fermina Dasanı gözləmək, realizm isə detallarda – 52 ilə yaxın bir müddətdə 300-dən çox qadınla yatmaq. Danışan nə feminist, nə də romantik damarımdır. Qəzəbləndirən Markezin əsərlərindən sonra özümü çirkli, tərli, pinti, bədbin hiss etməyimdir. Sanki kitabı açdığın ilk dəqiqədən son cümləyə kimi burnuna sidik, kanalzasiya iyi gəlir, sanki dünya yataq və cinsi əlaqə ətrafında fırlanır (əslində elədir), sanki Latın Amerikasının bütün qadınları tanımadığı kişinin (bizim halda, “kölgə” Florentinanın) qoynuna atılmağa bəhanə axtarır.

Süjetə məna qatmayan, yenilik gətirməyən, heç bir obrazın açılmasına xidmət etməyən yataq səhnələrinin məcmusu: Markezin təqdimatında “FlorentinaSutra“. Müəllifi həmişə şəkillərdən pedofilə oxşatmağımın səbəblərini də tapdım. Oxuduğum hər iki əsərində qoca kişi ilə balaca qız uşağının əlaqəsi təsvir edilir. Və sonra həyatını araşdıranda məlum oldu ki, həyat yoldaşı Mersedes ilə evlənəndə xanımının 13 yaşı olub. Bəli, “sima instinktim” heç vaxt məni aldatmır.

Bununla yanaşı, yuxarıda adı çəkilən ifrazat maddələrinə aid olmayan təsvirləri çox güclüdür (“…ona rəsmlərindən daha çox bənzəyən şlyapalarını…“). Qəribədir, dialoq sevən mən, dialoqun azlığını hiss etmədim. Markez qəhrəmanlarını təsvirlərlə, səssiz düşüncələrlə danışdıra bilən yazıçıdır.

Bəlkə onu sevməməyimin səbəbi hələ yetəri qədər böyüyəməməyimdir? Bəlkə hələ də dünyaya çəhrayı eynəklərdən baxıram? Bəlkə artıq 13 yaşlı qızların qoca kişiləri tovladığı dövrdür? Mənim onun yaradıcılıq fəaliyyətinə münasibətimdən asılı olmayaraq, Markez həmişə oxunulacaq. Çünki kişilər üçün yazır. Kişilər isə cəmiyyətin mütaliə zövqünü formalaşdıran cinsdir.

Sonluq  
    sevimli sitatım: 

“Yaddaşı olmayan onu kağızdan düzəldir”. 

   sevimli saundtrekim: 
https://www.youtube.com/watch?v=MZPJ8o_PFPk