Oxuduğum əsərlərdən ən yaddaqalan və parlaq bacı obrazlarını qeyd etmək istədim.

1. “Qürur və qərəz” (“Pride and Prejudice”) – Əlbəttə ki, bacı deyən kimi ağıla ilk gələn Ceyn Ostin qəhrəmanlarıdır. Əsərdə Bennetlər ailəsinin beş qızı (Ceyn, Elizabet, Meri, Lidia, Kitti) olsa da, ən güclü bağlar Ceyn ilə Elizabet arasındadır. Məhz Ceyn müəllifin bacısı Kassandranın prototipidir. Mən də Ceyndə doğmalıq görmüşdüm. Belə ki, mehriban, xeyirxah, sakit olduğuna görə bacım Ayselə oxşatmışdım.

2. “Ağıl və həssaslıq” (“Sense and Sensibility”) – Yenə də xanım Ostinin başqa bir əsəri. Deşvudlar ailəsində üç mehriban bacı (Elinor, Meriam, Marqaret) böyüsə də, müəllif iki böyük bacının münasibətlərini xüsusi məhəbbət ilə vurğulayır.

3. “Avqust: Oseyc qraflığı” (“August: Osage County”) – Treysi Lettsin qələmə aldığı pyesdə iki nəslin bacıları təqdim edilir: qoca nəsil bacıları – Violet və Metti Fay, cavan nəsil bacıları – Violetin qızları olan Barbara, Ayvi, Karen. Birincilərdə doğmalıq hiss olunsa da, ikincilər haqda bunu demək olmur.

4. “Pasxa paradı” (“The Easter Parade”) – Riçard Yeytsin təsvir etdiyi bacılar – Sara ilə Emili isə başqa-başqa dünyaların insanlarıdır.

5. “Və dağlardan səda gəldi” (“And the Mountains Echoed”) – Xalid Xosseyni də Riçard Yeyts kimi gözəl bacının kölgəsində özünü idbar hiss edən digər bacının yaşadıqlarından yazıb. Doqquz həyat hekayəsindən ibarət olan bu əsərin bir hekayəsi əkiz bacılar Pərvanə və Məsumə haqdadır.

6. “Arzu adlı tramvay” (“A Streetcar Named Desire”) – Müəllifi Tennesi Uilyams olan bu pyesdə bacısının evinə gələn Blanşın ruhi vəziyyətindən danışılır. Fədakar bacı Stella Blanş ilə əri Stenlinin arasında qalır, ərini incitmədən bacısını qorumağa çalışır.

7. “Aysel” – Bu da mənim payıma düşən bacı nümunəsidir. Və bu paya görə nə qədər təşəkkür etsəm, azdır. İki yaş kiçik olmasına baxmayaraq, məndən iki dəfə müdrikdir, mehribandır, xeyirxahdır, gülərüzdür, səbirlidir. “Əksliklərin vəhdəti” qanunu kimiyik. Mən ona yaxşılıqda, o mənə pislikdə həddi aşmamağı öyrədirik.