Həmişə Aynurla Orxana deyirdim ki, mənə sürpriz kitab hədiyyə etməyən yeganə yaxın adamlar sizsiniz. Maraqlı idi – görəsən, mağazadakı yüzlərlə kitabın arasından mənə yaraşdırıb əllərini uzadacaqları üzqabığı hansı olacaq? Aynurun yaraşdırdığı bu olmuşdu:

Kutzeeni niyə bu qədər gec tanımışam? Buker mükafatına iki dəfə layiq görülmüş ilk yazıçı, bu mükafatların heç birinin təqdimetmə mərasimində iştirak etməyən, Nobel nitqində Robinzon Kruzodan danışan, ingilis dili ilə yanaşı riyaziyyat sahəsində bakalavr təhsili üzrə qırmızı diplom alan, bir müddət Londonda IBM şirkətində proqramçı kimi çalışan, Texas Universitetində Samuel Bekket yaradıcılığı üzrə dissertasiya müdafiə edən, Vyetnam müharibəsinə qarşı çıxış etdiyinə görə “greencard”dan məhrum edilən Kutzeenin üslubu da özü kimi qeyri-adi idi. Bu qədər qeyri-adiliyinə rəğmən bu qədər doğma gələn üslub, bu qədər hörmətəlayiq həyat tərzi. Qısa cümlələrdəki uzun fikirlər, ironiyasındakı dərinlik, riyaziyyatçı olduğu ölçüb-biçdiyi hər sözündən bəlli olan Kutzeenin “ağır” qələmi içimə bir ağırlıq gətirdi. Mütaliədən sonra uzun müddət götür-qoy elədim, uzun müddət var-gəl elədim, amma yenə də 296 səhifə əvvəlki vəziyyətimə geri qayıda, ilk səhifələri oxuyanda beynimin içindəki “bu nə bayağılıqdır?” sualını verə bilmədim.

Hadisələr post-aparteid CAR-da vaqe edir. “Sex adiction”dan əziyyət çəkən ədəbiyyat müəllimi Devid Luri (52 yaş) tələbəsi Melani İsaaksla (20 yaş) intim münasibətdə olduğu üçün bütün həyatı alt-üst olur. Universitetdən qovulur, yaxınlarının, dostlarının qınaq obyektinə çevrilir. Çıxış yolunu kənddə yaşayan lezbiyan qızının yanına getməkdə görür. Və həyatının ən böyük şilləsini də elə burda alır: qızı 3 qaradərili tərəfindən zorakılığa məruz qalır. İndi qarşıya belə bir sual çıxır: dəstək almağa gəldiyi halda Devid özü dəstək ola biləcəkmi?

Şəhər ilə kəndin, ata ilə övladın, ağ ilə qaranın, dəyərlər ilə instiktlərin qarşı-qarşıya gəldiyi və hər iki tərəfin məğlub olduğu bu əsərdə yazıçı bir daha sübut edir ki, günahkar cəzasını heç vaxt tək çəkmir, bu prosesdə həmişə əzizi, ən çox sevdiyi ona yoldaşlıq edir.

Heç olubmu əsərdəki heç bir obrazı bəyənməmisiniz? Bu şəxslər bir-birinə zidd olsalar da, müxtəlif cəbhələrdə vuruşsalar da heç birinə haqq qazandıra bilməmisiniz? Rəhm etmək istəmisiniz, amma ağızlarından çıxardıqları hər növbəti sözə görə üzlərinə tüpürmək istəmisiniz? Məndə məhz bu əsərdə belə oldu.

Devid Lurini niyə sevmədim? – “Müəllim belə olmamalıdır” ifadəsinin canlı prototipi olduğu üçün.
Lüsini niyə sevmədim? – O qədər daxili gücünə, mübariz ruhuna rəğmən, həyatındakı ilk bədbəxt hadisədən sonra sındığı, cəsarəti çatıb həyata meydan oxuya bilmədiyi üçün.
Bav Şounu niyə semədim? – İnsan sevdiyini “pis ölüm”dən qorumaq üçün ona “yaxşı ölüm”ü seçə bilər. Bunu mənə sübut etdiyi üçün.
Petrusu niyə sevmədim? – Hərəkətlərindəki “söhbət Afrikadan gedirsə, bütün bədbəxtlikləri normal qəbul eləməlisən” sayağı tərzinə görə.
Melani İsaaksını niyə sevmədim? – “Amerikansayağı gözəllik” (“American Beauty”, 1999) filmindəki tələbə qızı xatırlatdığı üçün.

Əsər əsasında 2008-ci ildə lentə alınmış filmə (“Disgrace”) də baxdım. Devid Lurinin incə ironiyasına qulaq vermək istəməyənlər, filmə baxsalar, heç nə itirməzlər. Süjet tamamilə qorunub saxlanılıb. Con Malkoviçin yaradıcılığına duyduğum bütün hörmətə baxmayaraq, professor rolunda Ceremi Ayronsu görmək istərdim. Yəqin “Lolita” filmində yaratdığı o möhtəşəm obrazına, üzündən oxunmayan “əclaflığına” görə belə xəyallara dalmışam.

Əsərin sonlarına yaxın ata ilə qızın arasında belə bir dialoq keçir:

– Rüsvayçılıqdır,- nəhayət, o dillənir. – O cür ümidlər bəsləyəsən, axırı da belə ola.
– Hə, razıyam, rüsvayçılıqdır. Amma bəlkə də, bu, yaxşı başlanğıc nöqtəsidir. Bəlkə də, mən vəziyyətimlə barışmağı, sıfırdan, heç nədən başlamağı öyrənməliyəm. Yox, heç nədən yox. Heç nəsiz. Kartsız, silahsız, mülkiyyətsiz, heysiyyətsiz.
– İt kimi.
– Hə, it kimi.

İti isə öldürürlər. İnsan kimi.