Karin Alvtegenin üslubunda bəyəndiyim yeganə cəhət – qəhrəmanın ürəyində hadisələrin gedişatına bir cümlə ilə münasibət bildirməsidir. Bu cümlələr də adətən tikanlı sözlərlə zəngin olur.

Sonluğun nə olduğunu təxmin etdiyim, dilindən bəzən yorulduğum, gözlənilən “priyom”lardan bezdiyim halda yükləyib mütaliə etdiyim 2-ci əsəri “İtki” adlanırdı. 1-ci əsərinin adı – “Xəyanət” – qədər qısa və çoxmənalı başlıq. Müəllifi olduğu digər 5 əsərin hamısı 1 sözlə (isveç dilində bütün sözlər “S” hərfi ilə başlayır) adlandırılıb.
     

“Saknad” (“İtki”), 200
“Skam” (“Utanc”) , 2005 
“Skugga” (“Kölgə”), 2007
“Skuld” (“Günah”), 1998
“Svek” (“Xəyanət”), 2005

“İtki” – həyatındakı hər kəsi və hər şeyi itirmiş bir qadının arzularını itirməməsi üçün apardığı mübarizədən bəhs edir. Həyat sübut edir ki, tək arzularla yaşamaq çətindir, bu arzulara çatmaq üçün mütləq yanında sənə dəstək olan adam olmalıdır. Bu adam 14 yaşlı uşaq olsa belə.

Hərdən heç kimin sizə inanmadığı halda bircə nəfərin sizə etimad göstərməsi, güvənməsi kifayət edir ki, uçurumun kənarındakı o “məşhur” budaqdan yapışasan. Bu güvənən adam 14 yaşlı uşaq olsa belə.

Deyirlər ki, insan itkilərlər böyüyür. Yıxıla-yıxıla böyüyən uşaq kimi. Amma bu böyümək bizi uşaqlıqdan və insanlıqdan uzaqlaşdırır. Yaralarla yaşamaq çətindir. Ən çətini isə itkilərin vurduğu yaralardır.

Belə bədbin notlarla ayrılmamaq üçün bir məsələni də qeyd edim ki, bəzən arzulara çatmaq üçün varlı və nifrət etdiyiniz atanızın ölərkən sizə qoyduğu miras da kifayət edir.