Yapon müəllifləri ölümdən, yoxsulluqdan, xəstəlikdən, qəzadan, fəlakətdən yazsalar belə, üslublarında oxucunu sakitləşdirən, oxucuya hüzur verən, oxucunu vəlvələyə salmayan nüanslar olur. Sanki yapon ədəbiyyatı nümunələrinin üz qapağına semisendə ifa edilmiş musiqi əsərlərindən ibarət CD yapışdırılır. İnsan bu CD-ə qulaq asdıqca yuxarıda qeyd olunan heç bir bədbəxtlikdən qorxmur, bədbəxtlik qeyri-adi hal kimi deyil, ümumi fəlsəfənin bir hissəsi kimi gəlir. Yapon ədəbiyyatında faciələr “məişətləşir”.

C.London, C.Qolsuorsi mübarizə aparmağı, C.Steynbek, C.M.Kutzee seçim etmənin zəruriliyini, R.Taqor ram olmağı, tabe olmağı öyrətdiyi halda, X.Murakami, Y.Mişima kimilər razılaşmağı və qəbul etməyi öyrədir.

Bəlkə də bu dörd “dərsin” özü həyatımızı təşkil edən yüksəlişin (eniş – ?) mərhələləridir.

Nəticədə oxucu yazıçı seçimində olduğu kimi, həyat seçimində də qərarını anın təsiri ilə vermirmi? Qum saatında qum olmaq? Yoxsa axan çayda su olmaq? 

Və seçimi nə olursa, olsun, insan kitab oxuyursa, istənilən qərarına haqq qazandıra bilir.