Həyatımız aşağıdakı verilməməsi gərəkən sualları cavablandırmaqla keçir.

“Ananı çox istəyirsən yoxsa atanı?”
Dil açandan on yaşına kimi verilən, üzə sızanaqlar çıxmağa başlayan kimi dərhal unudulan bu sual insanın sevərkən də seçim etməli olduğunu göstərən ilk acı həqiqətdir. Ya da qanmaz qohumların həmişə sənin şəxsi həyatına, seçimlərinə, ələlxüsus hisslərlə bağlı seçimlərinə qarışacağına bir işarədir.    
“Məktəbdə sevdiyin var?”
Adətən oğlan uşaqlarına ailə ziyafətləri zamanı, sakitlik düşəndən sonra ünvanlanan, həmin gəncin qızarmasına səbəb olan bu sualın qızlara verildiyini nə öz təcrübəmdə görmüşəm, nə də belə bir hadisəyə şahid olmuşam. Yəqin qohumlar qızların elə həmin dövrlərdə xatirə dəftəri tutub həmin sualla rəfiqələrinə müraciət etməsi faktından xəbərsizdir.
“Hansı qrupa verəcəksən?”
Elə ki, orta təhsil müəssisələrində son siniflərə çatırsan, peşəsindən, ixtisasından asılı olmayaraq, bütün qohumların səni görərkən verdiyi və cavabını elə oradaca unutduğu bu sualı belə təhsil sistemi üçün gözəl başlanğıc hesab etmək olar. Bu dövr başqa suallarla da yadda qalır: “Müəllim yanına gedirsən?” – əslində atanın aylıq əmək haqqını hesablamaq üçün dolayı üsuldur, “Sınaqlardan neçə yığırsan?” – isə atanın aylıq məvacibinin boşa getdiyini görmək üçün birbaşa üsuldur.
“Universitetə neçə balla girdin?”
Bu sualı mən redaktə etmişəm. Neçə ildir adları dəyişilməsinə baxmayaraq, qohumlar hələ də universitetlərə “institut” deməkdə israrlıdır. Bu sualın verilmə səbəbi isə hamıya məlumdur: cavab verən şəxsin ağzından çıxan ədədi həmin şəxsin “Lying Quantity” göstəricisi hesab etmək olar.
Bu dövrün digər ənənəvi sualı “Kəsirlərə nə qədər pulun çıxdı?” da atanın aylıq məvacibini dolayı yolla hesablamaq üçündür.
“Maaşın nə qədərdir?”
Bəxtin gətirib işləyirsənsə, hərçənd bu faktı nə qədər “bəxtlilik” əlaməti saymaq olar, onu bilmirəm, bu sualı hər zaman, hər yerdə, hər kəsdən eşidəcəksən. Səbəb isə məlumdur: atandan və dolayı yollardan yorulanlar sənə keçmək istəyirlər, özü də birbaşa yolla.
Cavabdan asılı olaraq verilən növbəti(!) sual fərqlənir. Zira cavab verməmək kimi bir imkanınız yoxdur. Azərbaycanda “sual verən qohumlar” təbəqəsinin lüğətinə “susmaq haqqı” deyilən bir ifadə daxil edilməyib.
Maaşınız azdırsa və ya qarşı tərəfə az gəlirsə, “Çax-çuxun olur?” sualını eşitməyə hazır olun. Yox əgər qohumunuzun hər həftəsonu sizi “Amburan Beach”də təsəvvür edəcək qədər çox məvacib alırsınızsa, mütləq “Özünə bir şey eləyə bilmisən?” sualı səslənəcək.
“Tək gedib gəlirsən?”
Bu sual tanış gəlməyə bilər. Bu, bibimin “Bişey mişey var?” sualına alternativ olaraq səsləndirdiyi versiyadır. Bütün qohumların vəlvələyə düşüb səni “el adəti ilə” evləndirmək istədiyi dövrdə verilən bu sual bir də evlənəndən bir ay sonra başqa məqsədlə verilir. Qohumların hisslər dünyasından anatomiya elminə bu qədər tez sıçrayış etməsi hər bir gənc cütlüyü təəccübləndirdiyi qədər, zəhləsini töküb kədərləndirir. Kədərlənməyənlər isə bu suala hər iki dövrdə müsbət cavab verənlərdir.
“Nə vaxt gələcəklər?” / “Nə vaxt gedirik?”
Ən azı 3-4 tanışın səni əks cinlə gördükdən sonra ev sakinlərinin gərginliklə verdiyi sual daha sonrakı mərhələlərdə yerini “Nişanı evdə edəcəksiniz?”, “Ağ qızıldır?”, “Neçə maşın gəlmişdilər?”, “Oğlan işləyir? Maşını, evi var? Çəkib eləmir ki? Bəs içməyi necə?” (bunların birnəfəsə deyilməsi şərtdir), “Filankəsi çağırmasaq, ayıb olmaz ki?”, “Niyə filankəs durub oynamadı?” kimi suallara verir.
“Özün yoxsa qeysəriyyə?”
Hamiləliyin son aylarında verilən bu sualı da mən redaktə etmişəm. Çox vaxt ikinci variant kimi “keserka” variantı səsləndirilir. Sual ünvanlayanın hamilə qadından böyük olması zəruri şərtdir. Cavabdan asılı olmayaraq, həmişə “təbii üsulla daha yaxşıdır…” önsözlü, murdar və iyrənc doğum səhnələri ilə zəngin məsləhət eşitməli olacaqsınız. Doğuşdan sonra isə “Nə qədər xərciniz çıxdı?” sualı, “Analı, atalı böyüsün” arzusu ilə yarışa girəcək.
 Fikir verdinizsə, suallarda “neçə”, “nə qədər” əvəzliklər çoxluq təşkil edir. Sevindirici haldır – bir gün azərbaycanlıların rəqəmlərlə bağlı digər məsələlərdə də belə canfəşanlıq göstərəcəklərinə ümid oyadır. 
P.s.
“Namazı necə qılırsan?”
Bu da dini məsələlər üzrə qohum komissiyasının sevimli sualıdır. Qəribəsi odur ki, əlinə heç vaxt dinlərin tarixi ilə bağlı kitab almayan hər kəs dəstəmaz, zəkat, cihad, həcc mövzularında silahlı qəhrəmanlara çevrilir.
NTV kanalının məşhur aparıcısı Leonid Kanevski demiş, bu isə artıq başqa mövzudur.