Tomas Hardi əvvəl xətrini çox istədiyim, indi zəhləm getdiyim bir insanın sevimli yazıçısı idi. Məni də bu yazıçı ilə o “zəhləmgetmiş” tanış etmişdi. Ondan mənə qalan tək-tük yaxşı şey. 
Hardinin “Gözəgörünməz Cudu” bütün depressiv ab-havasına baxmayaraq, sevimlilər cərgəmə düşmüşdü. Sonra Sevincin təkidi ilə “D’erbervill nəslindən olan Tess”i oxudum və bütün əsər boyu Aleksin var-yoxunu, nəsil-əbəcdadını söyməklə məşğul oldum.
Tez-tez Kinopoisk.ru saytına girib, son treylerləri izləmək kimi pis vərdişim var. Çılğın qələbəlikdən uzaq” (“Far from the Madding Crowd”) filmi diqqətimi çəkdi. Məlum oldu ki, film T.Hardinin eyniadlı əsərinin motivləri əsasında ekranlaşdırılıb.
Kinoteatrlarda film izləyə bilməmək kimi daha bir pis vərdişim var. “Pop-corn” səsindən, seansa gec gələn tamaşaçıların yer tapmaq üçün telefonları ilə oturacaqlara işıq salmasından, pıçıltıdan, uzunboy insanın həmişə gəlib qarşımda oturmasından əsəblərim korlanır. Özümə qayda çıxarmışam. Dolayı yolla bu qayda ilə səbrimin dərəcəsini də ölçmüş oluram. Film kinoteatrlarda çıxan gündən düz 2 həftə sonra rus qardaşlarımız onu internetə yerləşdirir. Allah onlardan razı olsun.
Xülasə, dünən bu filmə baxdım. Divanda uzanıb yoqurt yeyə-yeyə. (“Parkcinema” rəhbərliyinə acıq vermək smayliki) İki saatlıq da olsa, Əhmədlinin boğanaq havasından, iylənmiş qarpız iyindən, it sürüsünün hürüşmə səsindən uzaqlaşıb özümü yaşıllığın arasında, təpələrin qoynunda tapdım. Zəlimxan Yaqubun yeri məlum. 
  
Təbiət səhnələri və musiqi mükəmməl, Kerri Maliqanı Qetsbinin quşbeyinli Deyzisindən sonra Skarlet O’Haranın “təhqir olunmuş versiyasında” görmək maraqlı idi. Skarletin film boyu “Tara, Eşli” dediyi kimi, Maliqanın qəhrəmanı Batşebe Everdin də “Ferma, Mister Ouk” deyirdi.
 

Bəxti gətirən Batşebe

 Pas və sümük” (“De rouille et d’os”), “Loft” filmlərində Mattias Şonartsdan (Mister Ouk) nə qədər acığım gəlsə də, bu filmdə ona aşiq oldum. Bir kişini saqqal və sevmək necə dəyişə bilərmiş. 
 

Saqqal və sevmək yaraşan Mister Ouk

Maykl Şinin qəhrəmanı Uilyam Boldvud isə filmdə ən çox yazığım gələn insan oldu. İnsanın ağlını başından alan məhəbbət insanı həm də zavallı göstərir.
 

Zavallı

Daha bir şeyi başa düşdüm ki, qadına bir neçə variant arasından seçim etmək imkanı verildikdə, nədənsə o, həmişə ən şərəfsiz, ən alçaq və ən layiq olmayanı seçir. Sonradan ağıllanan qadınların bəxti isə Batşebeninki kimi gətirməyə bilər.
 

Seçimlər kralı Şərəfsiz

Rəylərdən “Tomas Hardinin yeganə xoşbəxt sonluqlu əsəri” ifadəsini oxusam da, belə gözəl sonluq gözləmirdim, daha bayağı olacağını güman edirdim.