Darıxdırıcı olduğu qədər kasıb şəhərdir. Nə gəzməyə yeri var, nə baxmağa tarixi abidəsi, nə əylənməyə məkanları. Bir sözlə, bir az yaşıllığı olan Bərdə, ya da Şamlığı olmayan Şəki.
 
Telavidə qalmağımıza yeganə səbəb isə bu şəhərin Kaxetiya bölgəsinin tarixi yerlərinə yaxın olması idi. Sözüm odur ki, burada Mimino sevdası axtarmayın. Hərçənd biz də Telavi əvəzində Tel-Əvivdə olmaq istərdik.
Batonis-tsixe qalası – “Batonis-tsixe” köhnə gürcü dilində “cənabın qalası” deməkdir. XVII-XVIII əsrdə tikilib. Bir çox Kaxetiya krallarının əsas iqamətgahı olub.
Kompleksə qala divarları, Kaxetiya çarlarının bir neçə sarayı, iki kiçik kilsə, böyük hamam və tunel daxildir. Hündürlüyü 5 metr olan qala divarlarında müşahidə qüllələri də var.
Hamam dağılıb, yalnız hovuzu və isitmə sobası qalıb. 
Sarayların birində şəkil qalereyası fəaliyyət göstərir. Burada məşhur rus, italyan, fransız, holland və gürcü rəssamlarının əl işləri ilə tanış olmaq olar. Sarayda həmçinin etnoqrafik muzey var.
Bəli, bu qədər təriflədikdən sonra deyim ki, bunların heç birini görə bilmədik. Muzey təmirə bağlandığına görə suyumuz süzülə-süzülə qala divarlarının ətəyində şəkil çəkdirməli olduq.
II İraklinin (Erekli) heykəli  Düz qala divarlarının qarşısında yerləşir. İraklinin məqsədi Gürcüstanın feodal knyazlıqlarını vahid dövlət adı altında birləşdirmək, ölkəni iran-türk hökmranlığından xilas etmək, Gürcüstanı Zaqafqaziyada gücləndirmək olub. 
Daimi ordu təsis edib, boş rayonlara əhalinin məskunlaşdırılması ilə məşğul olub, qanunla feodalların hüquqlarına məhdudiyyət qoyub, Tbilisi və Telavidə məktəb və seminarlar açıb, Gürcüstanın Ermənistanla yaxınlaşmasına imkan yaradıb.
Ağa Məhəmməd şahın hücumundan sonra Telaviyə çəkilib və burada 1798-ci ildə dünyasını dəyişib. 
Bu heykəllə bağlı xalam qızı ilə aramda belə bir dialoq baş tutdu:
  Muzey işləmədi. Barı gedək kişi ilə şəkil çəkdirək.
  Hansı kişi ilə?
  Heykəl kişi ilə.
  Aynur, o II İraklidir.
  Nə fərqi var kimdir. Kişi deyil?!
Nadikvari park – Həyat yoldaşım yoldan ötən gürcüdən “Where is Nadikvari park?” soruşdu. Gürcünün cavabı isə Telavi səyahətimizin ən gülməli hadisəsi kimi tarixə düşdü. “Nadikvaaaaari?” deyə sualı təkrarlayan oğlan tez bir zamanda bənövşəyi miniona çevrilib yüksək səslə və sürətlə ünvanı başa salmağa başladı. İşin “məntiqli” tərəfi isə ondan ibarət idi ki, gürcü gənc ünvanı öz ana dilində izhar edirdi.
Deyilənlərə görə bura Telavi gənclərinin sevimli məkanı, şərab festivallarının keçirildiyi yerdir. Amma biz nə festival gördük, nə də gənc. Ya da Telavidə gənc qalmayıb.
Parkın bir tərəfində uşaqlar üçün karusel meydançası var idi. Aynurun xahişinə baxmayaraq, çoxluq karuselə minməmək qərarına gəldi.
Bizim parklardan fərqli olaraq,  bura mərmər döşənməmişdi. Təpədə yerləşdiyindən Tuşetiya dağlarına əla mənzərə açılır. Yuxarıda Nescafe-nin “3 in 1” qəhvələrinin verildiyi, yaxşı mənzərəsi, amma yüksək səsli fon musiqisi olan kafe fəaliyyət göstərir.
Və təbii ki, bütün Qafqazda olduğu kimi, burada da skamyalarda oturub, tum çırtlayıb, yeri qabıqlarla zibilləyənlər var idi.
800 illik çinar – 800 yaşı olan çinar ağacıdır. Nə deyə bilərəm ki? Heç nə. Müsbət cəhəti: yanında avropasayağı gənclərin toplaşdığı kiçik kafe var. Çinara baxa-baxa qəhvə içə bilərsiniz. Nə qədər gözəl tandem olduğunu bilmirəm. Çünki nə çinara baxdım, nə qəhvə içdim. Hələ çinara baxa-baxa qəhvə içməkdən heç danışmıram. 
 Bu da çinar haqqında əfsanə:

Qiymət: 50 lari (səhər yeməyi daxil)
Təmizlik: Əla
Yeməklər: Dadlı
İşçi heyəti: mehriban və gülərüz
Yadda qalan hadisə:
Hoteldə qaldığımız ikinci gecə azərbaycanlılığımıza salıb, bağçada oturub günəbaxan tumu çırtlaya-çırtlaya söhbətləşirdik. Elə bu dəm bizə yaxınlaşıb şam yeməyinin necə olduğunu soruşan və “dadlı” cavabını aldıqdan sonra stolumuza oturan baş aşpazla bir də gecə saat 2-də ayrıldıq. Söhbət əsnasında məlum oldu ki, 71 yaşlı dayı azərbaycan və erməni dillərində bilir.
  Nə qədər yaxşı bilirsiniz?
  Məni söyəndə başa düşəcək qədər.
Uzun müddət üzümə baxdıqdan sonra məni Sofi Lorenə oxşadan aşpaz mətbəxə keçib ordan əlində çaça şüşəsi və  şaftalılar ilə gəldi. Qeyd edim ki, çaça üzümdən çəkilmiş spirtli içki növüdür. Konsentrasiya baxımından arağa oxşayır. Ətrinə və dadına görə daha yüngül olsa da, kifayət qədər ağır içkidir (55-60%). Dayı söhbət edə-edə şaftalıları qəşəngcə soydu və doğradı. Sağlamlıq, dostluq və sevginin şərəfinə badə qaldırdıq. İlk dəfə idi çaça içirdim. Dadlı idi. Bəlkə ab-havanın da təəssüratlarımıza birbaşa təsiri var? 
 
Gün ərzində fasilələrlə 2-3 litr şərab içdiyini söyləyən dayı keflənsə də, sərxoş olmadığını xüsusi vurğuladı. Sonra isə “sizin” adlandırdığı Ömər Xəyyamdan bir cümlə sitat gətirdi: “Şərabı satan adam qarşılığında şərabdan qiymətli nə gözləyir ki?”
Sonda bizə 2 litr ev şərabı hədiyyə edəcəyini söylədi. Səhər yeməyində dayının əlində 2 şüşə şərabı görəndə atamın o çox təriflədiyi “Gürcü qonaqpərvərliyinə” öz gözlərimlə şahid oldum.
Məqsədim səyahət bloqu yaradıb mənasız məsləhətlər vermək deyil. Məqsədim nə vaxtsa yaddaşımı itirsəm, Orxanın başımı tovlayıb getdiyim yerlərə məni bir də aparmaması üçün əvvəlcədən tədbir görməkdir. Eyni zamanda təəssüratlarımı və xatirələrimi unutmamaq qarşıya qoyulan tapşırıqlardan biridir.
p.s.  Detallarda yaradıcılığı sevənlər üçün:
p.p.s.s. Primadonnanın kliplərində deyildiyi kimi, DAVAMI VAR…