1. Şübhəsiz, mövzumuza dəblə bağlı bütün siyahıların əvvəlində gələn “Tiffanidə səhər yeməyi” (“Breakfast at Tiffany’s”) filmi ilə başlamaq istərdim. Film 1961-ci ildə Truman Kapotenin (Truman Capote) eyniadlı romanı əsasında ekranlaşdırılıb. Romanını “Paramount” studiyasına satan müəllif baş rolda Merilin Monronu (Marilyn Monroe) görmək istədiyini vurğulamış, daha sonra Holli Qolaytli obrazına Odri Hepbörnün (Audrey Hepburn) seçildiyini eşidəndə bir xeyli təəccüblənmişdi.

Film daha çox Odri Hepbörn ilə Uber de Jivanşinin (Hubert de Givenchy) “dəb dərsləri” ilə yadda qalıb. İllər keçsə də, Hollinin sadə və eyni zamanda zərif qarderobu unudulmur. 

Qeyd edim ki, film çəkildikdən sonra qarderobun şah əsəri sayılan ağ mirvarilərlə bəzədilmiş qara əlbisənin üç ədəd surəti çıxarılıb: onlardan biri “Maison Givenchy”-də, biri “Museum of Costume in Madrid”/”The Museo del Traje”-də saxlanılır, digəri isə aktrisaya hədiyyə edilib. Xatırladım ki, surətlərdən biri 2006-cı ildə “Christie’s” hərrac evində 923 min dollara satılıb. 

Məhz bu film futlyar donların məşhurlaşmasına səbəb olub.

Aktrisa klassik Givenchy boyunlu ikicərgəli narıncı paltonun oxşar versiyalarını digər filmlərində geyindiyi kimi, şəxsi qarderobuna da daxil edib.

Ekran işi üzərində işləyən digər dizayner Edit Hid (Edith Head) isə Hollinin gündəlik (casual) obrazının yaradıcısı olub.

2. Marqaret Mitçellin (Margaret Mitchell) 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyniadlı romanı əsasında 1939-cu ildə çəkilmiş “Küləklə sovrulanlar” (“Gone With The Wind”) filmi süjet xətti və aktyor heyəti ilə bu gün də tamaşaçıların zövqünü oxşayır. Aktrisa Vivyen Linin (Vivien Leigh) yaratdığı Skarlet O’Hara (Scarlett O’Hara) obrazı nəinki xarakteri, eyni zamanda qarderobu ilə xanımların sevimlisinə çevrilib.

Skarlet korsetə etdiyi üsyan ilə xanımları inandıra bilmişdi ki, geyimlər gözəl olmaqla yanaşı, həm də  rahat olmalıdır.

Və qəhrəmanımızdan öyrəndiyimiz daha bir dərs var: “Gözəl görünmək üçün əlinizin altında olan hər şeydən istifadə edə bilərsiniz”. Skarletlə Mamminin pərdədən tikdikləri yaşıl libas kimi.

Bu filmə baxdıqdan sonra nəinki evinin pərdələrinə, həmçinin süfrə və yataq örtüklərinə parıltılı gözlərlə baxan çox qadın tanıyıram. 

3.  Amerikan yazıçısı Erik Siqalın (Erich Segal) 1970-ci ildə qələmə aldığı “Məhəbbət hekayəsi” (“Love Story”) adlı romanı tez bir zamanda bestsellərə çevrilmiş və  elə həmin il eyniadlı film işıq üzü görmüşdü. Əsərin baş qadın qəhrəmanı Cennifer Kavallerini (Jennifer “Jenny” Cavalleri) aktrisa Eli Makqrou (Ali MacGraw) canlandırıb. Film nəinki möhtəşəm saundtreki, eyni zamanda gələcək dövrlərə ilham mənbəyi olacaq libasları ilə xatirələrdən silinməyib.

Cenniferin tələbə geyimlərinə gətirdiyi zəriflik və rəng harmoniyasından dövrümüzün dəbli gəncləri sevə-sevə istifadə edir.

Aktrisanın filmdə geyindiyi qırmızı don isə “kiçik qara don”larla rəqabət aparmaq iqtidarındadır.

4. Müəllifi Fransuaza Saqan (Françoise Sagan) olan “Salam, qüssə” (“Bonjour Tristesse”) romanı əsasında 1958-ci ildə rejissor Otto Premingerin (Otto Preminger) çəkdiyi filmdə yay mövsümü üçün əla geyim nümunələri var.
Ekran işində dəlisov Sesil (Cécile) obrazında tamaşaçıları ilə görüşən Cin Seberin (Jean Seberg) libasları illərin sınağından keçib və öz aktuallığını qoruyub saxlayıb.

Sesilin mükəmməl qara libası isə Koko Şanel (Coco Chanel) məsləhətinin əla təzahürüdür.

5. Bir neçə dəfə ekranlaşdırılmış əsərlərin arasında öz şərəfli yerini qoruyub saxlayan “Böyük Qetsbi” (“The Great Gatsby”) romanının baş qəhrəmanı Deyzi Byukennen (Daisy Fay Buchanan) də stil ikonlarına çevrilmiş təxəyyül məhsullarından biridir.

Çoxsaylı Deyzilərin arasında Mia Farrou (Mia Farrow) və Keri Malliqanın (Carey Mulligan) yaratdıqları obrazlar “caz dövrünün” bütün ehtişamını əks etdirir.

 P.s. Bu yazı xüsusilə foxy.az saytı üçün nəzərdə tutulub.