Kitablara həsr olunan saytlardan ən çox sevdiyim sayt www.livelib.ru-dur. Üz qapağında qəhvə fincanı olan hər əsəri tərifləyib göylərə qaldıran türk kitab bloggerlərindən fərqli olaraq, bu saytdakı oxucuların zövqünə, rəylərinə və obyektivliyinə çox inanıram. Qısa sözün lap qısası, yaxın keçmişdə livelib.ru-da ötən il ən çox oxunan kitablar siyahısına baxdım və özüm üçün 4-5 əsər seçdim. Nə hikmətdirsə, birinci adını ən çox bəyəndiyim əsərdən başladım: “Vafli ürək“. Baxmayaraq ki, vaflini sevmirəm. 

Axırıncı dəfə nə vaxt belə bir əsər oxuduğumu dəqiq xatırlayıram. İki il bundan əvvəl əlimə aldığım “35 kq ümid“i mütaliə edərkən yaşadığım bütün hissləri yenidən yaşadım. Bəli, uzaqgörən bir oxucumuzun da dediyi kimi, “Vafli ürək” 10 yaşdan yuxarı bütün insanların oxuya biləcəyi əsərdir. Nə yalan deyim, razıyam.

Bütün obrazları sevirsən. Hərəsini bir xüsusiyyətinə görə. Amma hamısını xeyirxah olduqlarına görə. Kağızdakı xeyirxahlıq belə sənin ürəyini yumşalda bilir. Vafli ürəyini. Zəhlən getdiyin vafli ürəyini.

Hekayə balaca bir oğlan uşağının dilindən nəql olunur. Mənə həmişə elə gəlib ki, böyük bir insanın balaca uşağın dili ilə danışması, ən vacib şeylər haqqında sadə cümlələr söyləməsi çox çətindir. Düzdür, ən qəmli cümləsi “Смерть почти как снег: никогда не знаешь, когда он пойдет, хотя чаще всего это случается зимой” bu olan kitabdan fəlsəfə, bəşəri ideyalar gözləmək gülünc olar. Guya hansımızın həyatı bütün bunların yer alacağı qədər dinamik keçir ki? Ən böyük cəsarətimiz qış günləri səhər yataqdan dura bilmək, ən böyük sevincimiz ildə bir dəfə keçirilən ad günlərimiz, ən böyük kədərimiz isə şəkillərdə eybəcər düşmək deyilmi?

Hər növbəti fəsildə balaca qəhrəmanımız əsl dostluğun, əsl ailənin necə olmasını göstərir. Bunun üçün böyük fədakarlıqların lazım olmadığını, sadəcə bütün “qələtləri” birlikdə etməli olduğumuzu vurğulayır. Və birdən başa düşürsən ki, elədiyin qələtlərin sayı birlikdə olmaq istədiyin insanların sayı qədər azdır. Bax onda həsəd və paxıllıq hissi vafli ürəyini yenidən daşlaşdırır.

p.s. Bir gün anam vafli bişirəcək, mən də onları mürəbbəyə batıra-batıra Mehinə bu əsəri oxuyacam. Aşağıdakı sətirlərə çatanda onun üz ifadəsini görmək istərdim:

Когда мы уже кончали печь, пришел дед. Он ужасно удивился, увидев нас.
И еще больше – когда понял, чем мы занимаемся.
– Сюрприз! – завопила Лена так, что обои стали отходить от стен.
А потом мы ели вафли “вафельное сердце” в первый раз после смерти бабы-тети – дед, Лена и я. Я совершенно уверен, что она смотрела на нас с неба и улыбалась. И дед тоже улыбался.