“Norveç meşəsi”ndən sonra Murakaminin əlimə aldığım ikinci kitabı “Qadınsız kişilər” adlı hekayələr toplusu oldu. Kitaba yeddi hekayə daxil edilib: “Drive my car”, “Yesterday”, “Müstəqil orqan”, “Şəhrizad”, “Kino”, “Aşiq Zamza” və “Qadınsız kişilər”.

Bütün hekayələrdə bu və ya digər yolla qadın xəyanətinə uğramış kişilərdən bəhs edilir.

Murakaminin “Beatles” sevdası ilk iki hekayəsinə verdiyi addan da bilinir. Və bu fakt müəllifə qərəzsiz yanaşmağıma imkan vermir.

Drive my car 

Qadınların yaxşı sürücü olmadığına inanan, amma eyni zamanda özünə qadın sürücü tutan Kafuki adlı aktyor arvadı öldükdən sonra onun sevgilisi ilə dostluq münasibətləri qurmağa başlayır və bütün başına gələnləri sürücüsünə nəql edir. Süjet nədənsə mənə Bernhard Şlinkin “Yad kişi” novellasını xatırlatdı. Qəribədir, müəllifin və qəhrəmanların yapon olmasına baxmayaraq, mən yenə ər kimi Liam Nisonu, sevgili kimi Antonio Banderası təsəvvür etdim. Təxəyyülümdə də ətalətlə hərəkət edirəm.
Və bütün xəyanət mövzularında ortalığa çıxan əbədi və dəyişməz sual “Axı onda nə tapmışdın”a burda da cavab verilmədi. Çünki yazıçının da buyurduğu kimi, “ilişkiler, özellikle de kadın erkek ilişkileri, nasıl desem ki, başlı başına bir mesele. Daha anlaşılmaz, daha bencilce, daha üzücü“.

Yesterday

Birlikdə böyüyən Kitaru və Erika daha sonradan sevgili olur. Və bir gün gəlir, Kitaru Erikaya yetmədiyini başa düşür və anlayır ki, tezliklə Erika ona başqa biri ilə xəyanət edəcək. Sevgilisi üçün “başqa biri”ni özü tapır və dostunun namizədliyini irəli sürür. Bəli, hekayənin əvvəlində süjetdən mən də çox şey gözləyirdim, amma sonluq ümidlərimi doğrultmadı.

Bu hekayədə bir şeyi başa düşdüm: hərdən birinə o qədər aşiq olmaq olar ki, sevmək yox, aşiq olmaq, onun yuxularını da illər keçdikdən sonra unutmağa gücün çatmaz.

– O rüyayı, hala hatırlıyor musun sen?
– Niyeyse, çok iyi hatırlıyorum.
– Başkasının rüyası olmasına rağmen?

Müstəqil orqan

Qadın ovçusu Tokay həkim bir gün evli bir qadına aşiq olur. Qadının da kişi ovçusu olduğunu öyrəndikdən sonra plastik cərrah özünü aclıqdan öldürmək qərarına gəlir.
Qəribədir, qəhrəmanın peşəsi həkim olanda o hekayəni bəyənmirəm. Hələ də bu faktla bağlı səbəb-nəticə əlaqəsini qura bilməmişəm.

Şəhrizad

Aşiq olduğu oğlanın evinə gizlicə girib oğurluq edən, oğlanın əşyalarından özünə yadigar saxlayan qız.
Hər gün sevgilisinə hekayələr danışan qadın. Elə-belə yox, maraqlı hekayələr. Maraqlı hekayə danışmaq, özü də hər gün çox az adamın bacara bildiyi bir işdir.
Bir gün o oğru qız böyüyüb hekayəçi qadın olur. Uşaqlıq cəsarəti qadınlıq üstünlüyünə çevrilir.

Hekayələr içərisində ən çox bu hekayəni bəyəndim. Bəlkə xəyanətin “qramı” burada daha az idi, bəlkə xəyanət burada daha təbii bir şey kimi göstərilirdi? Dəqiq bilmirəm, amma bir onu bilirəm ki, mən də maraqlı hekayələr danışmaq istərdim. Heç kim qulaq asmaq istəməsə də.

Ana rahmindeki bebeğin durumuyla aynı şekilde. Orada bir düşünce olduğu bilinir ama onu yeryüzü diliyle anlatmanın imkanı yoktur. Haksızmıyım?

Kino

Arvadı ilə dostunun xəyanətinə uğrayan Kino evdən gedir və özünə bir bar açır. Həmin barda başına axmaq-axmaq hadisələr gəlir. Hadisə dediyim, bizim qəbul etdiyimiz hadisələrdən deyil, sözün əsl mənasında axmaq hadisələrdir. Sonda Murakamiyə zəng edib belə bir təkliflə çıxış etmək istədim: gərək Oskar Uayldın məlum pyesinin adını dəyişib, hekayəni “A Kino of No Importance” adlandırardınız.

Süjetdəki bütün bu axmaqlığa baxmayaraq, özüm üçün bir nəticə çıxardım: evdən gedəndə üstünüzdə bar açmağa pulunuz yoxdursa, xəyanətə laqeyd yanaşa bilərsiniz. Əksər azərbaycanlı qadınlar kimi.

Aşiq Zamza

Hekayənin ilk cümləsi belə çox şey vəd edir: “Gözünü açtığında, Gregor Samsa’ya dönüştüğünü anladı“.

Elə bil Murakami getmişdi, Kafka ilə Beqbederin qarışığı gəlmişdi. Tamam fərqli təhkiyə və təsvir üsulu.
Böcəyə çevrilən Zamza uzun bir müddətdən sonra yenidən Zamzaya çevrilir və qozbel bir qıza aşiq olur. Bilirəm, çox romantik səslənmir, amma çox maraqlı səsləndiyindən əminəm.

Qadınsız kişilər

Gecə yarısı evinizə zəng gəlir və telefondakı kişi səsi xəbər verir ki, bir vaxtlar sevgiliniz olan qadın intihar edib. Adına layiq hekayə.

Sonda tamadalar – fars dilindən gəlmə söz olmasına baxmayaraq, “a” saitinin çoxluğu yapon dili ilə qohumluğa da nişan etdiyinə ümid edirəm – kimi “Ana” şeiri demək istəyirəm:

Ama gerçek olmayan şeyleri yazmak, ayın arka yüzünde buluşmak için birisiyle sözleşmeye benziyor.

p.s. Kitabın üzqabığına “In the Mood for Love” filmindən o məşhur şəkli qoyardım. Və sonuncu hekayəni oxuyanda qulağımda həmin filmin saundtreki səslənəndə, ilkin təəssüratlarımda da ətalətli davrandığıma şahid oldum.

p.p.s.s. Açıq-saçıq səhnələrdə ingilis konservatorluğunu sevirəm. Murakaminin təsvirləri hərdən bu qədər “oxucu stajı” olan məni belə utandırırdı. Sanki ailənlə birgə oturub toy kasetinə baxmaq istəyirsiniz, aparata qoyulan kaset isə pornofilm çıxır.