“Məşuq” (2002) filminə təsadüfən baxmadım. Heç zərurətən də baxmadım. Uşaqlıq illərimin kabusuna çevrilmiş Oleq Yankovskiyə görə baxdım.

Uşaqlıqda badımcan dolmasını sevməmişəm. Eyni antipatiyanı “Elə həmin Münhauzen” filminə qarşı da hiss edirdim.
Anam məni məcbur edirdi ki, badımcan dolması yeyim, atam isə məcbur edirdi ki, “Elə həmin Münhauzen” filminə baxım.

İndi badımcan dolması ən sevimli yeməklərimdən biridir, Oleq Yankovski isə ən sevimli aktyorlarımdan biri. Yaxşı ki, böyüdüm. Yaxşı ki, zövqüm dəyişdi. Yaxşı ki, zövqümü cilalayan valideynlərim bu müqəddəs işdə yorulmadan əziyyət çəkdilər.

Tanış süjet idi: arvad ölür və ər bilir ki, arvadın sevgilisi var imiş. Və bu eyni (?) qadını sevən iki kişi, daha doğrusu intellekt və güc qarşı-qarşıya gəlir.

Süjeti oxuduğum andan Yankovskini gözlərindəki tülkü hiyləgərliyinə baxmayaraq, ər obrazında təsəvvür etdim. Amma sevgili obrazındakı Sergey Qarmaşda da məşuqluq bir tip yox idi.

2002-ci ildə çəkilməsinə baxmayaraq, film başdan ayağa nostalji anlar yaşatdı. Ekran işinə keçmişdən qalma fotoalbom kimi baxdım: şüşəsi sınıq və güclə bağlanan nəfəslik, içi siqaret kötükləri ilə dolu olan külqabı, üst-üstə qalaqlanmış kitablar, yun damalı şarf taxan tramvaydakı o qoca sərnişin, toxunma bazarlıq zənbili, taxta qapılı bloklar, “Saratov” model soyuducu, cansıxıcı divar kağızları və yumşaq mebellər…

Mən də taxta qapılı bloku olan binada, şüşəsi sınıq və güclə bağlanan nəfəsliyi, üst-üstə qalaqlanmış kitabları, “Saratov” model soyuducusu, cansıxıcı divar kağızları və yumşaq mebeli olan mənzildə qışda yun damalı şarf taxan atamın təkidi ilə “Elə həmin Münhauzen”in bir vaxtlar başa düşmədiyim istehzasına qulaq asmışam, içi siqaret kötükləri ilə dolu olan külqabının içini daha da zənginləşdirən qonaqların səs-küyü altında…

Və bütün dəyişikliklərin inadına dəyişməyən vəziyyətin şərəfinə: “Трубка сломалась, сигареты — говно, кошки срут в подъезде…