Meri Enn Şeffer və Enni Berrouzun “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq sevərlər klubu”u 

Rus oxucuları bu kitabı “2015-ci ilin tapıntısı” adlandırıblar. Mən də bir il gecikmə ilə tapdım. Adının uzunluğu diqqətimi çəkdi, müəlliflərin sayı isə təəccübümə səbəb oldu. Çünki elmi ədəbiyyatda, publisistik nəşrlərdə belə hala rast gəlsəm də, ilk dəfə idi ki, iki yazıçının birgə qələmə aldığı bədii əsərlə qarşılaşırdım.

Oxumağa başlayan kimi epistolyar janrda olduğunu görüb bir xeyli sevindim. Məncə məktublarda hər bir obrazın üslubunu saxlamaq, nadir halda rast gəlinən dialoq və təsvirlərlə personajların xüsusiyyətlərini göstərmək çətin işdir. Müəlliflər bu işin öhdəsindən məharətlə gəliblər. Ceyn Ostin ruhu və təsiri hər cümlədə özünü bariz şəkildə büruzə verir. Demək olar ki, bütün obrazları sevdim. Mənfiləri belə. Çünki mənfilikləri elə “şirin” təsvir edilmişdi ki, elə bil, xoşuna gəlməyən, ancaq bununla belə toy məclislərində hərəkətlərinə baxıb güldüyün qohumların haqda oxuyurdun.

Həmişə elə düşünürdüm ki, mütaliə həvəskarları kitabları uşaqlıqdan sevməyə başlayırlar, oxumaq sevgisini onlara yaxınları, müəllimləri aşılayır. Amma bu əsəri oxuduqca gördüm ki, insan on üç yaşında olduğu kimi altmış yaşında da kitabı sevməyə başlaya bilər. Peşəsindən, arzularından, istəklərindən, vərdişlərindən asılı olmayaraq, hər bir insanın sevə biləcəyi ən az bir kitab olur ya da olmalıdır.

Biri kitabı nələrisə unutmaq üçün oxuyursa, digəri nələrisə xatırlamaq üçün oxuyur.
Biri kitabda özünə oxşayanları görmək istəyirsə, digəri özündən fərqlilərlə tanış olmaq istəyir.
Biri sevdiklərini tapır, digəri nifrət etdiklərini söyür.
Biri xilas yolu görür, digəri labirintdə azır.

Məqsədlərin və çıxarılan nəticələrin bir-birindən fərqli olmasına baxmayaraq, əsas odur ki, hamının başqa bir dünyası olur. Bu dünyadan fərqlənən bir dünyası. Culietin əvvəlcə qaçıb gizləndiyi, daha sonra azad nəfəs aldığı Görnsi adası kimi.