Üç-dörd il əvvəl təsadüfən “Kinohit” kanalından “Qızardılmış kal pomidorlar” filminə baxmışdım. Filmi bəyəndiyim üçün haqqında oxumaq qərarına gəlmişdim. Və həmin an cahilliyimin intibah dövrünü yaşamışdım. Sən demə, kino Amerika ədəbiyyatının ən yaxşı nümunələrindən hesab edilən, Harper Linin müsbət rəyini qazanmış “”Yarımstansiya” kafesindəki qızardılmış kal pomidorlar” əsəri əsasında lentə alınıb. Elə o vaxtdan roman “oxunulacaq kitablar” siyahımdadır.

Keçən həftə isə qarşıma belə bir siyahı çıxmışdı: “Səni daha xeyirxah edəcək 10 kitab

Siyahıda yazıçı Fenni Fleqqin başqa bir əsərinin adına – “Cənnətə düşmək üçün tələsirəm” (Can’t Wait to Get to Heaven) – rast gəlincə, bunun bir işarə olduğunu fikirləşib, kitabın elektron variantını yükləyib oxumağa girişdim.

Və elə ilk fəsildəcə məyus olmağa başladım. Çünki əsərin baş qəhrəmanı yaşlı qadın idi. Şəxsi təcrübəmdən və nümayiş etdirdiyim davranış nümunələrindən belə hiss edirəm ki, deyəsən, qerontofobiyadan (yaşlı insanlara qarşı ədavət) əziyyət çəkirəm. Əksər vaxtlarda baş qəhrəmanı qoca və qarılar olan filmlərə baxmıram, onlar haqqında əsər oxumaq istəmirəm, real həyatda onlarla eyni mühitdə olanda sıxılıram, söhbət əsnasında üzlərinə baxa bilmirəm və s. Bunların arasında  məni ələ verən ən bariz simptom isə “Titanik“də qoca Rouzun yer aldığı bütün səhnələrdə mürəbbə ilə çay içməyim olub.

Mütaliəm kifayət qədər darıxdırıcı və sıxıcı keçdi, o qədər obraz var idi ki, hərdən kimin kim olduğunu unudurdum (yəqin bu da yaşlıların karmasıdır, yaddaş itkisi şəklində mənə qayıdır), “kəpənək effekti”nin nəticələrinin bəziləri real görünsə də, bəziləri möcüzə kimi səslənirdi – öldür məni, amma inanmıram ki, bir qadının nərdivandan yıxılmağı hansısa pis adamı yaxşı adama çevirə bilər. Bununla yanaşı, süjetdə maraqlı məqamlar da var idi – Elnerin aldığı hər yeni kürən pişiyə “Sonni” adı verməsi, ölümündən qabaq nekroloqunu oxuması, Cənnət və Yaradan anlayışlarına yeni baxış bucağı, tapança əhvalatı  və s. kimi.

Bir şeyə də fikir verdim ki, dünyanın harasında yaşayırsansa, yaşa, müəyyən peşənin sahibləri özlərini həmişə eyni cür aparırlar: rieltorlar həyasız olur, saç ustaları deyingən, deyingən tibb personalı məsuliyyətsiz, məsuliyyətli həkimlər susqun…

p.s. Əsərdə hamıya mehriban davranan, hamının sevgisini qazanan obrazın deyil, ən çox şikayət edən obrazın sənə oxşadığını sezmək #ThatAwkwardMoment hashtag-inə əla nümunədir.

p.p.s.s. Kitabın orijinal üz qabığı deyil, Rusiyanın “Eksmo” nəşriyyatının dizayn etdiyi üz qabığını bəyəndim.