Yurdumuzun məşhur sığorta şirkətlərindən birinə müsahibəyə çağırılmışdım. CV-mi təqdim etdiyim vakansiya məlumatlar bazası üzrə mütəxəssis idi. Standart sual-cavabdan sonra HR əlində tutduğu qələmi mənə göstərib dedi:
– Bu qələmi mənə satın.
E-poçtda “Mövzu” bölməsinə daxil etdiyim vəzifənin adını bir daha yada salıb təəccüblə soruşdum:
– Niyə?
Və həmin an HR-dan çox fəlsəfi cavab eşitdim:
– Çünki satış prosesində insanın bütün qabiliyyəti üzə çıxır.
– Onda mən ən qabiliyyətsiz adamam, – deyib otağı tərk etdim.

Mənə “Bu ilin necə keçdi?” sualını ünvanlayan hər kəsə bu əhvalatı danışmaq istərdim. Çünki ilim məhz belə keçdi: namünasib suallara cavab tapmaqda çətinlik çəkdim, münasib sualları isə verən olmadı.

Mən də istərdim ki, “Moskva göz yaşlarına inanmır” filmindəki kimi uşaq çığırtısı altında gecə lampasını söndürüm, yandıranda isə zavod direktoru olum. Amma gəl gör ki, vaxtımı bu il də kinoya baxmaq, kitab oxumaq və kitablardan seçdiyim qeydləri tərcümə etməklə keçirdim.  Bu üç proses isə artıq əvvəlki həzzi vermirdi. Səbəbini özüm də bilmirəm. Cem Yılmazın da dediyi kimi, “ne kadar enerjiyiz ya, hadi kampa gidelim, sırayla ölelim…

Bu il baxdığım ən yaxşı filmlər (“zövqlər müxtəlifdir” bəhanəsinə sığınmadan, ən çox sevdiyim səhnələrin şəkilləri ilə):

  1.  “Çobanyastığı” (“Daisy”, 2006);
  2.  “Uve adlı kişi” (“A man called Ove”, 2015); 
  3.  “Dahi”(“Genius”, 2016); 
  4.  “Dəlil” (“Clue”, 1985); 
  5.  “Quldurlar”(“Bandits”, 2001); 
  6.  “Bizim möhürümüz böhrandır” (“Our Brand Is Crisis”, 2015); 
  7.  “Başqalarının həyatı” (“The Lives of Others”, 2006) 
Ən yaxşı seriallar:
  1. “Qətl” (“The Killing”, 2011-2014); 
  2. “River” (“River”, 2015)
Ən yaxşı animelər:
  1. “Sözlər bağı” (“The Garden of Words”, 2013);
  2. “Zamanı ram edən qız” (“The Girl Who Leapt Through Time”, 2006)
Ən yaxşı cizgi filmləri:
  1.  “Zootopiya” (“Zootopia”, 2016); 
  2. “Yaxşı dinozavr” (“The Good Dinosaur”, 2015) 
Rejissorlarını öldürmək istədiyim “ekran işləri”:
  1. “Sosis əyləncə gecəsi” (“Sausage party”, 2016);
  2. “Qatardakı qız” (“The Girl on the Train”, 2016)
İlin şeirləri: 
Rəhman və Rəhim (Məsumə Əhədova)
Gəl bağışlayım səni,
öyrədim əfv etməyi
Əsmayi-hüsna içində
Rəhman və Rəhiməm bu gecə.
Gözlərində qövmlərin keçidini seyr edirəm
içimdə yarpaq titrəmir
Bağışlamaq istəyirəm
simanda bütün bəşəri
izin ver, bağışlayım səni.
Bütün həqiqətlər sönük,
tövbələr və dualar itirib ünvanını
Әfv olunmaq istəsəm,
kim bağışlayacaq məni?
***
Sevgilerde (Behçet Necatigil)
Sevgileri yarınlara bıraktınız
Çekingen, tutuk, saygılı.
Bütün yakınlarınız
Sizi yanlış tanıdı.
Bitmeyen işler yüzünden
(Siz böyle olsun istemezdiniz)
Bir bakış bile yeterken anlatmaya her şeyi
Kalbinizi dolduran duygular
Kalbinizde kaldı.
Siz geniş zamanlar umuyordunuz
Çirkindi dar vakitlerde bir sevgiyi söylemek.
Yılların telâşlarda bu kadar çabuk
Geçeceği aklınıza gelmezdi.
Gizli bahçenizde
Açan çiçekler vardı,
Gecelerde ve yalnız.
Vermeye az buldunuz
Yahut vaktiniz olmadı.

Keçək kitablara – nominasiyalar üzrə:

  • Ən çox güldürən: “Damdabacanın gündəliyi” (“Дневник Домового”, Евгений ЧеширКо);
  • Müəllifi olmaq istədiyim: “Momo” (“Momo”, Michael Ende);
  • Tərcüməçisi olmaq istədiyim: “Vafli ürək” (“Waffle Hearts”, Maria Parr);
  • Tarixi məlumatlar aldığım: “Çili noktürnü” (“By Night in Chile”, Roberto Bolaño);
  • Üslubundan həzz aldığım: “Beşinci personaj” (“Fifth Business”, Robertson Davies); “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq sevərlər klubu”(“The Guernsey Literary and Potato Peel Pie Society”, Shaffer, Mary Ann);
  • Adına aldandığım: “Xoşbəxt insanlar kitab oxuyur və qəhvə içirlər) (“Les gens heureux lisent et boivent du café”, Agnès Martin-Lugand);
  • İlk abzasından təsirləndiyim: “Onun unutduğu ilk adam” (“Le premier oublié”, Cyril Massarotto)

– Salam, ana.
– Siz kimsiniz?
Dünyam beləcə dağıldı: bir cümlə və mən onun unutduğu ilk adam oldum.

 

Müəlliflər:

  • Tanışlığımdan məmnun olmadığım: Paula Hawkins, Neil Gaiman
  • Dostlaşdığım: Haruki Murakami, Liane Moriarty, P.G. Wodehouse

İlin mütaliə şəkli:
Bu il başa düşdüklərim: 
  • Məqsədimdən və məramımdan asılı olmayaraq, heç vaxt yemək bişirmək, paltar ütüləmək və mebel tozu silmək kimi proseslərdən həzz almayacam;
  • Yaşım neçə olursa olsun, Colin Firt, Kıvanç Tatlıtuğ və Sandra Bullock-ın çəkildiyi filmləri/serialları acgözlüklə izləyəcəm;
  • Jane Austen əsərləri əsasında ekranlaşdırılmış kinoları səbirsizliklə gözləyəcəm;
  • Qarderobumda həmişə cins şalvar və lofer olacaq;
  • Bütün mübahisələrdə kişiləri günahkar görməkdən vaz keçməyəcəm;
  • Ev telefonu ilə danışmağı, qocalarla ünsiyyət qurmağı öyrənə bilməyəcəm