Bir neçə gün əvvəl 8 Mart – Beynəlxalq Qadınlar Günü idi. Bu münasibətlə mütaliə prosesindən sonra yaddaşıma həkk olunan, mənə nəsə öyrədən, məni uzun müddət təsirində saxlayan qadın obrazların siyahısını tərtib etmək qərarına gəldim. Kişi qəhrəmanlardan fərqli olaraq unudulmayan qadın qəhrəmanlarım çox azdır. Səbəbini bilmirəm. Çox güman, “cins qısqanclığı”dır.

1. Sakson Roberts (“Ay vadisi“, Cek London) – Bu roman Cek Londonun ən çox bəyəndiyim iki əsərindən biridir. Sakson mənim üçün səbrin təcəssümüdür. Ondan inanmağı, inandığın şeylərə görə mübarizə aparmağı və mübarizədən məğlub çıxanda ruh düşkünlüyünə qapılmamağı öyrənmişəm.

2. Elizabet Bennet (“Qürur və qərəz“, Ceyn Ostin) – Elizabet mənə öyrətdi ki, sərhədlər real deyil, hamısını aşmaq olar, haqlı bildiyin şeydə heç kimə güzəştə getməməlisən, doğma anana belə.

3. Bricit Cons (“Bricit Consun gündəliyi“, Helen Fildinq) – İstənilən qeyri-müəyyən vəziyyətdə gülmək, özünütənqid prosesində yaradıcılıq qabiliyyətini aşkar etmək – Bricitin öyrətdiyi dərslərdəndir.

4. Xatiya (“Günəşi görürəm“, Nodar Dumbadze) – Xatiyadan öyrəndiklərim: möcüzələri özümüz yaradırıq, bəzən bunun üçün təkcə inam bəs edir.

5. Nastasya Filippovna (“İdiot“, Fyodor Dostoyevski) – Bu əsərdə sevdiyim iki obraz var idi: Roqojin və Nastasya. Hətta Filippovnadan o qədər təsirlənmişdim ki, uzun müddət kitabla bağlı bir sosial şəbəkədə “nickname” kimi bu qəhrəmanın adından istifadə edirdim. Bütün gözəlliyi, qüruru, dikbaşlığı ilə mənim üçün ən yaxşı “femme fatale” nümunələrindən biri olmuşdu. Fiziki üstünlüklərinə baxmayaraq, bu keyfiyyətlərindən istifadə etməyən və başına gələn bütün pisliklərə göz yumub, yaxşı insanlara həmin insanların yaxşılığına uyğun davranan bu qadın həyatda “öz yerini bilməyin” çox vacib bir şey olduğunu öyrətdi.

5. Joan Madu (“Zəfər tağı“, Erix Maria Remark) – Düzünü desəm, bu qadından heç nə öyrənməmişəm. Sadəcə oxuduqca dəliliyinə, çılğınlığına heyran qalmışdım.

6. Hanna Şmit (“Qiraətçi“, Bernhard Şlink) – Hanna məni ağladan ikinci qadın personaj olub. Birinci – Cenni Herhatda yazığım gəldiyi üçün ağladığım halda, ikinci – Hanna Şmitə hirsləndiyimdən ağlamışdım. Hələ də sualıma cavab tapa bilməmişəm: cahil olduğunu boynuna almaq yaxşı idi, yoxsa qürurundan ölmək?

Arzum budur ki, hər kəsə deyil, Sakson kimi inandığımız insanlara səbirli olaq. Və bu inandığımız insanlar yaxşı insanlar olsun. Elizabet Bennet kimi lazımlı anlarda lazımlı insanları gözəl nitqimiz ilə susdura bilək, daha sonradan Bricit Cons kimi “kaş belə deyərdim” xülyalarına qapılmayaq. Xatiya kimi möcüzələrə inanıb, möcüzələr yaradaq, öz möcüzəsini tapmaq istəyən insanın əhatəsində möcüzənin özü olaq. Nastasya Filippovna kimi ağı-qaradan seçə bilək, ağa daha çox qiymət verək, onu göylərə qaldıraq. Müəmmalı olaq, növbəti addımımızı müəyyən etmək olmasın. Joan Madu kimi çılğın olaq, amma heç kimi qırmadan. Qırmaq istədiyimiz insanları isə yanımızda saxlamayaq, uzaqlaşaq onlardan. Hanna Şmit kimi sakit, səssiz yox, məntiqli cavablar və yetkin izahlarla.