Stajlı oxucular arasında belə bir fikir formalaşıb ki, mütaliə etdiyi hər şeydə özünə aid şeyləri görən, vurğulayan, seçən oxucu bayağı oxucudur”. Bu “bayağı” mərhələni hardasa dörd-beş il əvvəl Con Faulzun “Kolleksiyaçı” əsərini oxuyandan sonra adladım. Sevinirəmmi? Əsla, çünki məncə indi daha pis vəziyyətdəyəm. Bir oxucu kimi “sadəlövh” tablosu asılmış mərhələdən keçmək istəməzdim. Fəqət… Yunus Emrenin də dediyi kimi, “gel gör beni aşk neyledi”.

Niyə “sadəlövh”? Çünki demək olar ki, mütaliə etdiyim on müəllifdən səkkizinə inanmaq istəyirəm, daha doğrusu inanıram. İnanıram ki, qorxunun üstünə gedəndə qalib gəlmək olur; “pis” və “yaxşı” olmur, yaxşılıqlarla qarşılaşmayan və pislikləri tanımayanlar olur; uğura gedən yol “əmək”dən deyil, “mübarizə”dən keçir – və bu mübarizədə iştirak etməyin özü də ağır əmək tələb edir.

Səbirsizliklə növbəti mərhələnin nə olacağını gözləyirəm. Bəlkə də növbəti olmayacaq, yenidən “bayağı”lığa başlayıb, “sadəlövh”lüyümə baxıb güləcəm. Amma heç vaxt bu fikrimdən dönməyəcəm: “Superqəhrəmanlardan bəhs edən filmlərdə həmin superqəhrəmanın sirrini bilən bir insan olur. Həmişə o insan olmaq istəmişəm. Superqəhrəman yox. Məncə qəhrəmanlıq etmək sirr saxlamaqdan daha asandır.
Həmişə əsəri yazan deyil, ilk səhifədə “filankəsin əziz xatirəsinə” yazısındakı həmin filankəs olmaq istəmişəm”.

Və məndə belə bir arzunun formalaşmasına hansı mərhələnin səbəb olduğunu hələ də bilmirəm.