İndicə “La La Land”ə baxıb qurtardım. Yaxşı ki, bu film ətrafında yaranan səs-küydən sonra baxdım. Yaxşı ki, telefonumu söndürüb baxdım. Yaxşı ki, indi baxdım. Və yaxşı ki, TƏK baxdım. Yoxsa kimliyindən asılı olmayaraq, birlikdə baxdığım heç kimə filmin mənə niyə bu qədər təsir etdiyini anlada bilməzdim. Çünki səbəbini özüm də bilmirəm. Hisslər, emosiyalar, xatirələr fışqırır.

Açılış səhnəsindəki (“Another Day of Sun”) və rəfiqələrin birlikdə dəvətə hazırlaşarkən ifa etdiyi (“Someone in the Crowd”) mahnıları çıxsaq, qalan hamısını bəyəndim. Təbii ki, bir çoxlarında olduğu kimi mənim də bundan sonra dəfələrlə sevə-sevə dinləyəcəyim mahnılar “City of Stars” və “Planetarium” oldu.

Paltarlar, səhnələr, dekorasiyalar, kiçik detallar (Sebastianın sevdiyi işlə məşğul olarkən daha açıq rəngli kostyumlar geyinməsi, Mia ilə daha çox söhbət etməsi üçün guya uzaqda park etdiyi maşınının yanına getməsi) zövqümü oxşadı.

“Yaxşı oğlanlar” (“Nice Guys”) filmindən sonra Rayan Qoslinq sevimli aktyoruma çevrilib. Burdakı aşiq Sebastian obrazına tamaşa etdikcə, bir vaxtlar R.Qoslinqə rəğmən bəyəndiyim “Blue Valentine”dəki ifası yadıma düşdü. Rayan aşiq oğlanları yaratmaqda ustadır. Onun iddiasına, alnına tökülən tellərinə, sevdiyi qadına valeh olmuşcasına baxışına “əriməmək” əldə deyil.

Emma Stounun Miası amma eyni effekti vermədi. Nəsə soyuqluq var idi, sanki həmişə “friend zone”-dan çıxmaq istəyən oğlanla “sənlə bir şey alınmasa da, yanımda ol” deyən qızları xatırladırdı. Sebastianın pişiyi də yox idi ki, deyim, “kedisini köpek görüyor”.

Qatı romantik kimi bir daha əmin oldum ki, bizlər böyük arzuları olub, bu arzular naminə mübarizə aparan və bizi də arzularımızın dalınca getməyə məcbur edən kişilərə aşiq oluruq. Birlikdə uğurlarımızın şərəfinə badə qaldırdıqlarımız deyil, yanında məğlubiyyətlərimizə görə rahatlıqla göz yaşı axıda bildiklərimiz ən doğmalarımız olur.

Ən xoşladığım səhnə isə hovuz qonaqlığında Mianın Sebastiana mahnı sifariş edib rəqs etməsi oldu.

https://www.youtube.com/watch?v=kc2-lw6P2ow&list=RDs_Mzyj40jxA&index=20

p.s. Sən uşaqlıq xatirələrindən danışırsan. Qarşı tərəf söhbətinə o qədər diqqətlə qulaq asır ki, danışıq əsnasında qeyd edilən kiçik bir ipucuna görə aylar sonra sənin ata evinin ünvanını tapır. Dinlənilmək gözəl hissdir.