Zəngli saatın səsinə oyandığı hər gün iş günü, iş günü isə darıxdırıcı kollektiv, yarım saatdan bir içilən çay, bir saatdan bir tualet növbələri, kondisioner uğrunda əks cinsin nümayəndələri ilə mübarizə demək idi. Üzündə ətrafa laqeydlik saça-saça fikrində kreditlər, kreditlərə görə alınmış borclar, borclara görə alınmış başqa borclar, “axşama tez-tələsik nə bişirim?” sualı, “evdən çıxanda qazı, suyu bağladımmı?” təlaşı, heç kimlə göz-gözə gəlməmək istəyi, bütün dünyanı səyahət etmək arzusu ilə metro stansiyasına doğru irəliləyirdi.
Bu gün həm də fərqli bir gün idi. Nahar fasiləsində köhnə dostu ilə görüşəcəkdi. Köhnə dostla sinif yoldaşı olmuş, məktəbi bitirdikdən sonra bir-iki il əlaqə saxlayıb bütün münasibəti kəsmişdilər. Heç bir səbəb olmadan. Səbəbsiz qurulan və kəsilən bütün münasibətlər kimi. “Kəsilən” demişkən, dünənki hadisəni xatırladı.
Diş həkiminin qəbulunda idi. Dəhlizdə növbəsini gözləyirdi. Əvvəlcədən yazılsa da həmişə gözləməli olurdu. Hər yerdə. Artıq buna görə dava da salmırdı. Yaxşı və ya pis, hadisə vərdiş halını aldımı, insan ona öyrəşir. O da növbələrə öyrəşmişdi. Hər an nəyisə gözləyirdi: zəngli saatın səsini, çaydanın qaynamasını, yeməyin bişməsini, qatarın gəlişini, nahar vaxtını, bazarlıqda pulun qalığını… Bircə möcüzə gözləmirdi. Uzun illər müqavimət göstərməsinə baxmayaraq “növbələr” onu arzularından və istəklərindən soyuda bilmişdi.
Diş kabinetinin pəncərəsindən həyətə baxırdı. Düz qarşıda qəssabxana var idi. Küçənin qırağında isə taksi sürücüləri qarpız yeyə-yeyə nərd oynayırdılar. Sürücülərdən birinin bədən dili və pörtməsi indicə uduzacağından xəbər verirdi. Hər zər atışında qonşuluqdakı qoyun mələyirdi.
          Dü, şeş.
          Məəə…
          Pənc qoşa.
          Məəə…
          Şeş qoşa.
          Məəə…
Məğlubiyyətə “mars” adı qoymaq kimin ağlına gəlib?
Qəzəbli kişi nərd taxtasını çırpdı, yarısına kimi yedikləri qarpızı əlinə alıb qoyuna yaxınlaşdı. Bir göz qırpımında qarpızı qoyunun başına keçirdi. Var gücü ilə. Qəribədir, pəncərədən bütün bunları seyr edən xəstənin heyvana yazığı gəlmədi. Sadəcə güldü. İnsan nə vaxt qəddarlaşır? Yəqin, zərif arzularından vaz keçdiyi gün. Heç kim uduzmağı bacarmır. Məğlubiyyət qoyunun gözü qarşısında baş verirsə, ikiqat acınacaqlı olur. Bu, susadığına görə üsyan edən qoyun olsa belə.  
Hə, harda qalmışdı? Köhnə dostda. Həmin o dost son dövrlər çox məşhurlaşmışdı. Nə müğənni idi, nə plastik cərrah. “Stand-up”çı idi. Anasının dili ilə desək, gülüş ustası. Gülüş…
Niyə qarşıdan gələn kişi gülə-gülə ona yaxınlaşırdı? Hardan tanıyırdı onu? Beyninin axtarış sistemi heç bir nəticə vermədi.
          Salam, xanım.
          Salam.
      Təsadüfən üstünüzdə xırda pul olmaz?!, – qəribədir, geyimindən dilənçiyə oxşamırdı. Pul qabına baxdı, xırdası yox idi.
          Təəssüf ki, yoxdur.
          Belə də olmalı idi. Gözəl xanımın cibində heç vaxt xırda olmaz, – dedi və getdi.
Çoxdandır kompliment eşitmirdi. Hesab edirdi ki, yaltaqlanmadan kompliment deyə bilən kişi dövrün nadir tapıntılarındadır. Bu sədəqə istəyən orta yaşlı, sərxoş dilənçi olsa belə.
Gediş kartını çıxarmaq üçün əlini cibinə saldı və elə həmin an dodaqlarındakı axmaq təbəssüm yox oldu. Cibində qəpik var idi. Bu nəyin mesajı idi: Gözəl deyildi? Yoxsa peşəsindən asılı olmayaraq bütün kişilər yalan danışırdı?
Yalan danışan kişilər. Köhnə dostu da kişi idi, amma heç vaxt ona yalan danışmamışdı. Ya da danışmışdı, o sezməmişdi. Sezilə bilən və sezilə bilməyən yalanlar – siyasətçi kişilər aşiq kişilərə qarşı.  
Dostu zəng edib adını deyəndə dərhal tanımışdı. Uzun danışmamışdılar. Dost görüşmək istədiyini demişdi, o da razılaşmışdı. Yenə də səbəbini soruşmadan.
Nahar fasiləsinə çıxanda anası zəng etdi. Hər nahar fasiləsində olduğu kimi. Nə yeyəcəyi ilə maraqlandı, sonra da axşama qonaq çağırdı. Səbzi plov bişirəcəkmiş. Ən sevdiyi. “Axşama tez-bazar nə bişirim?” sualının üstündən bir günlük xətt çəkmək olardı. Anası pay qoysa, iki günlük də.
Kafeyə girəndə havadakı həyəcanlı pıçıltını hiss etdi. Deməli, gəlmişdi. Kafedəkilər bir zamanlar onun dostu olmuş məşhur gülüş ustasını müzakirə edirdilər. O isə həmin məşhurla görüşə gəlmişdi. Deməli, onu da müzakirə edəcəkdilər. Ən az o məşhur qədər.
Bəzən yüksəklərə qalxmaq üçün uça bilən bir adamın yanında dayanmaq kifayətdir. Bunun əks göstərişi də ola bilər, əlavə yüklənmə uçuşa maneçilik törədə bilər. Belə olduğu halda nə etmək lazımdır? Pəhriz saxlamaq və güclü qanadları olan insanlarla dostluq etmək.
          Salam.
          Salam.
          Necəsən?
          Yaxşı.
Fikirləşdi ki, dialoqun kimin başladığı oxucuya məlum olmadı. Nə fərqi var ki? Sonra fərqi olduğunun fərqinə vardı. Bütün başlanğıcların və sonların həmişə fərqi olmalıdır.
          İşlərin necədir?
          Pis.
          Sən heç nə soruşmaq istəmirsən?
          Bütün suallarıma televizor vasitəsilə cavab tapmışam.
          Baxırsan mənə?
          Ailəlikcə.
          Bəs “Distrofik” dedi ki, hələ evlənməmisən?!
          Anamla baxıram.
          Atan baxmır?
          Atamın səndən xoşu gəlmir.
          Ananın gəlir?
          Anama “xalxın uşağı” həmişə maraqlı gəlib.
Güldü. Dilənçi kişi kimi. Bütün kişilər kimi.
          Niyə görüşmək istədin?
          İş barədə danışacaqdım. Bu vaxta kimi tək idim. Artıq prodüsserim var. Agentim də. Prodüsserim agentimə komanda yığmağı tapşırıb. Mən də bir şərt qoydum ki, səni özümə redaktor istəyirəm.
          Nə?
          Redaktor.
          Demə ki, kitab yazırsan.
          Yox. “Stand-up”larımın mətnini yazan lazımdır. Özü də dilin bütün qayda-qanunlarına riayət edərək.
          İstəyin nitqini də dəyişib.
          Özümü sənə göstərirəm. Nə isə, razısan?
          İş nədən ibarət olacaq?
          Sənə qaralama mətnlər veriləcək. Onları elə düzəldəcəksən ki, ortalığa çıxarmaq olsun. Saytım açılacaq. Hər çıxışım mətni ilə birgə ora yerləşdiriləcək. Sosial mediada səhifələrim açılıb. Onlara arada müsahibələrim, şəkillərim, çıxışlarım yüklənməlidir. Belə. İş bundan ibarətdir. Nə deyirsən?
          Razıyam.
          Belə tez?
          İndiki işimin tualetindən zəhləm gedir.
          Aydındır.
Gözlərinə baxdı. Həqiqətən aydınlıq içərisində idi. Tələsmirdi. Artıq nahar fasiləsində deyildi. Bu gün zamanı başlıqlı dövrlərə bölünməyəcəkdi. Bir azdan zəng edib işdən çıxacağını deyəcəkdi. Bəlkə də demədi. “Qoy elə bilsinlər, maşın vurub ölmüşəm” – belə bir axmaq fikir keçdi başından.
          Səncə dünya sənin zarafatlarının yer ala biləcəyi qədər mənasız yerdir?
          Yəqin.
          Çıxıb insanların qabağında zənciyə “zənci” deməyin nəyi gülməlidir?
          Heç nəyi.
          Bəs tamaşaçıların nəyə gülür?
          Cəsarətimə.
          Cəsarətinə? Səncə zənciyə zənci demək üçün cəsarətli olmalısan?
          Hə.
          Onda gülməli olur?
          Yox. Gülməli olan mənim kimi cəsarətsizin özünü cəsarətli göstərməsidir.
          Onda bütün “-sız, -siz, -suz, -süz”lərin “-lı, -li, -lu, -lü” görünməsi gülməlidir?
          Yəqin.
          Çətindir.
          Elə də yox.
          Bunu demirəm. Ümumiyyətlə çətindir.
          Yəqin.
Əl sıxdılar. Sağollaşdılar. Dost bütün kişilər kimi maşınla evə kimi ötürməyi təklif etmədi. O da bütün qadınlar kimi “niyə məhz mən?” sualını vermədi. Amma hər ikisi görüşdən məmnun ayrıldı. Standart insanların qeyri-standart məmnunluğu. Sevincli deyildi. Rahat idi. Əmin idi. Əmin idi ki,  bu rahatlıq bir müddətdən sonra özü ilə sevinc gətirəcək.
Hava əla idi. Bir az parkda gəzmək qərarına gəldi. Sonra fikrindən döndü. Anasıgilə gedəcək. Anasına plov dəmləməkdə kömək edəcək. Bütün nümunəvi qızlar kimi. Sonra birlikdə süfrəni düzəldəcəklər. Atası şərab açacaq. Tək içməyi xoşlamayan ata və qız. Tək yeməyi xoşlamayan ana və qız. Klassik üçlük.
Neçə müddətdən sonra çantasındakı qulaqlığı taxdı, mahnı səsləndi. Hansı mahnı idi? Sözləri tanış gəlmədi. Elə musiqi də. Niyə birinci sözlər? Çünki sözlər həmişə birincidir. Növbətiyə keçdi. Bunu da xatırlamadı. Həyəcanlandı. Niyə? Kim tərtib edib bu pleylisti? Növbəti. Heç nə. Növbəti. Sakitləşdi. The Horrors “Still life”. İşıqfora baxdı. Gəzən yaşıl adam. O da bu gün yaşıl köynək geyinmişdi. Yolu açıq insanların rəngi. Mahnının səsini qaldırıb ayağını ağ zolağa atdı.
Maşının necə dəydiyini hiss etmədi. Amma yerə çırpıldığını, başındakı ağırlığı hiss etdi. Qulağında səslənən mahnı bütün bu murdar hadisəyə xüsusi gözəllik qatdı. Ağlına ilk gələn fikir bu oldu – səbzili plov yeyə bilməyəcək. Bəlkə təcili tibbi yardım tez gəlsə, bildi. Həmişə qəhrəmanların sağ qaldığına inanırdı. İndi başa düşdü ki, qəhrəmanlar sağ qalmır, sağ qalanlar qəhrəman olur. Sağ qalmağı isə bu hekayədə bilinməyəcək. Anasıgildən ayrı yaşamasının, işinin tualetindən nifrət etməyinin səbəbi kimi. Köhnə dostunun, məşhur direktorunun söhbət əsnasında qeyd etdiyi “Distrofik”in kimliyi də məlum olmayacaq. Və ən əsası – gözəl olduğunu bilmədən getmək istəmirdi. Kaş bütün kişilər yalan danışmazdı. Heç olmasa dilənçi kişilər.
Sağ qalmaq. Ola da bilərdi, olmaya da. Hərçənd təcrübəsi göstərirdi ki, olmamaq ehtimalı daha çoxdur. Olmayanlar sayca çox olmalı idi. Təbiətin, ya da qeyri-təbiətin mənasız, ya da müdrik qanunu belə idi. Nə edə bilərdi ki? Bu vaxta kimi kim nə edə bilmişdi ki? Edə bilmədikləri olmayanlara çevrilmişdi. Edə bildikləri də. Fəaliyyətsizlik və ya razılaşmaq – bütün məsələ bu idi.
Qulaqlıqdakı mahnı isə layla çalırdı. Amma birinci sözləri gəlirdi:
When you wake up, when you wake up,
You will find me