İstər ədəbiyyatda,  istər kino sahəsində distopik janrı çox bəyənirəm. Məncə, həmin sahədə əsər yaradan şəxsin təxəyyül gücü orta statistik yazıçı və rejissorun təxəyyül gücünü kölgədə qoyur,  oxucunun da baxış bucağını genişlədir,  daha qlobal nəsnələr haqqında düşünməyə vadar edir. Bütün bunları yazmaqda məqsədim nədir? Göstərmək istəyirəm ki,  mənim də bəsirət gözüm açılıb. Orhan Pamuk qədər olmasam da, oxuduğum hər kitabdan sonra müəyyən qədər dəyişdiyimi hiss edirəm.

Uzun sözün qısası,  Yeni il ərəfəsində keçirilən yarmarkada Oldos Hakslinin “Cəsur yeni dünya” əsərini almışdım. Distopiya eşqimə rəğmən bu əsər və yazıçı haqqında heç nə eşitməmişdim. Sonra romanın janrın ən yaxşı on əsərdən biri olduğunu oxuyanda bir anlıq cahilliyin surət alıb kənardan  istehzalı bir şəkildə mənə güldüyünü eşitdim.

Ən az “1984” və “Farenheyt 451”-də olduğu kimi zövq alacağımı düşünmüşdün. Tam əksi oldu. Səbəbini bilmirəm. Ya gözləntilərimi çox şişirtmişdim,  ya da janra artıq öyrəşmişəm. Hərçənd Hakslinin təklif etdiyi gələcəyin daha real olduğunu düşünürəm. Çünki insanları qorxuda saxlayıb, zorla nələrəsə məcbur etməkdənsə,  guya azadlıq verib əyləncələrlə nəzarətdə saxlamaq daha asandır. Bir insana nə lazımdır? Yemək,  içmək,  əylənmək,  seks,  pis şeylər haqqında düşünməmək, həmişə şad-xürrəm yaşamaq. Hakslinin təklif etdiyi ssenari də insanları bunlarla təmin edir.

350 səhifəlik romanın 211-ci səhifəsində meydana çıxan əsərin baş qəhrəmanı “Vəhşi” ləqəbli Conun timsalında görürük ki, insan olmaq üçün həm də fikir çəkmək,  məyus olmaq, bədbəxt olmaq lazımdır. İnsanı bədbəxt olmağa qoymamaq da əslində elə bədbəxtlikdir.

p.s. Adı nəzm nümunələrindən götürülən əsərlər siyahıma növbəti əlavə olundu. “Cəsur yeni dünya” Şeksprin “Tufan” pyesindən götürülüb.