Dino Buzattinin “Tatar çölü” əsərini çoxdan oxumaq istəyirdim. Haqqında çox eşitmişdim, ünvanına səslənən təriflər marağıma səbəb olmuşdu. Qismət 2018-ci il, aprel ayına imiş.

Məndə mütaliə etdiyim kitablar adətən aşağıdakı kateqoriyalar üzrə təsnif olunur:

  1. Aldım/aldılar, oxudum, bəyəndim;
  2. Aldım/aldılar, oxudum, bəyənmədim; 
  3. Aldım/aldılar, oxudum, TƏRCÜMƏNİN “GÖZƏLLİYİ” İMKAN VERMƏDİ BƏYƏNİM.

“Tatar çölü” 1-ci və 3-cü kateqoriyanın qarışığı oldu. Başqa dildə oxusaydım, əminəm daha çox zövq alardım. Belə ki, “hər addımlarını” (səh. 18), “dağlar silsiləsi” (səh. 25), “başına düşüb ki” (səh. 67), “asanlıqla saxta çalmaq olardı” (səh. 137),”baş ştab” (səh. 219), “sanki“-lərin “guya” olmalı olduğu yerlər, yersiz işlədilən “haçan ki“, “hansı ki“, “hər hansı“, “necəsə” kəlmələri və sair bu kimi səhvlər MƏNİ YORDU. Bəli, başa düşürəm ki, tərcümə sahəsi axsayır, kitab nəşrində gəlir azdır, ancaq bir işə imza atırsansa, qarşılığında aldığın pul nə qədər az olursa olsun da, buna razılıq vermisənsə, keyfiyyətli məhsul buraxmağa BORCLUSAN. Ona görə bədii ədəbiyyatla bağlı bütün sorğulardan “Ovod” əsərinin qalib çıxması normal haldır. Belə bir streotipin yaranmasında keyfiyyətsiz tərcümə işlərinin də böyük əməyi var.

Sadaladığım bütün mənfilərə baxmayaraq, əsəri böyük maraqla oxudum, “Tatar çölü”ndə Kafka ənənələrini görənlərlə razılaşdım və Covanni Droqo kimi mənasız şeyləri gözləməyə çox vaxt ayırdığım üçün özümü qınadım. Əslində, Droqonun hekayəsində özümü və demək olar, şəraitin məğlub etdiyi hər kəsi gördüm:

  • Bastiani qalasına təyin olunan, vətəninin müdafiəsində faydalı olacağını düşünən, böyük ümidlərlə yeni işinə başlayan Droqo = məktəbi bitirdikdən sonra universitetə, universiteti bitirdikdən sonra böyük ümidlərlə işə başlayan ofis planktonu; 
  • Qalanın darıxdırıcı olduğunu görən kimi şəhərə geri dönmək istəyən Droqo = “Greencard” qeydiyyatından keçib xaricə qaçmaq istəyən əhmədli sakini;
  • Arzusuna ölüm ayağında çatan və onun reallaşmasında iştirak edə bilməyən Droqo = Dünya əhalisinin 90%-i.

Hamımız Droqoyuq. Böyük arzular quran, məişətin təzyiqi altında həmin arzuların əvvəlcə sayını, sonra keyfiyyətini azaldan, günləri yalnız gördüyü yuxularla bir-birindən fərqlənən Droqolar.

“Əgər Droqo yuxu görməsəydi, bu gecə də o biri gecələr kimi keçəcəkdi”