Bloq-posta başlamadan əvvəl bir məqamı qeyd edim ki, mənim səyahət yazılarım məsləhət xarakteri daşımır, sırf huşsuzluqla mübarizə məqsədi güdür.

Ötən il İstanbul səfəri ərəfəsində çox həyəcanlı idim. Çünki İstanbul görmək istədiyim şəhərlər arasında TOP-10-da yer alırdı, səfərimiz ölkə üçün tarixi bir dövrə (növbədənkənar seçkilər ərəfəsi) təsadüf edirdi, səyahət proqramımız çox zəngin tərtib edilmişdi, üstəlik, cütlük kimi deyil, kollektiv şəkildə (4 nəfər) səyahət edəcəkdik.

Biliklərimə, gözləntilərimə rəğmən yaxşı mənada təəccübümə səbəb olan gəzməli-görməli yerləri ardıcıllıqla düzürəm (heç bir tarixi məlumat, maraqlı fakt qeyd etmədən, sırf məndə doğurduğu təəssüratlara əsaslanaraq):

Dolmabahçe sarayı – türklərə “atış gəldiyimiz” ilk və son yer oldu. Ölkə vətəndaşı olduğumuzu söyləyən Orxan adambaşı 90 lirəlik bileti 45 lirəyə aldı. Qeyd edim ki, digər tarixi abidələrdən fərqli olaraq burda audio bələdçi biletin üzərində havayı verilir və bunun ziyarətçiyə çox köməyi dəyir.

Aşağıdakılar nadir şəkillər seriyasındandır, çünki içəridə çəkilişə icazə yoxdur. 

Ayasofiya muzeyi – təmir-bərpa işləri tikilinin gözəlliyindən həzz almağa mane olmadı. İçəridə uçan göyərçinlər isə özümü Tom Henksin tərəf müqabili kimi hiss etdirirdi.

Yerəbatan sarıncı – qəribə, müəmmalı təsir bağışladı.

Rahmi Koç muzeyi – konsept muzeylərə ən yaxşı nümunə ola bilər. Zəngin kolleksiyaya malikdir. Nümayiş etdirilən eksponatlar əyləncəli, eyni vaxtda maarifləndirici xüsusiyyəti ilə seçilir. Məncə, bu muzeyə uşaqlarla baş çəkmək ikiqat zövqlü olar. Əsas biletdən əlavə muzeyin nəzdində fəaliyyət göstərən sualtıqayığa da bilet almışdıq. Bələdçi kapitanın müşayiəti ilə sualtıqayıqla tanışlıq cəmi 20 dəqiqəmizi alsa da, bizə bir ömür kimi gəldi. Məkan darısqal və isti olduğu qədər, maraqlı idi. Klaustrafobiyadan əziyyət çəkənlər bir xeyli şikayətləndi. Sualtıqayıq turunda çəkilişə icazə yoxdur.

Masumiyet muzeyi – dörd il əvvəl yazdığım bloq-post (https://blue-foxfolks.blogspot.com/2015/04/pamukla-msum-olmaq.html?q=orhan) bu cümlələrlə bitirdi: “Və əgər bir gün İstanbula getsəm, məsumlaşmaq üçün üz tutacağım məkanlar arasında Çukurcumadakı qırmızı bina mütləq olacaq”. Və budur, bir gün (18 iyun, 2018) İstanbula getdim, məsumlaşmaq üçün olmasa da, marağımdan üz tutduğum məkanlar arasında Çukurcumadakı qırmızı bina da oldu.

 Geniş kütlənin xəbəri olmayan, dar çevrənin, sırf həmin sahə ilə maraqlananların ziyarət etdiyi yerləri xoşlayıram. Burada da ziyarətçi az idi, sanki hamını bir-birinə mistik bir bağ bağlayırdı, hamı eksponatların məlumat qeydini oxumadan belə onların nə olduğunu çox yaxşı bilirdi. Roman canımı sıxmışdı, yormuşdu, həyatdan bezdirmişdi, darıxdırıcı gəlmişdi, amma muzey bir o qədər maraqlı və həyəcanverici idi. İki dəqiqədən bir şəklinin çəkilməsini xahiş edən, xalam qızına “qabırğa olan” ədəbiyyat müəlliməsini nəzərə almasaq, hər şey çox yaxşı keçdi. 

Kamalın gəbərdiyi çarpayı
Qəhrəmanlarımızın rastlaşmasının səbəbkarı
Ən sevdiyim – “Səni xatırladan küçələr” xəritəsi 
Füsungildən oğurlanan saysız-hesabsız duz qabları
Həmin Münhauzen – beynimizi çürüdən ədəbiyyat müəlliməsi

Ortaköy məscidi – məncə, İstanbulun üzü olacaq iki abidədən biri Ortaköy məscididir. Digəri isə Qalata qülləsi.

Ömrümdə yediyim ən dadsız vaflilərdən ikincisi

Qalata qülləsi – İstanbul haqqında bir neçə city-bloggerin instagram hesabını izləyirdim. Və bir də ayıldım ki, bu qüllənin istənilən hava şəraitində, istənilən mövsümdə istənilən rakursdan çəkilən bütün şəkillərini “like” etmədən keçə bilmirəm. Bir növ aludəçisi olmuşdum. Amma təəssüf ki, onu gecə saatlarında ziyarət etdik. Düz yaxınlığında yerləşən kafedə oturub, qəhvə içə-içə saatlarca ona baxdım, özümü yenilənmiş və gümrah hiss etdim. Yəqin insan arzularına çatanda, nə qədər yorğun olursa olsun, xoşbəxtliyin bəxş etdiyi duyğudan yenidən doğula bilir. İstanbula bir də yolum düşsə, Qalata qülləsinə işıqlı havada da tamaşa edəcəm. Sadəcə sehrin nə olduğunu bilmək istəyirəm. Ya da istəmirəm 🙂

Sultanahmet məscidi – qaldığımız evə yaxın olduğu üçün ilk üz tutduğumuz yer olmuşdu. Belə böyük tikililərdə həmişə özümü aciz və gücsüz hiss edirəm.

Türk və İslam Əsərləri Muzeyi – bu muzeyə Orxanın məsləhəti və təkidi ilə getdik. Topkapı muzeyindən fərqli olaraq, ziyarətimiz çox sakit keçdi və ən xoş təəssüratlarla ayrıldım.

“Xəmsə”, Nizami Gəncəvi

Büyükada – yadımda gözəl ağ köşklər, güllü-çiçəkli bağçalar, qələbəlikdən uzaq sakit bir yer kimi qalacaq. Belə bir cümlə ilə xatirələrimə nöqtə qoymaq istərdim, amma at nəcisinin qoxusu hələ də burnumdadır. Velosiped sürə bilməməyimə görə ilk dəfə Büyükadada  bu qədər peşman oldum. İlk dəfə Büyükadada tənbəlliyimə görə özümü qınadım. Velosiped sürmək nədir ki, mən boyda insan onu hələ öyrənib qurtara bilməmişəm?!

Reşat Nuri Güntekinin evini çəkmək üçün “arabacıııı, duuuur!” dedik. 

İstanbul Akvarium – gülməli səslənsə də, buranı ilk dəfə Özcan Denizin dram janrında çəkdiyi, amma bizim ağlayana qədər güldüyümüz “Evin sensin” filmində görmüşdüm. Bu il izlədiyim “Şahsiyet” serialının final seriyasında baş verənlərin bir qismi də burada cərəyan edirdi. Və Agah beyin şərəfinə “İstanbul Akvarium” səfər proqramında öz layiqli yerini tutdu.

Ta ki, səhvən iki stansiya qabaq avtobusdan düşüb, piyada, gün başımıza döyə-döyə, “Atatürk” hava limanına eniş edən təyyarələrin uğultusu altında akvariumun yerləşdiyi “Akva Florya” alış-veriş mərkəzinə ayaq döyənə kimi. Həmin 20 dəqiqəlik yolda akvariumun bünövrəsini qoyanların hamısını “yad elədim”. Amma necə deyərlər, bütün əziyyətimizə dəydi. Ən azından təkcə ona görə ki, ömrümdə ilk dəfə canlı pinqvin gördüm. Amazon meşələri və “Yağmur ormanları” ikinci sevimli yerim oldu.

Allah haqqı, pinqvindir

Qapalı çarşı və Misir bazarı – bura valyuta mübadiləsinə görə gəlmişdik. Dolların ən yüksək məzənnə ilə burada mübadilə edildiyini oxumuşduq. Düzdür, sonra qaldığımız evə daha yaxın yer tapdıq. Amma birinci gün “həm ziyarət, həm ticarət” deyib, çarşıda bir xeyli gəzişdik. Turist kifayət qədər çox idi, satıcılar alıcı potensialının olmadığını görən kimi  kobud davranırdılar. Bütün bunlara baxmayaraq, rəngarəng şərq ab-havası üçün bura getməyə dəyər. Qapalı çarşı nə qədər böyük və qələbəlik olsa da, Misir bazarı bir o qədər sakit və səliqəli idi. Ya da məni satılan ədviyyatın, quru meyvələrin rəngi valeh etmişdi. 

Topqapı sarayı – ən böyük “hüsranı” burada yaşadım. Saraya məxsus həyətləri, köşkləri, saray mətbəxlərini, kitabxananı və sair bölmələri çox asanlıqla gəzdik. Elə ki, “Müqəddəs əmanətlər kolleksiyasına” çatdıq, böyük bir tıxacın içinə düşdük. Buranın muzey olduğunu unudan dindar ziyarətçilər Məhəmməd peyğəmbərə məxsus olduğu qeyd olunan əşyaların qarşısında buz heykələ dönüb, növbə mədəniyyətinə tüpürərək yerlərindən tərpənmək istəmir, az qala həmin eksponatları sitayiş yerinə çevirmişdilər. Son dövrlər “ərəb turist” deyilən fenomen ortalığa çıxıb. İstanbulda da bu fenomenin ən pis cəhətlərinə şahid olduq, yerli sakinlərin onlarla və onların pintiliyi, səliqəsizliyi, dikbaşlığı ilə bağlı şikayətlərini eşitdik.

Topqapı sarayının aşağısında şəhərə möhtəşəm mənzərəsi açılan “Konyalı Lokantası” fəaliyyət göstərir. 

Taksim – Bakıdan aldığım sandalın qat-qat ucuz qiymətə satışda olduğunu görüb kefim qaçdığı üçün bu küçəyə qərəzliyəm. Üstəlik, xoşagəlməz hadisə yaşanmışdı, səs-küy, vağır-vuğur, bir sözlə, vosmoyun bazarı.

Balat – bu məhəlləyə üz tutmağımızın çox bayağı bir səbəbi var idi: “Çukur” serialını izləyən xalam qızını sevindirmək istəyirdik. Serial Balatda çəkilir. Son dövrlər bura gənclərin tez-tez üz tutduğu yerlərdən birinə çevrilib. Bloggerlər ora gedənləri ehtiyatlı olmağa çağırır. Hərçənd biz gündüz vaxtı getmişdik, heç bir çətinliklə, təhlükə ilə üzləşmədik. Qəsəbənin özünəməxsus ab-havası, vintaj ruhu var.

Eminönü – balıq iyi verən 20 yanvar metrostansiyası dairəsi

#yeyibiçmək

Midyeci Ahmet – Harasa səfər edəndə tarixi abidələrlə yanaşı, yemək istədiyim təamların da siyahısı olur. İstanbul səyahətimiz zamanı bu siyahıda birinci yerdə midyə dolması gəlirdi. İnternetdə araşdırdıq, məlum oldu ki, İstanbulun ən yaxşı midyə dolması “Midyeci Ahmet”də verilir. Həmin gün çox gəzdiyimizdən sürünə sürünə üz tutduq ora. Növbəni, qarışıqlığı, səs-küyü, kokoreçin iyini görəndə KOLLEKTİVdən üzr istəyib, geri dönmək təklifi etdim. Ancaq həmişə olduğu kimi Orxan sona qədər getdi, o boyda müştərinin içində bizə boş masa da tapa bildi. Bir oturuma bir vedrə midyə dolması yedik. Başlanğıcda qərəzli münasibəti ilə seçilən Orxan az qalmışdı evə də sifariş etsin. Çox dadlı idi, lap çox, lap, lap çox. Ümid edirəm, Ahmet bu məzlum bəndələrin duasını eşidər, bir az da pullanıb, Bakıda da filial açar.

Hafiz Mustafa – Bəs desertsiz olarmı? Əlbəttə, olar. Ancaq üç qadının olduğu yerdə günah olar. Kafedə birinci dəfə dondurmalı künəfə yedik. Nəsillikcə türk mətbəxində ən sevdiyimiz şirniyyatdır. Çox dadlı olduğu üçün ikinci gedişimizdə rəngarəng muhallebilərin dadına baxdıq. Məndən məsləhət (hərçənd məsləhət verməyəcəkdim), muhallebinin görünüşünə aldanıb, meyvəli seçməyin. Çox şirin olduğu üçün adamın ürəyini vurur. Ən yaxşı moruqlu(frambuazlı)və fıstıqlı versiyası idi. Bir gün də səhər tezdən Büyükada vapuruna tələsəndə buradan poğaça almışıq.

Levent börekçisi – Səhər yeməyinə ideal yerdir. Türklərin israfçı uzun “kahvaltı sofralarındansa”, buranın börəklərinə üstünlük verərdim. Ən çox basdırmalı börəyi sevdim. Amma hamısının dadına baxa bildim. Çoxluqla səyahət etməyin bəlkə də yeganə müsbət cəhətlərindən biri bir neçə şey sifariş edib, hər şeyin dadına baxmaqdır.

Agapia mezze – Siyahıda meyhanədə rakı içmək də var idi. Bakıda bir neçə dəfə rakı təklifi alsam da, İstanbul səfərinə saxlamışdım. Meyhanə tapmağımız isə əsl əyləncə oldu. Kadıköydə gəzirdik, bir də gördük ki, meyhanələrin olduğu küçədəyik. Dedik elə gəlmişkən, oturaq. Sən saydığını say, gör cümə günü nə sayır. Bir neçə adlı-sanlı meyhanə boş yerinin olmadığını deyəndən sonra başa düşdük ki, sən demə türklərin “hayırlı cumalar” ifadəsinə iş həftəsinin sonu “rakı sofraları” da daxildir. Artıq ümidimizi itirib, sonuncu məkana girəndə administrator yorğun halımızamı yazığı gəldi, yoxsa Orxanın şirin dilimi kömək oldu, bizə masa təşkil etdi. Ən dadlı məzə yediyimiz yer oldu. Haydari, babaqanuş, hamsili məzə, albalılı sarmanın dadı hələ də damağımızdan getməyib. Gecənin gedişatında meyhanə sahibinin hacı olduğunu və dilinə heç vaxt spirtli içki almadığını öyrəndik. İstanbul belə ziddiyyətlər şəhəridir.

Secret garden restaurant – Büyükadaya səfərimizdə turistlər kimi sahilboyu yerləşən balıq restoranlarında deyil, məhz arxa küçələrin birində, hotelin nəzdində fəaliyyət göstərən, kiçik, rahat, gözəl bağçası olan “Secret garden”-də nahar etdik. Burada isə ən sevimli təamım osminoq salatı oldu.

Cuma kafe – “Masumiyet” muzeyindən çıxandan sonra üzü yuxarı gedirdik, “homemade deserts” elanını görüb, içəri keçdik. Məlum oldu ki, həmin elanın asıldığı kafe ilə bizim oturduğumuz kafe fərqli məkanlar imiş. Sadəcə çox yaxın yerləşdiyindən, biz həyəti səhv salmışdıq. Sonra isə həvəs olmadı durub o biri tərəfə keçməyə. Elə “Cuma” kafedə oturub, türk qəhvəsi içdik. Söhbətləşdik, söhbətləşənlərə qulaq verdik. Düzdür, fərqli təamın dadına baxmadıq, amma orada keçirdiyimiz 2 saata yaxın vaxt bütün yorğunluğumuzu aldı götürdü.

Bonus: “Pera balık” – buranı Taksimdə alış-veriş etdikdən sonra tapmışdıq. Düzdür, dorada (türklər çipura deyir) balığın dadı damaqda qalanlardan olmadı, amma ümumi ab-havası, işçilərin səmimi və mehriban münasibətinə görə restoranı mütləq qeyd etməliydim.

P.S.