Con Steynbekin “Qəzəb salxımları” əsərini oxuduqdan sonra bir daha əmin oldum ki, müəlliflə bağlı müşahidəmdə haqlıyam: yazıçı tanış olduğum hər növbəti əsərində tamam başqa əhvala bürünür.

“Qəzəb salxımları” ağır əsərdir, amma bu, Dostoyevski ağırlığı deyil. Çünki bu ağırlığın səbəbi  çarəsizlik, ümidsizlik deyil, əksinə, yaşamaq, var olmaq istəyidir, mübarizə aparmaq, davam etmək, həyatda qalmaq iddiasıdır.

Yazıçının romanın üzərində uzun müddət işləməsi hər xırda detalda, ətraflı təsvirlərində bəlli olur. Və bu dolğunluq, zənginlik məni yordu, bir də ayıldım ki, nöqsan axtarıram, bəhanə tapmağa çalışıram. Sonra içimdə baş qaldıran qəzəbin səbəbini başa düşdüm: əsər keçmişin ağır günlərini yada salmışdı. 
Oxuduğum kitablar haqqında fikirlərimi bölüşəndə çalışıram ki, süjetdən deyil, təəssüratlarımdan yazım. Süjet haqqında informasiyanı hər yerdən əldə etmək mümkündür, hətta bəzi romanların qısa xülasələri təqdim edilən saytlar (briefly.ru) var. Arada obrazların adı yadımdan çıxanda mən də həmin resurslara müraciət edirəm.

Çak Palanik deyir ki, oxumaq istədiyin kitabı yaz. Onun bu məsləhətindən irəli çıxaraq, mən də təəssüratlarımı bölüşürəm. Eyni əsərin, eyni cümlənin, eyni sözün  müxtəlif insanlarda müxtəlif təəssüratlara səbəb olması, müxtəlif xatirələr oyatması bu həyatın ən gözəl qəribəliklərindən biri deyilmi?

“Qəzəb salxımları”nda Coudlar ailəsinin köç hekayəsini oxuduqca 1993-cü il oktyabr ayı (təsadüfə bax, yenə də oktyabrdır) yadıma düşdü. Niyə məhz həmin tarix? Çünki onda babamgil qaçqın gəlmişdi. Qaçqınlar arasında Zəngilan “ən son gedən rayon” kimi tanınırdı. Babamgil də “ən son gedən rayon”un “ən gec çıxan sakinləri” idi. Min bir əziyyətlə Oklahomodan Kaliforniyaya üz tutan Coudlar ailəsi kimi bizimkilər də “güllə səsinin altında” rayonu tərk edib, Arazı keçib, Bakıya gəlmişdilər.

1993-cü ildə baş verən səhnə və atamla babam arasındakı dialoq indiyədək yadımdadır. Babamgilin özləri ilə gətirdiyi yük Bakıdakı mənzilimizin qonaq otağının düz ortasına boşaldıqdan sonra hamı oturdu və dərindən ah çəkdi. Ağır bir ah. İtirilənlərə rəğmən sağ qalmanın verdiyi ümid… Hələ də ümid edə bildiyinə görə vicdan əzabının verdiyi o ağırlıq… Sonra atam, anam və bibilərim ortalığı qaydaya salmağa başladı, babam balaca çantasından birinci İranda mübadilə edə bildiyi nağd pulu, sonra dəstə-dəstə “sünbüllü” peçenye (üstündə sünbül şəkli təsvir olunduğu üçün adı elə qalmışdı) çıxardı. Yadımdadır, atam hirslə  soruşmuşdu:
– Bu qədər peçenyeni neyləyirsən?
Və babamın o cavabı hələ də qulağımdadır:
– Uşaqların yanına əliboş gəlməyəcəkdim ki?!

İllər sonra İranda istehsal edilən həmin peçenyeni məktəbin yeməkxanasında görsəm də, dadı üçün ürəyim getsə də, heç vaxt almırdım. O qablaşdırma mənim üçün ən ümidsiz günlərin xatirəsinə çevrilmişdi. Günlərin bir günü “Analoji üz qabığı” layihəmi həyata keçirə bilsəm, Steynbekin “Qəzəb salxımları” əsərinə sünbül şəkli təsvir edəcəm.

Yazıçı bütün əsərlərində fərdləri udan sistemdən, bu sistemlə primitiv mübarizə aparan insanlardan bəhs edir. Niyə primitiv? Çünki onların silahı heç vaxt reallaşmayan arzularıdır. “Siçanlar və insanlar”da torpaq sahibi olub, dovşan saxlamaq istəyən Lenni, “Qayğılarımızın qışı”nda ailəsinin maddi durumunu təmin etmək istəyən Ethan Houli kimi burada da Coudlar ailəsinin xəyalları puç olur.

p.s. Həmişə bu fikirdə olmuşam ki, Lev Tolstoyun “Anna Karenina” romanının baş qəhrəmanı Levindir. “Qəzəb salxımları”nda da belə bir oxşarlıqla üzləşdim: məncə, əsərin baş qəhrəmanı keşiş Keysi idi.

İnternetdə axtarış zamanı əsərlə bağlı qarşıma iki maraqlı mənbə çıxdı:

Con Steynbekin “Qəzəb salxımları” romanında işlənmiş simvolizmlərin Azərbaycan dilinə transformasiyası 

Con Steynbekin “Qəzəb salxımları” əsəri haqqında bilinməyən 10 fakt