Ceyn Litell “Sənin yalanın: mənim olan mənim olacaq” (“The Lie of You: I Will Have What Is Mine”, Jane Lythell) 

Ötən il özümə söz vermişdim ki, qadın yazıçıların əsərlərinə daha çox üstünlük verəcəm. Yəqin, həmin an #MeToo hərəkatının təsiri altında olmuşam. Yoxsa öz xoşumla belə bir əsərə pul verməyim azmış kimi, onu sonacan mütaliə etməyimi başqa heç nə ilə izah edə bilmirəm. Annotasiyasında “mənə dünyaları bəxş edəcəyini” söz verən, triller janrında olduğunu iddia edən bu roman əslində iki qadının mənasız bir kişidən ötrü apardığı mübarizədən bəhs edir. Bütün əsər boyu həmin kişinin “sevilməyə layiq” heç bir xüsusiyyətinə şahid olmadım.

Kitabın ən yaxşı tərəfi hadisələrin iki qadının dilindən təsvir edilməsi idi. Bu cür təhkiyə üslubunu çox xoşlayıram. Ancaq verilmiş halda bu da əsəri xilas edə bilmədi.

Bir daha təsdiqləndi ki, bədbəxtlik, fəlakət, qəza və xəstəliyin təsiri nəticəsində insan ya aqressivləşir, ya da passivləşir. Ümid edirəm, bu il aqressivləşməyimizə və ya passivləşməyimizə şərait yaradacaq heç bir pis hadisə ilə üzləşmərik.

Ən yaddaqalan sitat: “Kədər də qorxu kimidir. O, insanı alçaldır, aciz məxluqa çevririr”.

Mark Hedn “Gecə vaxtı itin müəmmalı ölümü” (“The Curious Incident of the Dog in the Night-Time”, Mark Haddon) 

Bu kitabı əldə etməyimə iki şey səbəb olub: birincisi, əsərin adı; ikincisi, əsərin tərcüməçisi Svetlana Quliyeva. Xanım Quliyevanın tərcümə işləri ilə mütəmadi tanış olmağa çalışıram.

Müəllif britaniyalıdır (necə deyərlər, qara yumor “rocks”), əsər bir uşağın dilindən qələmə alınıb. Ümumiyyətlə, uşaq dilindən əsər yazmağın çətin olduğunu düşünürəm. Üstəlik, qəhrəmanımız Aspergen sindromundan əziyyət çəkən bir uşaqdırsa, tapşırıq ikiqat çətinləşir.

Xəstəliyi, xəstəni müşahidə və müşayiət edən insanlar haqqında çox kitab oxumuşam. Amma çarəsiz xəstəliyə yoluxmuş insanlar barədə oxuduğum romanlar çox azdır. Həvəsim və vaxtım olsa, onlardan qısa bir siyahı düzəldəcəm. Ümid edirəm, bu il yaxınlarımızın, sevdiklərimizin xəstəliyi ilə sınağa çəkilmərik.

Bir məsələni də qeyd edim, müəllif “Instagram” sosial şəbəkəsində çox aktivdir. Tez-tez çəkdiyi rəsm əsərlərini öz hesabına yerləşdirir. Belə ki, “Kitabı Karandaşla Oxuyanlar“ın “Instagram” səhifəsindən bu əsərlə bağlı yerləşdilən posta yazıçı verdiyi şərh hamımızı sevindirmişdi.

Ən yaddaqalan sitat: “Yaxşı bir şeyin baş verəcəyini bilmək möhtəşəm bir şeydir, məsələn, Günəşin tutulması və ya Milad bayramında sənə kiminsə mikroskop hədiyyə etməsi kimi. Lakin dişə plomb qoyulacağını, ya da Fransa gedəcəyimizi bilmək isə pis bir şeydir. Ancaq mənə qalsa, baş verəcək şeyin yaxşı, yoxsa pis olduğunu bilməmək hər şeydən betərdir”.

Burak Aksak “Leyla ile Mecnun”

Bəli, “Leyla ilə Məcnun” teleserialını çox gec izləyənlərdənəm. Ekran işində ən çox iki obrazı bəyənirdim: Arda və vampir Leyla. Ümumiyyətlə, absurd komediya sevdiyim janrlardandır. Gözümüzü açdığı üçün Samuel Bekketə “sağ ol” düşür. Kitab gözləntilərimi qismən doğrultmadı, çünki sevdiyim iki obraz demək olar iştirak etmirdi. Məncə, serialdan xəbəri olmayan kitabı oxusa, çox şeyi başa düşməyəcək. Bütün bunları söyləməklə əsərin fəlsəfi dərinliyə malik olduğunu deyil, sadəcə obrazların romanda səthi xarakter daşıdığını, kitabın sırf kommersiya məqsədi ilə çap olunduğunu iddia edirəm.

Paulo Cordano “Qara və gümüş” (“Like Family”, Paolo Giordano)

Kitabı üzqabığına və müəllifin italyan olmasına görə almışdım. İtaliya ən çox sevdiyim ölkə olsa da, ədəbiyyatı ilə elə də yaxından tanış deyiləm. “Qara və gümüş”ün arxasındakı tərif dolu rəylər bu boşluğu doldura biləcəyimə zəmanət verirdi. Heyhat, ümidlərim növbəti dəfə suya düşdü.

Bütün həyatın boyu yükünün böyük bir hissəsini öz çiyinlərində daşıyan, işini yüngülləşdirən, məsuliyyətinə ortaq olan bir insan vəfat edərsə, nə olar? Bəli, bütün nizam-intizamın alt-üst olar, problemlər və çətinliklər başlayar. Lakin ən ağır gələn şey sənə dayaq olan həmin insanın həyatı, qorxuları, sevinci və kədəri, üzləşdiyi çətinliklər barədə heç nə bilmədiyini dərk etməkdir. Əsər bu haqdadır. Ya da mən əsərin bu haqda olmasını istərdim.

Ən yaddaqalan sitat: “Ümumiyyətlə hər məhəbbətin onu görən, bilən, təsdiqləyən bir şəxsə ehtiyacı var, əks təqdirdə sevgini ilğım kimi qəbul etmək olar”.

Pelam Qrenvill Vudhaus (“Stiff Upper Lip, Jeeves”,  P.G. Wodehouse)  

Müəllifin yaradıcılığı ilə təxminən 4 il əvvəl tanış olmuşam. O vaxtdan bəri Vudhaus öz incə yumoru ilə ən ağır, dözülməz günlərimin dostuna çevrilib. Ötən il də fərasətli Civsin məzəli sərgüzəştləri üzümü güldürdü.

Ən yaddaqalan sitat: “Ser, hər şeyin yaxşı olacağına ümid etmək ən doğru strategiyadır”.

Ceyms Ballard “Beton ada” (“Concrete Island”, J.G. Ballard) 

Sağ qalmaq haqqında hekayələr (bax: “Robinzon Kruzo“, “Didərgin” və s.) mənə həmişə qeyri-real görünüb. Yəqin ona görə ki, mübariz bir insan deyiləm. Belə ki, tənha adaya düşsəm, eləyəcəyim ilk iş damarımı kəsmək olar. Bu cür hekayələrə inanmadığım üçün onlar mənə həmişə cəlbedici gəlib. “Beton ada” əsərini almağıma da məhz bu amil səbəb olmuşdu. Təsəvvür edin, düz burnunuzun dibində həyat davam edir, insanlar harasa tələsir, əylənir, işə gedir, evə qayıdır, siz isə bütün bunlardan məhrum olmusunuz, səsinizi eşidən, kömək əli uzadan yoxdur. Kəsərli, maraqlı dialoqları sevirəm. Barmaqla sayılacaq qədər dialoq olmasına rəğmən, əsəri birnəfəsə oxuyub bitirdim. Bəyəndinmi? Elə də yox. Amma sonluq hər şeyə dəyərdi.

Ən yaddaqalan sitat: “İndiki dövrdə başqasının xudbinliyindən xəbərimiz olmur. Ta ki onunla üzləşənə qədər”.

Leonore Fleyşer “Yağış adam” (“Rain Man”, Leonore Fleischer) 

Altun Kitab” nəşriyyatının “Ekranlaşdırılmış əsərlər” silsiləsindən olan bu kitabı ötən il mənə hədiyyə etmişdilər. Fleyşer məşhur Hollivud filmlərinin ssenarilərini roman halına salmaqla məşhurdur. Nə deyə bilərəm?! Kifayət qədər uğurlu alınıb. “Saç düzümü başının pulsuz qırxıldığını göstərirdi” ifadəsi isə ailəmizdə zərb-məsələ çevrilib. Hər dəfə gözəllik salonundan çıxandan sonra bu sözləri təkrarlayırıq.

Roald Dahl “Çarli və şokolad fabriki” (“Charlie and the Chocolate Factory”, Roald Dahl) 

Bacım uşaqları sayəsində çatdırıb oxuya bilmədiyim əsərləri oxuyuram. Onlardan biri də Dahlın bu kitabı oldu. Həm “Matilda” əsəri, həm əsər əsasında ekranlaşdırılan film ailəmizin kiçik üzvləri tərəfindən sevildikdən sonra Dahlın digər kitablarına şans vermək qərarına gəldik. Ötən il verdiyimiz ən doğru qərarlardan biri də bu oldu. “Çarli və şokolad fabriki” adlı ekran işini sırf Vonka rolunu ifa edən Conni Deppə görə izləmişdim. Filmin  əsər əsasında çəkildiyini bilmirdim.

Kitabı oxuduqdan sonra maraqlı bir faktla qarşılaşdım: əsərdə fabrikdə işləyən balacaboy işçilər Umpa Lumpalar adlanır. Sən demə, “Google” şirkətinin işçilərinə də bəzən “Umpa Lumpa” deyirlər.


Con Steynbek “Qəzəb salxımları” (“The Grapes of Wrath”, John Steinbeck) 

Bu əsər haqqında geniş bloq-post yazmışam.

Ən yaddaqalan sitat: “Ümidsizliyə qapılmağa qürurumuz yol vermir”.

Bernhard Şlink “Olqa” (“Olga”, Bernhard Schlink) 

Şlink “Qiraətçi” əsəri ilə qəlbimdə böyük bir taxt qurub. Bu səbəbdən “Olqa” romanının  işıq üzü görəcəyi günü səbirsizliklə gözləyirdim. Rəfiqələrimlə növbəti görüşlərin birində Sevinc mənə bu kitabı hədiyyə etdi. Necə deyərlər, “aşk tesadüfleri sever”. Ancaq mən “Olqa”nı sevə bilmədim. Sanki əsər Olqadan deyil, qəhrəmanımızın sevgilisi Gerbertdən bəhs edirdi. Daha çox onun varlığı, istəkləri, arzuları ön plana çıxırdı. Bəlkə də bir insanı tanımağın ən yaxşı yolu bir başqasının arzularındakı əksini, proyeksiyasını təhlil etməkdir. Müəllifin üslubu yenə göz oxşayırdı, lakin qəhrəmanlarla isti bağ qura bilmədim, onları özümə yaxın hiss etmədim, hadisələr yanımdan ötəri keçdi, qapını açıb, içəri girməyimə icazə vermədi.

Həm “Qiraətçi“, həm “Olqa“da bir məqam diqqətimdən yayınmadı. O da baş qadın obrazların ümumi oxşarlığıdır. Hər ikisi Penelopa kimi öz Odisseyini gözləyir. Gözləyən, ancaq bununla belə sevdiyindən heç nə gözləməyən qadınlar, deyəsən, Şlinkin yaralı yeridir.

Ən yaddaqalan sitat: “Tarix həqiqətən baş vermiş keçmiş deyil. Tarix bizim keşmişə biçdiyimiz don, onu saldığımız şəkildir”.

Piter Lavsli “Daymondun sonuncu işi” (“The Last Detective”, Peter Lovesey) 

Ötən il “Kitabı Karandaşla Oxuyanlar“ın on illiyi münasibətilə bu əsəri özüm özümə hədiyyə etmişdim. Klassik detektiv janrında qələmə alınmış əsərlər həmişə “Axil daban”ım olub. Hətta bunu utanaraq etiraf edir, zəif cəhətlərimdən biri hesab edirəm.

Xoşbəxtlikdən elə də bayağı əsər çıxmadı. Bircə fərqlə: baş müfəttiş Daymond digər məşhur həmkarları kimi fövqəl qabiliyyətlər nümayiş etdirmədi, hətta bir balaca antipatik gəldi. Əsərin ən maraqlı tərəfi hadisələrin Bat şəhərində cərəyan etməsi idi. Belə ki, süjetdə paralel olaraq sevimli yazıçılarımdan biri Ceyn Ostinin həyat və yaradıcılığına həsr olunmuş festivala hazırlıq işləri təsvir edildiyi üçün onun əsərlərinə yaxşı göndərmələr var idi.

B.A.Paris “Bağlı qapılar arxasında” (“Behind Closed Doors”, B.A.Paris) 

Bu əsərdən sonra özümə bir daha söz verdim ki, üstündə “bestseller” kəlməsi yazılan heç bir kitabı almayacam. Oxuduğum ən bəsit mətnlərdən biri idi. Kişi terrorunu, məişət zorakılığını başlıca mövzu seçən müəllifin üslubu beşinci sinif şagirdinin üslubundan heç nə ilə fərqlənmirdi: eyni təkrarçılıq, eyni darıxdırıcı təsvirlər, eyni mənasız təşəbbüslər. Kitabın üzlüyündə nəşriyyat oxuculara belə bir sualla müraciət edir: “İdeal evlilik, yoxsa mükəmməl yalan?” Cavabım birmənalı şəkildə belədir: söz sayına görə ödəniş etməyən nəşriyyat. Heç bir cümləsi sitat kimi yadımda qalmadı. Ümumiyyətlə belə bir kitab oxuduğumu, bu cür səhvə yol verdiyimi unutmaq istərdim.

Stiven Kinq “Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort” (“Rita Hayworth and Shawshank Redemption: A Story from Different Seasons”,  Stephen King) 

Atamla “Şauşenkdən qaçış” filminə acqarına ən azı 10 dəfə baxmışıq. Əsəri almağıma da məhz filmi izləyərkən apardığımız müzakirələr, təsirləndiyimiz səhnələr səbəb olmuşdu. Nəticədə film mənim üçün əzmin, kitab isə ümidin sinoniminə çevrildi. Ekran işinin kitabdan daha keyfiyyətli alındığı nadir hallardan biridir. Nədənsə əsər film qədər doğma gəlmədi. Hekayə səthi təsir bağışladı.

Ən yaddaqalan sitat: “Xoş niyyət? Eşitmişik. Deyirlər, cəhənnəmə aparan yola döşəyiblər onu”.

Mixail Bulqakov “İt ürəyi” (“Собачье сердце”, Михаил Булгаков) 

Ötən il nəhayət, bütün qərəzimi bir kənara qoyub Bulqakov yaradıcılığı ilə tanış olmaq qərarına gəldim. Və nə yaxşı ki, tanışlığa “İt ürəyi” povesti ilə başladım. Hər cümləsindən həzz aldım. Bir insanın danışa bilməsi, hərəkət etməsi, xülasə, insani fiziologiyaya malik olması onun həqiqətən insan olması anlamına gəlirmi? Müəllif iddia edir ki, bütün sadalanan göstəricilər insanın insan olduğunu söyləmək üçün kifayət deyil.

Ən yaddaqalan sitat: “Əgər mən ayaqyolunda, ifadayə görə üzr istəyirəm, unitaza yox, döşəməyə işəsəm, üstəlik, bunu Zina ilə Darya İvanovna da təkrar etsələr, ayaqyolu xarabaya çevriləcək. Deməli, xarabalıq ayaqyolunda deyil, başdadır”.

Mixail Bulqakov “Master və Marqarita” (“Мастер и Маргарита”, Михаил Булгаков) 

İt ürəyi“ndən qaza gəlib “Master və Marqarita“ya keçdim. Keçməz olaydım… Ya da gərək bir müddət sonra mütaliə edərdim. Rusdilli ziyalıların sevimlisinə çevrilən bu roman bütün sehri məhv elədi. Bəlkə də 6-7 il öncə oxusaydım, zövq alardım. Lakin mütaliə təcrübəm, eyni janrdan olan və daha yaxşı nümunələrlə tanışlıq buna imkan vermədi.

Ən yaddaqalan sitat: “Heç bir xüsusi bacarığım yoxdur, sadəcə, insan kimi yaşamaq istəyim var”.

Virciniya Vulf “Şəxsi bir otaq” (“A Room of One’s Own”, Virginia Woolf) 

TeasPress” nəşriyyatının “Cibə uyğun kitab” seriyasından əldə etdiyim bu kitab Vulf yaradıcılığı ilə tanışlığa yaxşı başlanğıc oldu. Belə ki, kitabı almamışdan əvvəl “Vita və Virciniya” (“Vita and Virginia“, 2019 ) filmini izləmişdim. Ekran işi yazıçının öz həmkarı, britaniyalı zadəgan Vita Sekvill ilə yaşadığı eşq macərasından bəhs edirdi.

İllər əvvəl üç qadının bir günlük həyatından bəhs edən “Saatlar” (“The Hours“, 2002) filmini izləmişdim. Həmin qadınlardan biri Virciniya Vulf idi. Yazıçının adına ilk dəfə orada rast gəlmişdim. Amma film elə də xoşuma gəlmədiyi üçün müəllifin həyat və yaradıcılığını araşdırmamışdım. “Şəxsi bir otaq” isə tamam fərqli hisslər oyatdı. Hər cümləsində “o qədər haqlısınız ki” demək istədim. Bəli, bir qadın yaradıcılıqla, ümumiyyətlə, bir işlə məşğul olmaq üçün şəxsi bir otağa sahib olmalı, maddi cəhətdən heç kimdən asılı olmamalıdır. Yazıçının yaşadığı dövrdə belə bir fikri dilə gətirmək üçün kifayət qədər cəsarətli olduğunu da etiraf etmək məcburiyyətdindəyəm.

Ən yaddaqalan sitat: “Qadınlar əsrlər boyu kişiləri olduqlarından iki dəfə böyük göstərən sehrli və möhtəşəm gücə sahib güzgü rolunu oynayıb”.

Virciniya Vulf “Mayaka doğru” (“To the Lighthouse”, Virginia Woolf) 

Eynilə Bulqakovda olduğu kimi Vulfda da qaza gəlib növbəti əsərə keçdim. Ədəbi tənqidçilərin “ən yaxşı” hesab etdiyi əsərlə başladım. Məncə, oxu texnikama görə mütaliədən istədiyim qədər zövq ala bilmədim. Düşünürəm ki, əsər yazıldığı kimi də oxunmalıdır: yəni, düşüncə axını ilə. Fasilə verilmədən, birnəfəsə… Ona da mənim şəraitim yox idi. Müəllifin növbəti əsərində bu ideyanı təcrübədən keçirəcəm.

Ən yaddaqalan sitat: “…kövrəldi, qəlbində peyda olan kövrəklik əldən çıxıb yerinə qayıdan kol budağı kimi üzünə çırpılmışdı”.

Robert Luis Stivenson “Doktor Ceykl və mister Haydın qəribə əhvalatı” (“The Strange Case of Dr. Jekyll and Mr. Hyde”, Robert Louis Stevenson) 

Bu əsər də “Cibə uyğun kitab” seriyası çərçivəsində nəşr edilib. Kitabı sırf kiçik ölçüsünə görə seçmişdim. Bu cür əsərləri yolda oxumaq rahat olur. Sonra süjeti tanış gəldi. Uşaq vaxtı televiziya kanallarının birində eyniadlı serial yayımlanırdı. Ancaq vaxt edib baxa bilməmişdim. Elmi fantaziya, qotik üslub heç vaxt maraq dairəmdə olmasa da, əsəri birnəfəsə bitirdim. Yılmaz Erdoğan demiş, bəlkə də, əsas məsələ ötürdüyü sosial mesaj idi?! Kim bilir?! Qəlbimin ağrısını kim bilir, həsrətin yanğısını kim bilir… Ya da mən hər insanın içində  bir şeytanın, doğru zamanı gözləyən bir şeytanın yatdığına inananlardanam.

Ən yaddaqalan sitat: “Sual vermək bir qayanı yoxuş aşağı yuvarlanmağa bənzəyir. Təpədə səssiz-səmirsiz oturursan, daş isə öz işini görür, kimisə əzir, hansısa ailəni bədbəxt edir. Sual vermə, ən yaxşısı budur. Bu həyatımın ən önəmli qaydasıdır”.

Anna Qavalda “Mən onu sevirdim” (“Je l’aimais”, Anna Gavalda) 

Anna Qavalda ilə aramızda xüsusi bağ var. Bu qadın ən ağır günlərimdə, ən çarəsiz vaxtlarımda, özümü həddindən artıq pis, tənha hiss etdiyim zamanlarda dadıma çatır. Bu dəfə də eyni şey oldu. Orxanı gözləyirdim. Dedim, asudə vaxtımı yaxşı dəyərləndirim. “Gənclik Mall“-dakı “Libraff” mağazasına girdim, oradan bir kitab seçib mağazanın yanındakı kafedə oturdum. Ən səs-küylü kafelərdən biri olsa da, tez-tez oradan gözləmə zalı kimi istifadə edirəm. Uzun sözün qısası, bir də hiss etdim ki, fondakı səsləri eşitmirəm, qulağıma boş bir uğultu gəlir və mən tamam kitabın içindəyəm. Qeyd edim ki, mövzunun, cərəyan edən hadisələrin mənimlə yaxından-uzaqdan heç bir əlaqəsi yox idi. Amma yazıçı arzuların puç olmasını elə gözəl təsvir etmişdi ki… Ömrü boyu inandığım bir şeyin böyük bir yalandan ibarət olduğunu görmək, qəbul etmək və onunla mübarizə aparmaq hər kişinin işi deyil. Bu zaman azərbaycanlıların tez-tez əl atdığı “acıları müqayisə etmək“, “kimin kədəri daha böyükdür” oyunu da köməyə çatmır. Hərənin bədbəxtliyi özünə görə.

Ən yaddaqalan sitat: “Fikirləşirsən ki, xoşbəxtliyə haqqın çatır. Bunun özü də tələdir”.

Fransuaza Saqan “Bramsı sevirsiniz?” (“Aimez-vous Brahms…”, Françoise Sagan) 

Bu kitab da “Orxanı gözləyərkən oxunulanlar” siyahısındandır. Saqanın məşhur “Salam, kədər” əsəri məndə böyük təsir buraxmadığı üçün uzun zamandır bu yazıçıya müraciət etmirdim. Ötən il şeytanın ayağını qırmaq qərarına gəldim. Povesti oxuduqca “deja-vyu” yaşadığımı zənn etsəm də, “Google” sayəsində havalanmadığımı öyrəndim. Sən demə, uzaq keçmişdə – aktrisa İnqrid Berqmanın pərəstişkarı olduğum dövrdə – əsər əsasında ekranlaşdırılmış filmi izləmişəm.

Saqan bu kiçik hekayəsi ilə ürəyimi fəth etdi. Hər cümləsində Polu hiss etdim, verdiyi qərarlara haqq qazandırmasam da, onu başa düşdüm. Müəllif yenə də bütün bəşəriyyəti düşündürən o məşhur suala cavab tapa bilmədi: niyə qadınların çoxu dünyanı onların ayaqlarının altına atan insanı deyil, onun özünü ayaqaltı əskiyə çevirən insanı sevir? Kobudluq, laqeydlik bu qədərmi cəlbedicidir? Yoxsa həqiqətənmi sevginin gözü kordur?! 

Ən yaddaqalan sitat: “Bədbəxt olmaq üçün əsaslı səbəbinin olması xoşbəxt olmaq üçün cılız səbəbinin olmasından daha yaxşıdır”. 

Ann Filip “Bir göz qırpımında” (“Le Temps d’un soupir”, Anne Philipe) 

Bu kiçik əsər böyük itki ilə üzləşən bir qadının etirafıdır. Müəllif məşhur fransız aktyoru Jerar Filipin həyat yoldaşıdır. Ərinin xərçəng xəstəliyinə tutulduğunu öyrənən Ann Filip həkimlərin məsləhəti ilə bunu ondan gizlətmək qərarına gəlir. Və son günlərinədək ərini sağalacağına, tez bir zamanda ayağa qalxacağına inandırmağa çalışır.

Ötən il oxşar hadisə ilə üzləşdik. Yaxın bir insanı itirdik. Mən israrla xəstənin həqiqəti bilməli olduğunu söyləsəm də, həkimlərin tamam başqa fikirdə olduğunu öyrəndim. Əsərin annotasiyası ilə tanış olduqdan sonra dərhal onu almaq istəmişdim. Bəlkə də, kitabın məni inandıracağına ümid edirdim. Bir başqasının təcrübəsində həkimlərin haqlı olduğunu görmək istəyirdim. Bununla belə, fikrim dəyişmədi. Nə olursa olsun, insan həqiqəti bilməlidir. Ən azından ona görə ki, belə çətin dövrdə “xilas” naminə yalan danışanın yükünü azaltmaq üçün…

Ən yaddaqalan sitat: “Yarpağa nə var ki? Başqaları cücərəcək. Sən ölürsən, başqa bir insanın doğulduğu mənə təsəlli ola bilərmi?”.

Şerşti Skumsvold “Sürətləndikcə kiçilirəm” (“The Faster I Walk, the Smaller I Am”, Kjersti Annesdatter Skomsvold)

 Ötən ilki Bakı Beynəlxalq Kitab Sərgisindən əldə etdiyim iki kitabdan biri bu idi. Müəllifin riyaziyyatçı olması diqqətimi çəkmişdi. Ümumiyyətlə, dəqiq elmlər üzrə təhsil alıb, müvafiq sahədə çalışan insanların humanitar sahəyə meyl etməsi, əsər qələmə alması, yazıçılıq fəaliyyəti ilə məşğul olması həmişə mənə cəlbedici gəlib. Kitaba gəldikdə, “Goodreads“-dəki profilimə baxanda gördüm ki, 5 ballıq şkala üzrə 3 vermişəm.

Nazım Hikmetin məşhur bir sualı var: “Mutluluğun resmini yapabilir misin Abidin?” Mənim üçün bu kitab yalnızlığın rəsmini çəkdi. Yalnızlığın nə qədər absurd bir şey olduğunu, tənhalığı sevənlərin əslində dəli kimi tənhalıqdan qorxduqlarını göstərdi.

Ən yaddaqalan sitat: “Oxuduğum bir kitabda ölümə məhkum edilmiş bir kişidən axirəti necə təsəvvür etdiyi soruşulur. “Bu, xatirələrimi özümlə apara biləcəyim bir həyatdır””.

Etqar Keret “Yeddi bəhrəli il: memuar” (“The Seven Good Years”, Etgar Keret) 

Bu kitab ötən ilin təsadüfü adına layiq görülüb. Belə ki, bir-birini tanımayan iki tanışımdan biri bu əsəri tərifləyib, digəri mənə hədiyyə edib. Özü də təriflənən günün səhərisi təşkil edilən görüşdə. Kitabı oxumağa başlayanda “Möhtəşəm xanım Meyzel” (“The Marvelous Mrs. Maisel”, 2017) serialını yenicə bitirmişdim. Ard-arda yəhudi yumoru ləzzət elədi.

Ən yaddaqalan sitat: “Narahat olma, əzizim. Biz sağ qalmağı bacaranlardanıq. Biz artıq səninlə xəstəliklər, terror aktları, müharibələrə davam gətirmişik və əgər bizi sülhlə hədələyirlərsə, ona da dözərik”.

Varis Dirie “Səhra çiçəyi” (“Desert Flower”, Waris Dirie) 

Bir vaxtlar “Facebook” sosial şəbəkəsində “Kitabqurdu” adlı qrupun üzvü idim. Həmin vaxt qrup üzvləri bu kitabı çox tərifləyirdilər. İmkan tapıb oxuya bilməmişdim. Keçən il bacımın rəfiqəsi əsəri ona oxumağa vermişdi, mən də fürsətdən yararlanmaq qərarına gəldim. Bir ona sevindim ki, vaxtilə pulum cibimdə qalıb. Müəllifin naşı olması hər fəsildə, hər cümlədə bir oxucu kimi gözümə girirdi. Bu vaxta kimi bu qədər “xam” mətn oxuduğum yadıma gəlmir. Eyni şeyləri oxumaqdan təngə gəldim: səhrada doğulmuşam, səhrada böyümüşəm, köçəri həyatı yaşamışam, Allah haqqı səhrada doğulmuşam, atamın canı səhrada anadan olmuşam və sair və ilaxır. Təkrara o qədər yer verilmişdi ki, imkan tapıb qəhrəmanın halına acıya bilmədim. Mənasız yerlərdə retrospektivlər, mənasız dialoqlar, etdiyi əməllərə, verdiyi qərarlara axmaqcasına bəraət qazandırmaq istəyi… “Səhra çiçəyi” “çevir tatı, vur tatı” ifadəsinə yaxşı nümunə ola bilər. Bütün bunlar azmış kimi, oturub mazoxistcəsinə Dirienin bütün müsahibələrini izlədim. Bununla belə, ona qarşı bir qram mərhəmət, rəhm hissi duymadım. Bunun səbəbi özümə də maraqlıdır.

Ən yaddaqalan sitat: “Həyatda həyatın özündən başqa daha dəyərli olan yeganə nemət sağlamlıqdır”.

Boris Vian “Günlərin köpüyü” (“L’Écume des jours”, Boris Vian) 

Boris Vianla ilk tanışlığım hardasa 6-7 il əvvələ təsadüf edir. Keçmiş iş yoldaşım ad günüm münasibətilə mənə müəllifin “Heartsnatcher” (“Ürək qoparan” – ?) əsərini hədiyyə etmişdi. İngilis dili səviyyəm “dərdimi anlatacak kadar” olduğu üçün kitabın qatı hələ də  açılmayıb. Ona görə  “Qara cümə” endirim kampaniyasında yazıçının bir başqa əsərini görən kimi aldım. Özü də 3,60 manata. Məncə, Boris Vian Boris Vian olalı heç belə “ucuz tutulmayıb”. Salvador Dalinin avtobioqrafiyasını çıxsaq, “Günlərin köpüyü” sürrealist üslubda oxuduğum ikinci əsər oldu.

Əsər Vudhaus tərzində başlayır: ironiyalı dialoqlar, qara yumorla zəngin təsvirlər, al-əlvan interyerlər, əyləncə, kef məclisləri. Elə ki, qəhrəmanımızın sevgilisi ölümcül xəstəliyə düçar olur, hər şey dəyişir. Dialoqlar bədbinləşməyə, təsvirlər solğunlaşmağa başlayır. Real həyatda yaxın birini itirmək təhlükəsi ilə üzləşən bir insan tez-tez belə söyləyir: “evdə heç yana sığmıram“, “ürəyim daralır“, “divarlar üstümə-üstümə gəlir“. Vian bu ifadələrin sürrealist rəsmini böyük məharətlə çəkib. Xəstə evi tezliklə daralmağa başlayır, divarları kif örtür, yaşayış çətinləşir. Mənə elə gəlir ki, bir itkini yalnız bu şəkildə belə gözəl təsvir etmək olardı.

Ən yaddaqalan sitat: “Gözlənti minor tonallıqda müqəddimədir”. 

Georgi Kekelidze “İki Sərgüzəşt” 

Bu kitabı da həmin endirim kampaniyasından əldə etmişdim. Nodar Dumbadze yaradıcılığı ilə tanış olduqdan bəri gürcü ədəbiyyatına xüsusi marağım var. Əsəri almağıma da məhz bu maraq səbəb olmuşdu.

Heç belə bir şey hiss etmisiniz? Əsərin ayrı-ayrılıqda hissələrini bəyənmisiniz, ancaq bütövlükdə nədən bəhs etdiyini başa düşməməsiniz? Hətta o qədər ki, annotasiyada vəd edilən süjet xəttinə ipucları da axtarmısınız. Məndə elə oldu. Moşu demiş, əcəlmi hərləyir, nədir?!

Ən yaddaqalan sitat: “Nə sevdiyim olub, nə quyruqlu ulduz görmüşəm. Nə cins şalvar geyinmişəm, nə də almışam. Həyat çox adidi – cümlələrdə payızın proloqu görünür”.

P.S.

Ümumilikdə, ötən il 26 kitab oxumuşam. Sevindirici haldır ki, müəlliflərdən 8-i qadındır. Əsərlərdən 9-nu rusca, 1-ni türkcə, qalanları isə azərbaycanca oxumuşam. Koronavirus imkan versə, bu il də kəmiyyət deyil, keyfiyyət baxımından yaxşı göstəricilərə imza atmaq istəyirəm.