Yeni ili atamgillə birlikdə qarşılamışdıq. Bayram süfrəsi arxasında danışıb gülür, bir-birimizin sağlığına qədəh qaldırırdıq. Həmişəki kimi televizor açıq idi. “Euronews“-dan xəbərlər gedirdi. Elə bu vaxt Çində yeni virusun yayılmağa başladığını dedilər. Atama söylədim ki, biz burda yeyib içirik, Çində millət canı ilə əlləşir. Məndən çıxmayan iş. Çox güman, həssaslığıma şərab səbəb olmuşdu. Və deyəsən, həmin cümləni çox yüksək səslə demişəm ki, indi biz də Novruz bayramını oxşar ab-havada qeyd edirik.

Yeddi il bundan qabaq “Səhnələrdəki Novruz” (http://bluefox.blog/2013/03/23/s%c9%99hn%c9%99l%c9%99rd%c9%99ki-novruz/) adlı bloq-post yazmışdım. Həmin kiçik yazının əsas qayəsi ondan ibarət idi ki, bu bayram özündə o qədər gözəl dəyərlər daşıyır ki, heç bir pis hadisə onun qeyd edilməsinə mane ola bilməz. Yenə “yekə-yekə” danışmışam.

Artıq bir aydan çoxdur, özümü ətraf aləmdən təcrid eləmişəm. Bu müddət ərzində cəmi iki dəfə marketə getmişəm. Ümumdünya Səhiyyə Təşkilatının bütün məsləhətlərinə əməl edirəm. Çünki növbəti bayramları da əzizlərimlə birgə keçirmək istəyirəm.

Əlimi sabunla o qədər yuyuram ki, artıq dərimə bir çox yerdən çat düşüb. Gecələr krem sürtürəm, buna baxmayaraq əlimi suyun altına salan kimi göynədir. Buna görə iki gün öncə nəhayət, qabları əlcəklə yumaq qərarına gəldim. Niyə belə gec başladım? Çünki əlcəklə olanda qabın təmiz olduğuna əmin olmuram. Bu dəfə tüpürdüm, ağrıya dözmək çətinləşir.

Axşam qabları yuyub, əlcəyi kranın yanına asanda “Devid Geylin həyatı” (“The Life of David Gale”, 2003) filmi yadıma düşdü. Filmə baxanlar xatırlayar, vəkil qız professorun günahsız olduğunu məhz qab yumaq üçün nəzərdə tutulan rezin əlcəklər sayəsində başa düşmüşdü.

Həmin əlcəklər

Elə həmin ekran işindən yadımda qalan bu ifadə indiki vəziyyətimizə çox uyğun gəlir: “Ömrü boyu ölümün qarşısını almağa çalışırıq. Yeyirik, kəşf edirik, sevirik, dua edirik, döyüşürük, öldürürük. Bəs ölüm haqqında əslində nə bilirik? Təkcə onu bilirik ki, heç kim geri qayıtmır“. (We spend our whole life trying to stop death. Eating, inventing, loving, praying, fighting, killing. But what do we really know about death? Just that nobody comes back.)

Kevin Spaysi Devid Geyl obrazında

Və professorun sözləri ilə yazımı sonlandırmaq istəyirəm: “Nəticə etibarilə öz həyatımızın əhəmiyyətini ölçməyin yeganə yolu başqalarının həyatını qiymətləndirməkdir“. (Because in the end, the only way that we can measure the significance of our own lives is by valuing the lives of others.)

Ümid edirəm, yaranmış vəziyyətdə vətəndaş məsuliyyətini dərk edib mübarizə aparanların cəhdləri nəticəsiz qalmaz. Başqalarının həyatını qiymətləndirməklə həyatlarına məna qatanlar bundan sonrakı bayramları sevdiklərinin əhatəsində qeyd edərlər. Bayramımız mübarək!