Robert Pirsiqin “Zen və motosiklet təmiri sənəti” əsərinin adına “Facebook”-un “qızıl dövrü”ndə rast gəlmişdim. Onda hələ köşə yazıları dəbdə idi, Zamin Hacı Rauf Arifoğluna mədhiyyə yazmırdı, yaxşı kitab/film tövsiyyətləri verirdi. Bu əsər də onun məsləhət gördüyü kitablardan biri idi. Diqqətimi süjet xətti çəkmişdi: birlikdə səyahətə çıxan ata və oğul. Ümumiyyətlə, valideyn-övlad qarşıdurmasından, valideyn-övlad münaqişəsindən, valideyn-övlad münasibətlərindən bəhs edən əsərləri çox xoşlayıram. Mütaliə təcrübəm zənginləşdikcə, sırf bu mövzu ilə bağlı siyahı tərtib etməyi düşünürəm. Lakin “Zen və motosiklet təmiri sənəti”ni oxuduqca məsələnin daha qəliz olduğunu gördüm. Məhz bu səbəbdən kitabı mütaliə edib bitirməyim fasilələrlə tam üç il çəkdi. Çingiz Aytmatovun “Edam kötüyü“ndən sonra ən gec oxuduğum ikinci əsər oldu.

Əvvəldən qeyd edim ki, bədii deyil, fəlsəfi əsərdir. Dili çətin deyil. Mənim kimi fəlsəfi bilikləri kasad olan bir adam oxuyub orda deyilənlərin 60-70%-ni başa düşübsə, deməli tunelin sonunda işıq görünür.

Əsər avtobioqrafik xarakter daşıyır. Yazıçının oğlu Krislə birlikdə motosikletdə etdiyi səyahətdən bəhs edir. Deyəsən, “Zen və motosiklet təmiri sənəti” səfərnamə tərzində mütaliə etdiyim ilk kitab oldu.

Süjet iki kontekstdən açılır: birincidə səfər edilən yerlər, ordakı insanlar, vərdişlər, ikincidə isə Pirsiqin universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə psixoloji problemlər yaşadığı, şəxsiyyət ikiləşməsi ilə üzləşdiyi dövr təsvir edilir. Mənə ən çox ikinci kontekst maraqlı gəldi.

Robert Pirsiq yazıçılarda ən çox bəyəndiyim iki xüsusiyyəti özündə birləşdirir: birincisi, mənim sözlə ifadə etməkdə çətinlik çəkdiyim, amma intuitiv olaraq hiss etdiyim şeylərə qəşəng tərif verir, ikincisi, gözümün qarşısında olan, heç vaxt fikir vermədiyim adi şeylərə başqa kontekstdən nəzər yetirir, insanı düşünməyə vadar edir. Və əsər boyu elm, idrak, şüur, nəzəriyyə, fərziyyə, keyfiyyət kimi fəlsəfi anlayışların hamısına motosiklet vasitəsilə, motosiklet nümunəsi üzərində aydınlıq gətirir.

Dərk etməni iki növə ayıraq: klassik və romantik.

Klassik dərk dünyanın daxili formasını görür. Romantik dərk isə onun birbaşa xarici görünüşünü. Əgər romantik insana maşın, mexaniki çertyoj və ya elektron sxem göstərilsə, o, çox güman həmin sənədlərdə maraqlı heç nə görməyəcək. Onlar onu cəlb etməyəcək. Çünki romantik insan səthi reallığı görür. Darıxdırıcı çətin ad, xətt və rəqəm siyahısı. Burda maraqlı nə var ki? Əgər həmin çertyoju və ya sxemi klassik insana göstərsək, ya da həmin instruksiyanı ona versək, o, həmin sənədlərə baxacaq, ona valeh olacaq, çünki xətlərdə, formalarda və simvollarda daxili formanın möhtəşəm zənginliyini görəcək.
Romantik üsul ilk növbədə ilhamlandırır, təxəyyül gücünü, yaradıcılığı, intuisiyanı oyadır. Onda faktlardan daha çox hisslər dominantlıq edir. “Elm”ə qarşı qoyulan “İncəsənət” çox vaxt romantikdir. Romantik üslub ağıla və ya qanunlara tabe olmur. O, hisslərə, intuisiyaya və estetik düşüncəyə tabe olur. Şimali Avropa mədəniyyətində romantik üslub adətən qadın başlanğıcı ilə assosiasiya olunur, lakin bu, əlbəttə ki, mütləq deyil.
Klassik üsul, əksinə, ağıl və qanunlarla idarə olunur. Onlar da öz növbələrində daxili düşüncə formaları və davranışları ilə. Avropa mədəniyyətlərində bu, əsasən kişi üsuludur. Elm sahələri, hüquqşünaslıq və tibb bir qayda olaraq məhz bu səbəblərdən qadınları maraqlandırmır. Motosikletdə gəzinti romantik işdir, motosikletin təmiri, ona qulluq etmək isə klassik işdir.

İnternetdən eşələyib tapdığım maraqlı faktlar:

Robert Pirsiq qabiliyyətli, vunderkind uşaq olub. 9 yaşında IQ əmsalı 170 olub. Və bu ona bir çox çətinlik yaşadıb. Pirsiq özünə qarşı soyuqluq hiss edib. Tez-tez anlaşılmazlıqlarla üzləşib.

Yazıçı 1961-ci ildə sinir böhranı keçirib. Psixiatrik klinikada müəlicə alıb. Ekspertizadan sonra ona paranoidal şizofreniya və kliniki depressiya diaqnozu qoyulub, şok terapiyası ilə müalicə kursu yazılıb. Pirsiq tez bir zamanda yaxşılaşıb, 1964-cü ildə müalicəni dayandırıb. Sonradan yazıçılığa başlayıb.

“Zen və motosiklet təmiri sənəti” fəlsəfi romanı Ginnesin rekordlar kitabına düşüb. Belə ki, bu əsər nəşriyyatlar tərəfindən ən çox rədd edilən kitab olub. Düz 121 dəfə.

Pirsiq əsəri qələmə aldıqdan sonra həmkarı Cerom Selincer kimi tərki-dünya həyat tərzi sürüb.

Bu roman “Daily Telegraph”-ın “Dünya ədəbiyyatının 50 ən vacib kitabı” siyahısına daxil olub.

Pirsiq birinci həyat yoldaşı Nensi Enn Ceyms ilə 1954-cü ildə evlənib. Onların Kris və Teodor adında iki oğlu olub. Yazıçı xəstəxanaya yerləşdirildikdən sonra Nensi boşanma ərizəsi verib. Onlar 1978-ci ildə rəsmi şəkildə boşanıblar. Elə həmin il yazıçı ikinci həyat yoldaşı Vendi Kimpbell ilə evlənib.

“Zen və motosiklet təmiri sənəti” əsərinin qəhrəmanlarından biri olan Kris yazıçının böyük oğlunun prototipidir. O, cavan yaşlarında bıçaqlanma nəticəsində həlak olub. Kitabın növbəti nəşrlərində müəllif bu hadisəyə toxunub (həmin yeri oxuyanda xeyli kövrəlmişdim). Pirsiq ilə ikinci həyat yoldaşı məhz bu səbəbdən üçüncü uşağı saxlamaq, abort etməmək qərarına gəliblər. Onlar qızlarına Nell adı veriblər.