Karantin müddətində boş vaxtdan istifadə edib yığılıb qalan kitablarımı oxumaq qərarına gəldim. Bura mənə hədiyyə edilən, özüm aldığım, amma fürsət tapıb üzünü aça bilmədiyim kitablar daxildir. Folknerin “Səs və qəzəb” əsəri də hədiyyə olunan kitablardan biri idi.

İki həftə öncə oxumağa başladığım romanı srağagün bitirə bildim. Və ötən iki gün ərzində ən müxtəlif mənbələrdən yazıçı və əsərlə bağlı ekspert rəyləri, tənqidi yazılar və məqalələrlə tanış oldum. Niyə bu qədər araşdırma apardım? Çünki qaranlıq qalan bəzi məqamlar var idi. Peşəkarlarla fikirlərimin nə dərəcədə üst-üstə düşdüyünü yoxlamaq istəyirdim.

Çoxu əsərin çətin olduğunu deyir. Ancaq mənə çətin gəlmədi. Səbəbini özüm də bilmirəm. Bəlkə də xəfiyyə romanlarının aşıladığı ayıqlıq, gözüaçıqlıq vərdişi mütaliə prosesində dadıma çatdı.

Əsər Kompsonlar ailəsindən, bu ailənin maddi və mənəvi çöküşündən bəhs edir. Ceyson və Kerolayn cütlüyünün bir qız, üç oğlan olmaqla dörd övladı var: Keddi, Kventin, Ceyson və Benci. Roman da dörd hissədən ibarətdir. İlk üç hissə qardaşların dilindən nəql olunub. Sonuncu hissədə isə yazıçının ürəyi dözməyib müdaxilə etmək qərarına gəlib.

Birinci hissədə hadisələr əqli inkişafdan qalmış, 33 yaşlı Bencinin dili ilə verilir. Hardasa 4-5 səhifə oxuduqdan sonra instinktiv olaraq nəyinsə düz getmədiyini, başımın şişdiyini və ağrıdığını hiss etdim. Hadisələr arasında bağ qura bilmirdim, Kventin adlı obraz gah kişi olurdu, gah qadın, nəql edənin ətrafındakı insanlar gah böyük olurdu, gah azyaşlı. Ancaq “şparqalka”dan istifadə etməyəcəyimə dair özümə söz vermişdim. Dilimi dişimə sıxıb davam etdim, hətta kənarda obrazların adlarından ibarət özümün başa düşdüyüm şəkildə sxem qurdum. Vaxtilə “100 ilin tənhalığı” əsərinin pərəstişkarlarına lağ etməyim yadıma düşdü, “bir də heç vaxt heç kimi qınamayacam” deyib, vədinə xilaf çıxan insanlar kimi yoluma davam etdim.

Birinci hekayədə baş verən hadisələri dumanlı şəkildə təxmin etmək, Benciyə olan münasibətə görə kimin necə insan olduğunu müəyyənləşdirmək olur. Bencinin hekayəsi emosional, qarışıq hekayədir. Eynilə oxucunun təəssüratları kimi.

İkinci hissə Kventinin dili ilə nəql olunur. Burada təxmin etdiyim hadisələri ikinci dəfə təxmin etməli oldum. İkiqat təxmin zonasına düşdüm.

Avropalı yazıçıların (Ceyms Coys, Virciniya Vulf) “düşüncə axını” texnikasından ilhamlanan Folkner ikinci hissəni həmin üsulla qələmə alıb. Mənə bir daha aydın oldu ki, amerikalılar istənilən yaxşı ideyadan şou düzəldə bilirlər. Ədəbi üslubdan belə. Bəlkə də belə qarışıq, rebusu xatırladan təhkiyə üslubu seçməklə yazıçı həmin dövr üzləşdiyi uğursuzluqların qisasını oxucularından almaq, bu yolla əsərini ən azı iki dəfə oxutmaq istəyib.

Üçüncü hissədə təhkiyəçi ortancıl qardaş Ceysondur. Əminəm, həyatımızda bircə dəfə də olsa Ceyson kimi biri ilə rastlaşmışıq (mən şəxsən elə biri ilə uzun müddət münasibət də saxlamışam): maddiyyatçı, əziyyət çəkmədən, birdən varlanmaq istəyən, sərvətin yeganə özünütəsdiq vasitəsi olduğunu düşünən, tənbəl, tənbəl olduğu qədər ambisiyalı, ambisiyaları qədər lağlağı insan. Hər şeyə maddi çərçivədən baxan Ceyson bacısının qəbir üstünə gətirdiyi gül dəstəsinə də qiymət biçməyə çalışır. Ancaq onun ipoxandrik anasına verdiyi sərt, istehzalı cavablar ürəyimə yağ kimi yayılırdı. Hətta beynimdə “Boğ onu, Coni!” deyə Ceysonu qaza da gətirirdim. Təəccüblü də olsa, ən bəyəndiyim fəsil də məhz Ceysona həsr olunan fəsil oldu.

Elə yazıçılar olur ki, onların qəhrəmanlarına olan münasibətini ayırd etmək çətin olur, onlar qəhrəmanları arasında fərq qoymurlar, ya da ən azından qoymamağa çalışırlar. Lakin Folknerin sevimliləri o saat bilinirdi. Müəllif Keddi, Kventin və Bencini xüsusi qayğı, məhəbbət ilə təsvir edirdi, amma bu təsvir solğun idi. Ceysonu ağ yuyub qara sərsə də, möhtəşəm rəng çalarını işə salmışdı. Sonra fikirləşdim ki, mən də eləyəm. Sevdiyim insanları təsvir etməkdə çətinlik çəkirəm, ancaq nifrət etdiyim insanlara xarakteristika verməkdə ustayam. Yəqin nifrət sevgidən güclü, ya da belə deyək, “rəngarəng” hissdir.

Əsərdə ən xoşladığım səhnə də üçüncü hissəyə təsadüf etdi. Ceyson havayı əldə etdiyi sirk biletlərini qulluqçu Dilsinin nəvəsinə satmaq istəyir, uşağın pulu olmadığı üçün onun gözünün qarşısında biletləri ocağa atıb yandırır. O, hər hərəkəti ilə sanki bütün dünyadan acıq çıxır. Uşaqlıq illərinin acığını.

Ümumiyyətlə, Kompsonlar ailəsi o qədər tanış gəldi ki… Övladlarının azad ruhda böyüməsinə böyük əhəmiyyət verən ata obrazı passivliyi ilə mənə Ceyn Ostinin “Qürur və qərəz” əsərindəki mister Benneti xatırlatdı. Cənab Kompson da mister Bennet kimi ailədaxili problemlərdən qaçıb kitablarına sığınmışdı. Bircə fərqlə, onun əlində viski stəkanı yox idi.

Ana obrazı – missis Kerolayn – bütün ömrü boyu “sənin nəslin elə, mənim nəslim belə” deyən (“Mən əsilzadə nəslindənəm. Övladlarıma baxanda buna şübhə etmək olar, amma bu, belədir“) azərbaycanlı qadınları xatırlatdı. Hətta bəzi yerlərdə onun ərköyün uşaqlarına “oxşadınız oxşamışınıza” deyəcəyini gözlədim.

Təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, qadınların əksəriyyəti şöhrətpərəst olur, analar isə ikiqat şöhrətpərəst olur. Missis Kerolayn da onların ən bariz nümunəsidir. Belə ki, oğlu Kventinin sırf adına görə Harvardda təhsil alması üçün xəstə övladı Bencinin xoşladığı üç şeydən birini – torpaq sahəsini satmağa razı olur.

“Harvard elə gözəl səslənir ki… Gözəl səs üçün qırx akr torpaq elə də böyük qiymət deyil. Gözəl cansız səs, Bencinin çəmənliyini gözəl ölü səsə dəyişirik”.

Həyatda da çox vaxt belə olur. Xatirələrimizi boş şöhrətə – cansız səsə qurban veririk.

Romanla bağlı “YouTube“-da iki mənbə tapdım. Birincisi, tanınmış ədəbiyyatşünas İqor Volginin aparıcılığı ilə Rusiyanın “Mədəniyyət” kanalında yayımlanan “Muncuq oyunu” (“Игра в бисер”) verilişinin bu kitaba həsr olunan buraxılışı idi (https://www.youtube.com/watch?v=zXvcG7Sm1Vg). Qonaqların təkəbbürünü nəzərə almasaq, maraqlı müzakirə alınıb. Həmin verilişdən əldə etdiyim bəzi faktları, razılaşdığım fikirləri burada da bölüşmək istəyirəm:

ABŞ-da kitabın işıq üzü görən son nəşrində birinci fəsildəki hissələr müxtəlif rənglərlə verilib ki, xronoloji ardıcıllığı təyin etmək oxucuya asan olsun. Bununla da müəllifin ideyası gec də olsa reallaşıb. Belə ki, Folkner zaman kəsimlərini ayırd etmək üçün abzasları qalın şriflə vermək istəsə də, həmin dövr mürəkkəbin baha olması buna imkan verməyib. Hərfləri maili etməklə çətinliyin öhdəsindən gəlmək mümkün olub.

Kitab 1929-cu ildə ilk dəfə işıq üzü görəndə böyük tirajla satışa çıxmayıb, hətta uğursuz olub. Yalnız Avropada tanındıqdan, Jan Pol Satr tərəfindən bəyənildikdən sonra Birləşmiş Ştatlarda məşhurlaşmağa başlayıb.

Vitali Babenko iddia edir ki, müəllif qarşısına rebus yazmaq kimi bir tapşırıq qoymayıb, sadəcə yazdığı rebus çıxıb. Müəllif düşüncə axını texnikasını təkmilləşdirmək üçün belə bir yola əl atıb.

Folkner sonradan etiraf edib ki, ən çox bu romanını qələmə alanda xoşbəxt olub, rahatlıq tapıb. Bununla yanaşı, “Səs və qəzəb”i özünün ən “parlaq uğursuzluğu” (“It was the most splendid failure”) adlandırıb. Filoloq İvan Delazari həmin ifadənin yer aldığı müsahibənin tam mətnini qeyd edir: “Hekayəni birinci qardaşın dilindən yazdım. Alınmadı. Sonra ikinci qardaşın dilindən yazdım. Yenə də alınmadı. Daha sonra üçüncü qardaşın dilindən yazmağa cəhd etdim. Axırda xidmətçinin dilindən yazanda əsərin hazır olduğuna əmin oldum“. (“And I tried first to tell it with one brother, and that wasn’t enough. That was Section One. I tried with another brother, and that wasn’t enough. That was Section Two. I tried the third brother, because Caddy was still to me too beautiful and too moving to reduce her to telling what was going on, that it would be more passionate to see her through somebody else’s eyes, I thought. And that failed and I tried myself–the fourth section–to tell what happened, and I still failed“).

Filoloq Nikolay Anastasyev deyir ki, Folkner bu əsəri ilə zamanın – böyük, hissələrə parçalanmış zamanın obrazını yaratmağa çalışıb. Və hər bir hissə zamana qalib gəlmək cəhdidir: əvvəlcə Bencinin düşüncəsizliyi, sonra Kventinin intiharı ilə və sair.

Tənqidçilər əsərin əsas qəhrəmanının Keddi olması ilə razılaşırlar.

İkinci maraqlı video rusiyalı yazıçı, filoloq Andrey Astvasaturovun “YouTube” kanalında (https://www.youtube.com/watch?v=cv0093aVaL0) qarşıma çıxdı.

Ədəbiyyatşünas əsasən romanın simvolikalarından danışır. O deyir ki, Folkner oxuculara panoramasız əsər təqdim edib, konkret məqamları qeyd edir, bütöv mənzərəni qurmaq oxuculara tapşırılır, bununla da reallığın kənarında deyil, içində oluruq, iştirakçıya çevrilirik. Tənqidçi əsərin dini-etik tərəflərinə toxunur: “Əsər cənub ştatlarında plantatorluğun məhvindən, “cənnətdən qovulmaqdan” bəhs edir. Bu da bəşəri mədəniyyətin, dəyərlərin müvəqqəti xarakter daşıdığını göstərir… Hər üç qardaş reallığı qəbul etmir. Reallıq ona görə qəbul edilmir ki, insani cəhətdən hər şey ədalətsizdir”.

Elə Astvasaturovdan öyrəndim ki, Folkner əsərin süjetini yuxuda gördüyünü deyib: “Çayda dörd uşaq – bir bacı, üç qardaş oynayırdı. Onların yanında qaradərili nökər oğlan var idi. Çay bacını aparır, qardaşlar olduqları yerdə qalır“.

Astvasaturov həyatın axın, hərəkət, inkişaf olduğunu, bu bioloji həyatı isə qadın obrazının – Keddinin canlandırdığını qeyd edir: “Niyə Keddi əxlaqın nə olduğunu bilmədiyi halda, əxlaqlıdır? Bir puritan qadın üçün onun həddindən çox sevgilisi var. Niyə bütün bu qadağaları aşmağa çalışırlar? Çünki bütün qadağalar, sərhədlər, etika – hamısı müvəqqəti xarakter daşıyır. Keddinin canlandırdığı həyat isə əbədidir.

Folkner ritualları, ayinləri, dini normaları rədd edir, onlara etiraz edir. O, Allahın zaman olduğunu, Allah və əxlaq haqqında düşüncələrimizin müvəqqəti olduğunu başa düşür. Əsər ümumiyyətlə itkilər üzərində qurulub (“Laster qəpiyini itirdi”, “Od söndü”, “Keddi getdi”, “nənə öldü”, “çəmənlik satıldı” ).

Kitabda “qaradərililərin ağdərililərə özlərini fəda etməsi, onların qulluğunda durması” mifi də məhv edilir. “Küləklə sovrulanlar” əsərindəki qaradərili xidmətçi qadın kimi burda da Dilsi adlı qara qulluqçu hamıya əmr edir, ev sahibləri ondan çəkinirlər”.

“Min səkkiz yüz altmış beşinci ildə Eyb Linkoln qaradərililəri Kompsonlardan azad etdi. Min doqquz yüz otuz üçüncü ildə Ceyson Kompson Kompsonları qaradərililərdən azad etdi”.

Digər mənbələr

Yazıçı haqqında azərbaycan dilində:
https://rezonanss.com/modern-amerikan-%C9%99d%C9%99biyyatinin-oncul%C9%99rind%C9%99n-biri-uilyam-folkner-william-faulkner/

Əsərin süjeti haqqında azərbaycan dilində:
https://kulis.az/news/8027

Qeyd edim ki, romanı İrina Qurovanın tərcüməsində rusca oxudum. Sonradan bildim ki, sovet dövründə əsər Osiya Sorokanın tərcüməsində işıq üzü görüb. Məsələ ondadır ki, həmin vaxt bir əsərin müxtəlif tərcümələrdə nəşr edilməsinə qadağa var imiş. Buna kağız, enerji və vaxt israfı kimi baxırlarmış. Soroka qabağa düşdüyündən Qurovanın tərcüməsi 2000-ci ilədək gözləməli olub. Soroka əsərin adını “Səs-küy və qəzəb” (“Шум и ярость“) kimi tərcümə etdiyi halda, Qurova “Səs və qəzəb” (“Звук и ярость”) variantının üzərində dayanıb. Kitabın sonunda tərcüməçinin kiçik bir yazısına yer verilib. Qurova romanın adı ilə bağlı yazır: “Romanın ideyası başlıqda öz əksini tapıb. Bu başlıq Şekspirin “Maqbet” pyesindən götürülüb. Həmin hissənin təxmini bədii tərcüməsi belədir: “Həyat axmağın danışdığı hekayədir. Bu hekayə heç bir mənası olmayan səsdən və qəzəbdən ibarətdir“. Folkner Şekspirin “sound” və “fury” sözlərini götürüb, onlara “the” artikli əlavə edib. Bu da “Həmin səs və həmin qəzəb” kimi tərcümə edilməlidir.
İndi isə niyə “səs-küy” yox, məhz “səs” kəlməsindən istifadə etməyimə toxunmaq istəyirəm. Sitatda səslərdən ibarət şifahi nitq nəzərdə tutulur. “Səs-küy” isə müxtəlif səslərin mexaniki qarışığıdır. Üstəlik, “səs” kəlməsi məcazi mənada da işlənir”.

Tomorrow and tomorrow and tomorrow,
Creeps in this petty pace from day to day
To the last syllable of recorded time,
And all our yesterdays have lighted fools
The way to dusty death. Out, out, brief candle!
Life’s but a walking shadow, a poor player
That struts and frets his hour upon the stage
And then is heard no more: it is a tale
Told by an idiot, full of sound and fury,
Signifying nothing.

Sabah, sabah, sabah… ah, bu sabahlar
Kiçik addımlarla hey gündən-günə
Sürünür, can atır bəxt kitabının
Sonuncu, kədərli səhifəsinə.
Bizim keçmişimiz – dünənlərimiz,
Deməli, daima biz axmaqların
Məzar yollarını işıqlandırıb.
Yan qurtar, ey ömrüm – ey şam qalığı!
Həyat nədir axı? Gəzəri kölgə,
Səhnədə elə hey hay-küy qoparan,
Tez də unudulan, can evi viran,
Biçarə, zavallı bir aktyordur.
Həyat sarsaqların acı dilində
Cəfəng söz yığını, boş bir nağıldır.

(Tərcümə: Sabir Mustafa)

Həmçinin Qurovanın “Russkiy jurnal” nəşrinə verdiyi müsahibəsini oxudum (http://old.russ.ru/krug/20021128_kalash.html). Tərcüməçi bu açıqlamasında tərcümə texnikasına, tərcümə prosesində üzləşdiyi çətinliklərə, buraxdığı səhvlərə aydınlıq gətirib.

Folkneri tərcümə etmək çətin idi?

Mən ondan sərxoş olmuşdum, amma çoxlu yalan danışırdım, Sorokanın tərcüməsi ilə müqayisə edəndə, məlum oldu ki, onda səhv daha çoxdur.

Ən çətin tərcüməniz?

Barbara Kartlend. Ən çətini pis əsərləri tərcümə etməkdir.

Deyirsiniz ki, tərcümədən başqa əlinizdən bir iş gəlmir, ancaq yenə də, tərcüməçi olmasaydınız, nə ilə məşğul olardınız?..

Pis ingilis dili müəllimi olardım. Mən özümü tərcümədə tapdım. Ümumiyyətlə, əlimdə kitab çayın sahilində uzanmaq, çiyələk yemək və arada bir çimmək istərdim.

Tərcüməmə verilən resenziyada yazılmışdı: “Mürəkkəb dili olan Folkneri elə izah etmək olar ki, onu mühəndis və evdar qadınlar da başa düşsün?” Olar, ancaq o, artıq Folkner olmayacaq.

Mavi ekran

“Səs və qəzəb” romanı əsasında iki eyniadlı film çəkilib. Biri 1959-cu ildə ekranlaşdırılıb. İkincisi isə 2014-cü ildə. Mazoxist damarım tutdu, hər ikisini izlədim. Birinci ekran işində ssenariyə çox müdaxilə olunub, dəyişiklik edilib. Romanın qayəsindən əsər-əlamət qalmayıb.

İkinci ekran işinin rejissoru, ssenari müəllifi son illər adı seksual qalmaqallarda hallanan Ceyms Frankodur (James Franco). Franko dəfələrlə Steynbek və Folkner yaradıcılığına müraciət edib. Təəccüblü deyil. Belə ki, aktyor şairə və redaktor ailəsində böyüyüb boya başa çatıb. Özü isə 2008-ci ildə Kaliforniya Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi alıb.

Elə filmi izlədiyim gün Ceyms Frankonun ad gününə təsadüf etdi. Tənqidçilərin çoxu ekran işini müsbət qiymətləndirməyib. Frankonun qışqırmaqdan, üz-gözünü turşutmaqdan başqa bir iş görmədiyini yazıblar. Ancaq “Joker” filmində Xoakinin 60 növ gülüşünə tab gətirən izləyici kimi deyə bilərəm ki, Frankonun çıxartdığı səslər də dözüləsi idi.

Aktyorda yeganə bəyənmədiyim cəhət odur ki, rejissorluq etdiyi filmlərin çoxunda baş rolu özü ifa edir. Deyəsən, o da “Özcan Deniz sindromu”ndan əziyyət çəkir. Qrim nə qədər uğurlu olsa da, bir vaxtların seks simvolu hesab edilən Frankonu ağıldankəm Benci roluna heç yaraşdırmadım, Franko bu rolda mənə inandırıcı gəlmədi. Festival filmi olduğu üçün tapmaqda çətinlik çəkdim. Sağ olsun, Orxan, yardım əlini uzatdı. Təəssüf ki, Ceysonun biletləri yandırdığı səhnə filmə salınmamışdı.