Qəribə səslənsə də, Artur Milleri Merilin Monro sayəsində tanımışam. Aktrisanın həyatını araşdırarkən onun yazıçı ilə evli olduğunu, evliliklərinin kifayət qədər qalmaqallı keçdiyini öyrənmişdim. Əslində, aktrisanın seçimini anlamaq üçün bu kitabı almışdım, amma kitabı oxuduqdan sonra mənə artıq müəllifin seçimi maraqlı gəlməyə başlamışdı.

Əlaqədar şəkil

2008-ci ildə bizim evə kabel televiziyası çəkilmişdi. “Görməmişin oğlu” olmuşdu və biz ailəlikcə televizorun qarşısından yığışmaq bilmirdik.  Elə həmin kanalların birində Monronun həyatından bəhs edən sənədli verilişə rast gəlmişdim. Verilişdə aktrisanın yazıçı Artur Millerlə ailə həyatı qurduğu və bu xəbərin bir çoxlarının təəccübünə səbəb olduğu deyilirdi. Mənim də diqqətimi məhz bu “kollektiv” təəccüb cəlb etmişdi.

Dramaturqun yaradıcılığı ilə tanışlıq bu ilə qismət imiş. Onun “Şərq Qərb” nəşriyyatında işıq üzü görən “Seçilmiş əsərlər” toplusundan başlamaq qərarına gəldim. Kitabda 7 pyes yer alıb: “Hamısı mənim oğlum idi”, “Kommivoyajörün ölümü”, “Bəxti gətirən adam”, “Qiymət”, “Dünyanın yaranışı və başqa-başqa işlər”, “Ağır sınaq”, “Körpüdən görüntü”.

Artur Miller “Hamısı mənim oğlum idi” (“All My Sons”)

Bu, Millerin debüt əsəridir. “Atalar və oğullar”, “nəsillərin üzləşməsi” probleminə toxunan istənilən əsəri acgözlüklə oxuya bilərəm. Bu da onlardan biri idi. Günahkar ata ilə prinsipial oğul qarşı-qarşıya gəlir. Həmin çaxnaşmada hər iki tərəfin özünə görə haqlı olduğunu görürsən. Amma sən müşahidəçisən. Qərar verən başqasıdır. Yaxınını günahlandırmaq isə yad birinə hökm oxumaq qədər asan deyil.

Sonra “YouTube”-dan pyes əsasında səhnələşdirilmiş tamaşanı ( https://www.youtube.com/watch?v=ovq-y4SFJ0U) izlədim. Ata rolunu bizim sevimli Puaromuz – Devid Suşe – canlandırırdı. Aktyoru komik rolda görməyə vərdiş etdiyimdən bu ifasına gec öyrəşdim. Lakin möhtəşəm idi.

Ən yaddaqalan sitat: “Elələri var ki, öz səhvini etiraf etməkdənsə, başqalarının asılmağını istəyir”.

Artur Miller “Kommivoyajörün ölümü” (“Death of a Salesman”)

Həmişə demişəm, qaza gəlmək çox pis şeydir. Lakin Miller istisnadır. Bu pyes də könlümü, gözümü oxşadı. Əsər “Amerika arzusu”na bəslənən arzuların puç olmasından bəhs edir. Bəlkə yenə də ata-oğul qarşıdurmasından bəhs etdiyi üçün belə olmuşdu.

Deyilənlərə görə,  Villi Loman (ata obrazı) yazıçının dayısının prototipidir. Kommivoyajör işləyən Loman həm yaxşı satıcıdır, həm də yaxşı ata. Ancaq bütün bunlar zahirən belədir. Ya da belə deyək, Lomanın və onun axmaq arvadının xəyal dünyasında belədir. Çünki real həyatda o, nə yaxşı satıcı, nə də yaxşı atadır. Loman qabiliyyətini və fədakarlığını şişirdən, addımbaşı etdiklərinin əvəzini gözləyən, ətrafında olan hər kəsi öz xəyal dünyasında yaşamağa məcbur edən yalançıdır.

Atasının anasına xəyanət etdiyini öyrənən oğul – Biff Loman şokdadır: o, inandığı hər şeyi bir günün içərisində itirir, belə ki, atasının sırıdığı dəyərlərin cəfəngiyyatdan başqa bir şey olmadığını başa düşür.

1985-ci ildə əsər əsasında ekranlaşdırılmış filmin ingilis dilli versiyası “YouTube”-da (https://www.youtube.com/watch?v=_RFtwUF63Z4) yerləşdirilib. Mən də guya ingilis dilimi inkişaf etdirmək məqsədi ilə ona baxmaq qərarına gəlmişdim. Dastin Hoffmanı ata, Con Malkoviçi oğul rolunda görəndə xeyli təəccübləndim. Lomanın əsərdə 60-dan yuxarı yaşı olduğu halda, 85-ci ildə Hofmanın cəmi 48 yaşı olub. Sonradan bildim ki, çəkiliş zamanı hər səhər aktyora 3 saat yarımlıq qrim edilirmiş. Nə yalan deyim, yaxşı sürprizləri sevirəm.

Qeyd edim ki, Miller 1948-ci ildə bu əsərinə görə Pulitzer mükafatına layiq görülüb və dünya şöhrəti qazanıb. Elə həmin vaxt Amerika əleyhinə fəalliyyət üzrə komissiya işə başlayır. Bir çox ziyalı kimi Miller də 30-cu illərdə kommunist mitinqlərində iştirak edirdi. Komissiyaya çağırılan yazıçı həmkarlarının çoxundan fərqli olaraq, o, məlumat verməkdən, “sukalıq etməkdən” boyun qaçırır.  Hökumətin bu cür istintaqlar təşkil etməsi, ziyalıları sorğu-sual etməsi Millerdə dərin ümidsizlik yaradır.

O, yaşadığı hissləri yaradıcılıq irsinin şedevrlərindən biri sayılan “Ağır sınaq” əsərində qələmə alır. Pyes XVII əsrdə təqib olunan ifritələrdən, məhkəmə sisteminin “ifritə ovu”ndan bəhs edir. Bu əsər haqqında daha sonra danışacam.

Ən yaddaqalan sitat: “Dünyanın işinə bax. İşləyirsən, bütün ömrün boyu işləyirsən ki, bir evin pulunu verə biləsən. Nəhayət, ev sənin olanda içində yaşamağa adam olmur”.

İpoteka krediti ödəyən bir oxucu kimi başqa sitatı bəyənə bilməzdim.

Bu hadisələrin cərəyan etdiyi ərəfədə Miller artıq birinci həyat yoldaşı Meri Sletteridən ayrılıb, aktrisa Merilin Monro ilə evlənmişdi. Aktrisa hətta toydan öncə iudaizmi qəbul edir. Lakin bu evlilik uzun sürmür.  

Monro “axmaq sarışın” münasibətinə görə depressiya keçirdiyi üçün hər çəkilişdən öncə və çəkiliş zamanı qorxuya, təşvişə düşür. Bütün bunlar azmış kimi hər iki hamiləliyi düşüşlə nəticələnir.

Bu da aktrisanın stimulyatorlar qəbul etməyinə səbəb olur. Və cütlük boşanmaq astanasına gəlib çatır. Boşanma prosesi davam etdiyi ərəfədə Miller “Bəxtsizlər” hekayəsini yazır və onun əsasında eyniadlı film çəkilir. Filmdə baş rolda Merilin Monro oynayır. Çəkilişlər bitdikdən sonra isə yazıçı ilə aktrisanın evliliyinə xitam verilir.

misfits.jpg

Filmin baş qəhrəmanlarından biri Klark Geybl çəkilişin sonuncu günü belə deyib: “İlahi! Nəhayət, bu film bitdi. Çox sevinirəm. O (Monro) məni hövsələdən çıxardı, az qalmışdı ürəyim tutsun”. Ertəsi gün infarkt keçirən Geybl 11 gün sonra vəfat edir.

Kinostudiya ilk dəfə məhz bu ekran işində kadrarxası səhnələrin fotoşəkilləri çəkmək qərarına gəlir. Bunun üçün dəvət olunan fotoqraf İnqe Morat çəkiliş meydançasında Millerlə tanış olur. Onlar daha sonra isə evlənirlər. Bu, yazıçının sayca üçüncü evliliyi idi.

inge-morath-1.jpg

İki ildən sonra Monronun özü də dünyasını dəyişir. Monrodan ayrıldıqdan sonra Millerin qələmə aldığı ilk pyes “Günaha batdıqdan sonra” (“After the Fall”) adlanır. Əsərdə özünü məhvə sürükləyən aktriyasaya kömək etmək istəyən kişidən bəhs edilir. Ancaq pyes işıq üzü gördükdən sonra jurnalistlər, oxucular, tamaşaçılar tərəfindən tənqidlərə məruz qalıb. Onların fikrincə, Miller Monronun populyarlığından faydalanmaq istəyirmiş. Yazıçı bu reaksiyalara görə özünü təhqir olunmuş hiss etsə də, yaradıcılığını davam etdirir.

after-fall.jpg

Artur Miller “Bəxti gətirən adam” (“The Man Who Had All the Luck”)

Təsəvvür edin, əlini hansı işə atırsa atsın, karlı çıxan bir oğlan var. Bu oğlanın bəxti o qədər gətirir ki, o, bunun bir əvəzi olacağını, həyatında baş verəcək hər növbəti yenilikdə əldə etdiyi hər şeyi itirəcəyini, qəza və ya bədbəxt hadisə baş verəcəyini gözləyir. Və bu gözlənti qorxu səviyyəsinə, paranoidal qorxu səviyyəsinə çatır. Samuel Bekketin qəhrəmanları Qodonu gözləyən kimi, Deyvid də fəlakət gözləməyə başlayır. Çünki ağlına, təcrübəsinə görə deyil, sırf təsadüf nəticəsində uğur qazandığını bilir.

Məncə, zəhmət çəkilmədən havayı əldə olunan istənilən uğurun insanın bütün həyatına kölgə salmaq potensialı var. Çünki qəlbinin dərinliyində həmin uğura layiq olmadığını bilir və vaxtında buna qarşı çıxmadığın üçün günlərin bir günü cəzalanacağını gözləyirsən. Amma Miller sonda yaxşı gediş edir (mesaj göndərir): əgər sən həqiqətən yaxşı insansansa, əldə etdiyin bütün yaxşı şeylərə layiqsən. Yaxşı adam layiq olduğunu həmişə alır.

Ən yaddaqalan sitat:

“- Mən kasıb olmaqdan qorxmuram.

– Çünki heç vaxt kasıb olmamısan.”.

Artur Miller “Qiymət” (“The Price”)

Bu əsər son dövrlər oxuduğum ən yaxşı pyeslərdən biri oldu. Evin köhnə mebelini satmağa hazırlaşan iki qardaş keçmişdə öz aralarında baş verən hadisələrin haqq-hesabını çəkməyə başlayırlar, hərəsi öz həyatına, taleyinə, olanlara qiymət biçməyə çalışır. Paraleldə isə ikinci əl mebel satışı ilə məşğul olan alverçi köhnə ev əşyalarına qiymət qoyur.  Kitablarda, filmlərdə belə üzləşmələri çox sevirəm. Şkafdakı skeletlər, “açılan sandıqlar, tökülən pambıqlar” maraqlı gəlir. Yəqin, həyatımdakı intriqa çatışmazlığını bu yolla kompensasiya edirəm.

Qardaşlardan biri uğur qazanıb, tanınmış həkimdir, pula pul demir. O biri qardaş isə arzuladığı işin dalınca getməyən, daha doğrusu valideynləri qarşısında daşıdığı məsuliyyətdən dolayı gedə bilməyən bəxtsizin biridir.

Bu iki nəfərin arasında söhbət qızışdıqca oxucu baş verən hadisələrdən xəbər tutur. Əgər əsərin əvvəlində həkim qardaşın günahkar olduğunu fikirləşirdimsə, əsərin sonunda onun ailədəki ən cəsarətli insan olduğunu gördüm. Əgər əsərin əvvəlində o, keçmiş günahlarını pulla yuya biləcəyini düşünən bir insan təəssüratı yaradırdısa, sonlara doğru yalan bir dünyanın içində yaşayan, xoşbəxt ailə tablosu, daha doğrusu eləcə ailə illüziyası quran qardaşını “qış yuxusundan” oyatmağa çalışan bir insana çevrildi. Miller sayəsində növbəti dəfə özümə söz verdim ki, heç vaxt məsələyə hərtərəfli baxmadan, heç bir tərəfi qınamaq olmaz.

Çox istəyərdim ki, pyes əsasında səhnələşdirilən bu iki tamaşanı izləyim. Birinci “Brodvey”də, ikinci İngiltərədə Uindhem Teatrında səhnəyə qoyulub. Aktyor heyətinin gözəlliyinə bir baxın. Yeri gəlmişkən, Millerin artıq ikinsi pyesində Devid Suşeni görürəm.

the-price-mark-ruffalo.jpeg
the-price-david-suchet-Arthur-miller-Wyndham-s-theatre-Brendan-Coyle-1735790.jpg

Ən yaddaqalan sitat: “Elə bil, heç vaxt adam olmamışıq, yalnız buna hazırlaşmışıq”.

Artur Miller “Dünyanın yaranışı və başqa-başqa işlər” (“The Creation of the World and Other Business”)

Əsər “Yaradılış kitabı”nda yer alan hadisələri yumoristik (?) tərzdə təqdim etməklə xeyir-şər qarşıdurmasından bəhs edir. Müəllif dünyanın yaradılışı, Adəm ilə Həvvanın, onların cənnətdən qovulmasını, Habil və Qabilin hekayələrini özünəməxsus şəkildə təsvir edir.

Əvvəlcə onu qeyd edim ki, pyesi bəyənmədim. Bəlkə, məktəb illərində oxusaydım, xoşuma gələrdi. Biz “Charli Habdo” hadisəsinə şahid olmuş bir nəsilik, Tövrat əfsanələrinin parodiyasına güləcəyimizi düşünmək sadəlövhlük olardı. Miller qadın olsaydı, elə bilərdim bu pyesi “PMS” dövründə yazıb.

Ən yaddaqalan sitat: “Bütün bunlardan bir irrasional nəticə çıxır: ən yaxşı oxuyan quş ən ac quşdur”.

Artur Miller “Ağır sınaq” (“The Crucible”)

Bu əsərdə adını ABŞ tarixinə “Seylem ifritə ovu” kimi salan hadisədən bəhs edilir. Seylem ingilis puritanları tərəfindən məskunlaşan ilk qəsəbələrdən biri olub. Sonra kəndin yaxınlığında eyniadlı şəhər meydana çıxıb. Seylem istintaqının başlamasına səbəb olan qadınlar və müttəhimlərin çoxu kənddə yaşadığı halda, onların məhkəməsi şəhərdə keçirilib.

Bu ərazidə əhali artdığı üçün qonşular və ailə üzvləri arasında torpaq sahibi olmaq uğrunda mübahisələr qızışıb. Əlverişsiz hava şəraiti, bitkilərdə müşahidə edilən xəstəliklər fermaların illik məhsuldarlığını xeyli aşağı salıb. Bu da fermerlərin yerli sakinlərin – hinduların torpaqlarını ələ keçirməsinə səbəb olub. Nəticədə qarşıdurma yaranıb.

Puritanlar qatı dindar insanlar olub. Bunu övladlarına verdikləri tərbiyədə də görmək olar: uşaqların oyun oynaması, oyuncaqlar mənasız hesab edildiyi üçün qadağan edilmişdi. Yalnız yetkin yaşda faydalı ola biləcək məşğuliyyətlər məqbul sayılırdı. Bura ovçuluq, balıqçılıq, meşələrin tədqiqi kimi məşğuliyyətlər daxil idi. Oğlanlar kiçik yaşlarından dülgər və dəmirçi şagirdi olduğu halda, qızlar ip əyirməyi, yemək bişirməyi, tikib toxumağı öyrənirdilər.

Puritanlar məhsul itkisi, ev heyvanı və uşaqların ölümü, zəlzələ, hinduların hücumu kimi istənilən fəlakəti tanrının qəzəbi kimi qəbul edirdilər. Eyni zamanda qatı protestant olan puritanlar katolikliyin klassik atributlarını – ikonaları, müqəddəs suyu və sair təkzib ediblər. Onlar hesab edirdilər ki, duadan başqa onları heç nə müdafiə edə bilməz. 1641-ci ildə cadugərlik cinayət hesab edilməyə başlanır. Puritanların fikrincə, baş verən pis hadisələrin əsas səbəblərindən biri ifritələr olub (təhlükənin məhz ifritələrdən gəlməsi ilə bağlı düşüncələr onunla əlaqədar olub ki, kişilərə nisbətən qadınlar daha şəhvətlidir və şeytanın, iblisin təsirinə daha asan düşürlər). Əgər ifritələrə qarşı dualar kömək olmurdusa, puritanlar onların fiziki məhvinə başlayırdılar.

1692-ci ildə pastor Semuel Perrisin 9 yaşlı qızı və 11 yaşlı bacısı qızında naməlum xəstəliyin simptomları müşahidə edilməyə başlayıb. Onlar qışqırmağa, qəribə səslər çıxarmağa başlayıblar, mebelin altında gizləniblər. Qızlar iynə sancısı kimi sancılardan şikayətlənirdilər. Perris moizə oxumağa başlayanda onlar qulaqlarını tutublar.

samuel-parris.jpg

Çağırılan həkim xəstəlikdə hansısa ifritənin əli olduğunu deyir. Qızlar həmin ifritənin əvvəllər Perrisin evində qulluqçu işləyən bir qadın olduğunu bildirirlər. Bəzi mənbələrdə qadının qaradərili, bəzilərində isə hindu olduğu deyilir. Tezliklə xəstə qızların sayı artır.

hindu.jpg

Verilən ifadələrə görə üç qadın həbs edilir. Şübhəlilər istintaqa cəlb olunur və onların evlərində axtarış aparılır. Hər üç qadın ittihamlar üçün asan hədəfə çevrilirlər: biri qeyri-titullu milliyət nümayəndəsi olur, biri kasıb olur, biri isə tənha, ağır xəstəlikdən əziyyət çəkən dul qadın olur. Məsələ zəncirvari reaksiya kimi uzanır və müttəhimlərin sayı artır. Daha sonra ittiham edilən qadınların həyat yoldaşları və pastor həbs edilir.

Cadugərliyə qarşı aparılan isteriya zamanı ümumilikdə 150 nəfər həbs edilir. Onlardan 31 nəfərə hökm oxunur. 19 nəfər asılır, 2-i həbsxanada vəfat edir, 1 nəfər isə işgəncələrə dözmədən ölür.

1697-ci ildə hakimlər səhvə yol verdiklərini etiraf edirlər. 1702-ci ildə məhkəmə qərarı rəsmi şəkildə qanunsuz elan edilir.1957-ci ildə Massaçusets Birliyi məhkəmədə ittiham edilənlərin hamısına bəraət qazandırır. 2001-ci ildə ştatın qubernatoru Ceyn Svift növbəti dəfə Seylem prosesində ittiham edilən insanların günahsız olduğunu təsdiqləyir.

Baş verən hadisənin səbəbi kimi bir neçə versiya irəli sürülür: isteriya, uşaqların sözləşməsi, puritan psixologiyasının özəllikləri, hansısa maddədən zəhərlənmə. Lakin versiyalardan heç biri öz təsdiqini tapmayıb.

1992-ci ildə Seylemdə “İfritə ovu” qurbanlarına abidə ucaldılıb. Həmişəki kimi, köhnə günahların təmizlənmə vasitəsi kimi ən etibarlı üsula – abidə ucaltmağa əl atıblar.

salem-witch-trial-memorial-danvers-ma.jpg

Təsadüfi deyil ki, Miller bu pyesi təqiblərə məruz qaldığı bir dövrdə qələmə alıb. Əsərdə təzyiq göstərən bütün hökumətlərə və dövrlərə göndərmə var. Belə ki, yazıçı bu pyesi qələmə alanda ABŞ-da makkartizm cərəyanı hökm sürürdü. Burada senator Makkartinin başçılıq etdiyi komissiyanın fəaliyyəti ilə müqayisə aparılır.

mccarthy.jpg

Miller də Hollivudun “qara siyahısına” düşənlərin cərgəsində olur. O, kommunist olmaqda günahlandırılırdı.

Yazıçının tarixi hadisədə analogiya axtaracaq qədər hikkəli olması xoşuma gəldi. Çünki onun sayəsində mənə bir daha aydın oldu ki, əsrlər keçsə də, ümumi ssenari qalır, bəhanələr dəyişir. Con Proktorun obrazında görürük ki, dindarlara qarşı olmaq hələ Xeyirə qarşı olmaq demək deyil. Eynilə hər hansı bir sistemi, məsələn təhsil sistemini tənqid etmək, müəllim peşəsini tənqid etmək demək deyil.

1996-cı ildə əsər əsasında eyniadlı film çəkilib. Baş rollarda Vaynona Rayder və Daniel Dey-Lyuis gedir.

the-crucible-movie-poster.jpg

Və mən elə bu pyesdən sonra bilmişəm ki, aktyor yazıçının rejissor qızı Rebekka Miller ilə evli imiş. Uzun sözün qısası, Dey-Lyuis Millerin kürəkənidir. Rebekka yazıçının Monro ilə ayrıldıqdan sonra evləndiyi avstriyalı fotorəssam İnqe Moratdan olan qızıdır.

daniel-rebecca-arthur.jpg

Artur Miller “Körpüdən görüntü” (“A View from the Bridge”)           

Topluda yer alan sonuncu pyes “Körpüdən görüntü” adlanır. Beatris adlı qadın həyat yoldaşı Eddi ilə birlikdə vəfat edən bacısı qızını – Ketrini övladlığa götürür, onu böyüdüb boya başa çatdırırlar. Beatrisin iki uzaq qohumu çörək pulu dalınca qanunsuz yolla İtaliyadan Nyu Yorka gəlir. Mühacirlərdən biri – kiçik qardaş Rodolfo ilə Ketrin arasında eşq münasibəti başlayır, Eddi buna qarşı çıxır və sonda immiqrasiya xidmətinə qardaşları satır. Onun bu addımı bütün qonşuları, iş yoldaşları tərəfindən pis qarşılanır. Eddi qanunsuz bir şey etməyib, əslində onun satdığı insanlar qeyri-qanuni fəaliyyətlə məşğuldur. Lakin nəticədə hamı Eddidən üz döndərir. Çünki “qanuni addım” hələ “ədalətli addım” demək deyil.

Qeyd edim ki, mənim oxuduğum əsərin birinci variantı idi. Əsərin ilkin versiyası tamaşaçılar arasında uğurlu olmadığı üçün müəllif onda dəyişikliklər edib. İkinci versiya daha çox rəğbət qazanıb. Lakin sovet dövründə rus dilinə birinci versiya tərcümə olunub, özü də süjetə kifayət qədər müdaxilə edilib. Mən də bunu təsadüfən bir oxucunun şərhindən sonra öyrəndim. Ondan sonra oxuduğum versiyanın orijinaldan deyil, ruscadan tərcümə olunduğunu bildim.

Rus dilinə tərcümə olunmuş əsərin ön sözündə bunun sosial dram olduğu deyilir. Sovet dövrünün tərcüməçiləri orijinalla müqayisədə tərcümədə daha çox sosial problemin olmasına çalışıblar. Bəzi yerlər sadəcə kəsilib atılıb. 50-60-cı illərdə Beatrisin üç aydır aralarında yaxınlıq olmadığı üçün əri Eddiyə şikayətlənməsi, yəqin, redaktorlara mənasız gəlib. Sən demə, seks mövcud imiş, özü də qadın bunu kişidən tələb edə bilərmiş! Doğrudan da, bütün bunları bilmək sovet vətəndaşlarının nəyinə lazım ola bilərdi?! Tərcümədə bu cütlüyün uşaqları var, halbuki orijinalda Ketrindən başqa evdə başqa uşaq olmur.

Məsələn, bu hissədə Rodolfo Beatrisin anası üçün hədiyyə almağa getdiyini deyir. Tərcümədə isə hədiyyənin uşaqlar üçün olduğu söylənilir.

beatrice.jpg
tercume.jpg

Sovet oxucusuna evlilik və emiqrasiya xidməti haqqında da çox az məlumat verilir. Görünür, ehtiyat edirdilər ki, onlar da bu ideyalardan ilhamlanıb, okeanın o tayına xoşbəxtlik axtarışına gedərlər.

Ən yaddaqalan sitat: İngilislərə cəsarətli olduğunu göstərəndə xoşlarına gəlir, amma bir dəfədən artıq olanda bəyənmirlər”.

Pyes əsasında səhnələşdirilən iki tamaşa diqqətimi çəkdi. Birinci 2009-cu ildə Kort Teatrında baş tutub. Baş rollarda Liv Şrayber (Liev Schreiber), Skarlett Yohansson (Scarlett Johansson) – https://www.youtube.com/watch?v=0JdCRyUciTQ. İkinci isə Yanq-Vik teatrında səhnələşdirilib – https://www.youtube.com/watch?v=TUsMf3og9rQ. Burada Eddi obrazını Mark Stronq (Mark Strong) canlandırıb.

a-view-from-bridge-mark-strong.jpg
a-view-from-bridge-scarlett.jpg

Artur Miller 2005-ci ildə ürək çatışmazlığından vəfat edib. Qızı Rebekka Millerin lentə aldığı “Artur Miller: Yazıçı” (“Arthur Miller: Writer”, 2017)  filminə baxdım. Rejissor əmindir ki, publika qarşısındakı Millerlə atası Miller bir-birindən çox fərqlənir. O, bu səbəbdən atasını ev şəraitində lentə almağa, ondan və onun qardaşlarından, ailə üzvlərindən müsahibə almaq qərarına gəlib. Ekran işi səmimi alınıb.

rebecca-arthur.jpg

Mövzu ilə bağlı “YouTube”-dakı kanalımda da danışmışam.