Nə vaxtsa sırf şəkillərinə görə hansısa bir filmi və ya serialı izlədiyiniz olubmu? Məndə oldu. Həyatımda ilk dəfə belə bir təcrübə yaşadım. Qarşıma çıxan bu şəkil, ya da belə deyim, şəkildəki səmimi gülüş “Normal insanlar” (“Normal People”, 2020) serialına baxmağıma səbəb oldu.

Ekran işi irlandiyalı yazıçı Salli Runinin (Sally Rooney) eyniadlı romanı əsasında çəkilib. Kitabları tez bir zamanda məşhurlaşan, bir çox bədii mükafata layiq görülən bu gənc yazıçını mətbuat “Snapchat nəslinin Selinceri” adlandırır.

Əlaqədar şəkil

Əsər Marianna və Konnel adlı iki yeniyetmənin ilk məhəbbətindən, təhsil həyatından, üzləşdiyi problemlərdən, onların böyüməsindən bəhs edən dramdır. Böyük Britaniya və ABŞ-da ən çox satılan kitablardan birinə çevrilən bu roman Buker mükafatının lonq-listinə düşüb.

Serila baxdıqdan sonra kitabı “oxunulacaq əsərlər” siyahıma saldım. Çünki bəzi məqamlar (anasının Mariannaya olan laqeyd münasibəti, qardaşının zorakı davranışı və sair) mənə qaranlıq qaldı.

Serial hər biri maksimum 30 dəqiqə olmaqla 12 seriyadan ibarətdir. Jurnalistlərin hesablamalarına görə, ekran işində yataq səhnələri 41 dəqiqə 15 saniyə çəkib ki, bu da “BBC Three” televiziya kanalının layihələri arasında rekord göstəricidir. Bu ekran işi həmçinin ona görə unikal hesab edilir ki, layihədə yeni peşənin nümayəndəsi – intim səhnələr üzrə koordinator işləyib. Vaynşteyn qalmaqalından sonra kino sənayesində bu cür mütəxəssislərə tələb yaranıb.

Rejissor seks səhnələrində İta O’Brayenin (Ita O’Brien) məsləhətlərindən yararlanıb. Koordinator bundan öncə on il teatrda rəqqas kimi fəaliyyət göstərib, daha sonra özünü aktrisa, rejissor və xoreoqraf kimi sınayıb. Onun sözlərinə görə, aktyorlara öpüşmək seks səhnələrini simuloyasiya etməkdən daha çətin gəlir.

Aktyorların şəxsi sərhədlərinin pozulmamasına diqqət yetirmək O’Brayenin qarşısında duran tapşırıqlardan biri olub. Çəkiliş meydançasında onlar arasında cinsi təmas olmayıb, xüsusi arakəsmədən istifadə edilib, habelə onlar dəri rəngli alt paltarı geyiniblər. Aktyorların tamam çılpaq olduğu səhnələrdə isə kənar şəxslər çəkiliş meydançasından uzaqlaşdırılıb.

Koordinator təkcə təhlükəsizlik üçün deyil, eyni zamanda səhnələrin daha real alınması üçün də lazımdır. Real həyatda olduğu kimi filmdə də qəhrəmanlarımız böyüdükcə onların seksual təcrübəsi dəyişir. Onların ilk intim yaxınlığı yöndəmsiz göstərilir, halbuki bir neçə ildən sonra baş tutan yaxınlıqda qəhrəmanlar özlərini daha əmin hiss edirlər.

Məhz bu səbəbdən yataq səhnələri çox olduğu halda, tamaşaçını yormur. İzləyici onu böyümə hekayəsinin bir hissəsi kimi qəbul edir. Yaxşı seksin hələ yaxşı münasibət demək olmadığını göstərir. Başqa biri ilə münasibətdə – fərqi yoxdur, bu sevgi münasibəti də ola bilər, dostluq da – qarşındakını tanımaq çətindir, böyük əmək tələb edir. Ancaq bundan da çətini həmin münasibətdə özünü tanımaqdır. Həmin münasibətdən nə istədiyini, nə istəmədiyini müəyyənləşdirməkdir.

Kimin yanında özünü yaxşı hiss edirsənsə, kimin yanında özün kimi ola bilirsənsə, artistlik etməyə ehtiyac qalmırsa, “birdən məni səhv başa düşər”, “birdən xətrinə dəyərəm”, bir sözlə, bu kimi “birdən”lər beynini xarab etmirsə, deməli, vaxtını onunla keçirməlisən. Qəhrəmanlarımızın timsalında həmçinin bir tamaşaçı kimi münasibətdə “yük olmamağı” da öyrənirik.