Bu dəfə Cinayət Məcəlləsinə hörmət edən cinayətkar haqqında danışacam. “Əsrimizin qəhrəmanı” adına layiq görülən həmin cinayətkar kimdir? Təbii ki, bütün dövrlərin ən cazibədar, xarizmatik fırıldaqçısı Ostap Bender.

Ostap Bender “12 stul” əsərinin baş qəhrəmanıdır. Əsər İlya İlf və Yevgeni Petrov tərəfindən qələmə alınıb. Roman birdən çox müəllifi olan nadir bədii əsərlərdəndir. Əsərdə 12 stuldan birində gizlədilən brilyantların axtarışından, bu prosesdə qəhrəmanların üzləşdikləri gülməli, qəribə hadisələrdən bəhs edilir.

Əvvəlcə İlf-Petrov ikilisinin həyatına qısa nəzər salaq. Biri eynəkli, biri eynəksiz, biri hiperaktiv, biri sakit, biri gülərüz, biri qaşqabaqlı olsa da, hər ikisi Odessada doğulub, sonradan hər ikisi demək olar eyni vaxtda Moskvaya köçüb və hər ikisi təsadüf nəticəsində yazıçılığa başlayıb.

Solda: İlya İlf, sağda: Yevgeni Petrov

İlya İlf 1897-ci ildə mühasib ailəsində anadan olub. Atası bankda sıravi işçi olub. Ailə elə də imkanlı olmayıb. İlf texniki məktəbi bitirdikdən sonra müxtəlif işlərdə çalışıb. O, fasilələrlə çertyoj bürosunda, telefon stansiyasında, hərbi zavodda işləyib. Atası onu maliyyəçi görmək istəsə də, İlya yumoristik jurnallarda redaktor kimi fəaliyyət göstərməyə başlayıb, daha sonra Odessa Şairlər İttifaqının üzvü olub. Həmin vaxt anası tramvay altında qalaraq vəfat edir. Atası ailəni dolandırmaq üçün küləşdən çörək hazırlamağı öyrənir. Yaxşı qidalanmadığı üçün İlyada tuberklyoz başlayır. Birtəhər ayağa qalxan İlya sevdiyi qızla evlənmək üçün pul dalınca Moskvaya yola düşür.

İlya İlf və Mariya Tarasenko

Yevgeni Katayev də 1902-ci ildə Odessada müəllim ailəsində anadan olub.  Ailənin zəngin kitabxanası olsa da, klassik ədəbiyyat balaca oğlanı maraqlandırmayıb. O, ən çox Robert Lyuis Stivenson və Cek London kimi yazıçıların əsərlərini mütaliə etməyi xoşlayırmış. Yevgeni gimnaziyanı bitirdikdən sonra  Ukrayna Teleqraf Agentliyində müxbir kimi fəaliyyət göstərməyə başlayır, daha sonra Cinayət Axtarış İdarəsində işə düzəlir.  20-ci illərdə Odessa cinayətkar qruplaşmaların təsiri altında olub. Katayev tez bir zamanda milisdə uğur əldə edir, idarənin ən yaxşı əməkdaşına çevrilir. İşlədiyi qəzada agent şəbəkəsi yaradır, bir çox cinayətkar qruplaşmanı aradan qaldıra bilir.

1922-ci ildə milislə cinayətkar qruplaşmanın arasında yaşanan atışma zamanı Katayev bandaya rəhbərlik edən uşaqlıq dostunu həbs edir. Sonradan onun təkidi ilə cinayət işinə yenidən baxılır və dostu güllələnmədən yaxa qurtararaq düşərgəyə göndərilir. Bu hadisədən üç il sonra o, Moskvaya yola düşür. “Qırmızı bibər” satirik jurnalında anasının soyadı altında yazdığı ilk felyetonlar, hekayələr işıq üzü görür. Qardaşı Valentin Katayev tanınmış yazıçı olduğu üçün Yevgeni hesab edirdi ki, bir ailədən Katayev familiyası ilə iki yazıçının çıxması məqsədəuyğun olmaz, sovet oxucusu, sovet ədəbiyyatı buna tab gətirməz.

Yevgeni Petrov böyük qardaşı Valentin Katayevlə

Bu iki jurnalistin yolu “Qudok” qəzetinin redaksiyasında kəsişir. Onlar burada birgə fəaliyyətə başlayırlar. Həmin vaxt yazıçılar, jurnalistlər sovet elitası hesab edilirdi, onlar orta əmək haqqından 5-6 dəfə çox maaş alırdılar.

Günlərin bir günü Petrovun qardaşı Valentin Katayev hər iki gənci evinə çağırır. Onlara belə bir təklif irəli sürür. Katayev sovet ədəbiyyatının Aleksandr Düması olmaq istədiyini söyləyir, gəncləri isə ruh yazıçı/ədəbi qul olmağa dəvət edir. Onlara romanın qaralamasını yazmağı tapşırır.

Ruh yazıçı və ya ədəbi qul ədəbiyyat sahəsində tanınmış yazıçının yerinə müəyyən mükafat müqabilində mətn yazan müəllifə deyilir.

İlf və Petrov razılaşırlar. Rus ədəbiyyatının satirik incilərindən biri belə yaranır. Gənclər əsərin ideyasını Konan Doyldan götürürlər. Novellaların birində Şerlok Holms Napoleonun büstlərini oğurlayan italyanın izinə düşür. Büstlərin sayı 6 olduğu üçün hekayə də qısa olur. Roman yazmaq tapşırığı alan İlf və Petrov həcmi artırmaqdan yana 12 stul üzərində dayanmalı olur. Romanın mətni jurnalistlər arasında hərtərəfli müzakirə edildikdən sonra qələmə alınır. Petrov xatirələrində yazır ki, eyni cümlə hər ikisinin ağlına gələndə, ondan istifadə etmirlərmiş. Qəhrəmanların hamısı onların real həyatda tanıdıqları insanlar olub.

 Məsələn, Elloçka Şukina Katayevin birinci həyat yoldaşının bacısı Tamara Kovalenkonun prototipidir. O da Elloçka kimi dəb və şoppinq mövzusunda yorulmadan danışa bilirmiş.

Elloçka rolunu canlandıran aktrisa Yelena Şanina

Fyodor ata yazıçı Dostoyevskiyə parodiya hesab edilir. Ədəbiyyatşünaslar əmindirlər ki, əsərdə keşişin məktub yazma üslubu da Dostoyevskinin həyat yoldaşına yazdığı məktubları parodiya edir. Məsələn, əsərin sonunda Ostap Benderin öldürülmə səhnəsini Dostoyevskinin “Cinayət və cəza” əsərində sələmçi qadının öldürülməsinə oxşadırlar.

Valentin Katayev romanın birinci fəslini oxuduqdan sonra  əsəri başa çatdırmağı gənc jurnalistlərə həvalə edir, özü kənara çəkilir. Lakin ideyaya görə hədiyyə istəyir: İlf və Petrova qonorardan qızıl portsiqar almağı tapşırır. Yazıçılar kiçik hiyləyə əl atırlar. Ucuz başa gəlməsi üçün kiçik ölçülü qadın portsiqarı alırlar. 

Lakin tənqidçilər əmindirlər ki, gənclərin Katayevə hədiyyəsi portsiqardan daha böyük olub. Onlar Valentin Katayevi “12 stul”un əsas qəhrəmanı ediblər. Deyilənlərə görə, Ostap Bender prototipləri arasında ən çox Katayevə oxşayır. Həm görünüşcə, həm yumor hissi ilə. Əsər özü də Valentin Katayevə həsr edilib.

Valentin Katayev

Tədqiqatçılar Ostap Benderin bir neçə mümkün prototipinin olduğunu ehtimal edirlər. Onların arasında odessalı avantürist Osip Şor xüsusilə seçilir. Şor cinayət axtarış şöbəsində işləyib, yerliləri arasında dendi kimi tanınıb. Potensial prototiplər cərgəsində İlya İlfin rəssam qardaşı Sandro Fazini də var.

Osip Şor

Əsərin əvvəlində Ostap Benderə qısa yer verilsə də, hadisələr inkişaf etdikcə onun rolu artır, nəhayət müəlliflər onunla bacarmırlar. Hətta finalda Benderin taleyini həll etmək üçün püşk atmalı olurlar. Püşkdən “kəllə skeleti” çıxdığı üçün onu öldürmək qərarına gəlirlər.

1928-ci ildə roman “30 gün” jurnalında dərc edilir. Əsər oxucular arasında böyük rəğbət qazanır, amma bədii tənqidçilər tərəfindən soyuq qarşılanır. Roman tezliklə məişət lüğətinə çevrilir. Orada istifadə edilən dialoqlar, cümlələr insanlar arasında zərb-məsələ kimi istifadə edilməyə başlayır.

Tənqidçilər də “təkərə düşürlər”. Əsərdə müsbət personajın olmaması onlara çətinlik yaradır. Onlar siyasi cəhətdən romanı qiymətləndirə bilmirlər. Nəticədə belə qərara gəlirlər ki, roman bütünlükdə sovet həyat tərzinə deyil, onun ayrı-ayrılıqda çatışmayan cəhətlərinə gülür.

Sovet rejiminin ünvanına bir dəfə də olsun xoş söz söyləməyən Nabokov İlf və Petrovun işini yüksək qiymətləndirir, onları “dahi əkizlər” adlandırır.

İlf kitabın satışından gələn pulla Moskvada mənzil alır, ilk məhəbbəti Mariya Tarasenko ilə evlənir və onların bu evlilikdən bir qızları olur. Elə həmin vaxt Petrov da yaxın dostunun sevgilisi – Valentina Qryunzayd ilə ailə həyatı qurur.

Yevgeni Petrov həyat yoldaşı Valentina Qryunzayd ilə

1935-36-cı illərdə yazıçılar ABŞ-a səfər edirlər. Həmin səfər zamanı İlfdə yenidən tuberklyozun əlamətləri özünü göstərməyə başlayır. Geri qayıdandan bir il sonra yazıçı vərəmdən dünyasını dəyişir. Petrov isə 5 il sonra Böyük Vətən müharibəsində Sevastopoldan Moskvaya uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olur.

Müəlliflər təsvir etdikləri sistemi o qədər yaxşı tanıyırlar ki, sistemi öz pafoslu sözləri, terminləri ilə lağa qoyurlar. Hər obraz sovet dövründə təmsil etdiyi sahənin bütün mənfi özəlliklərini özündə daşıyır: dövlət vəsaitini mənimsəyən və qohumlarını ştata yazan direktor, tövbə sirrini (tövbə/etiraf məxfiliyini) pozan keşiş, pul müqabilində gizli məlumatları satan arxiv işçisi, mahiyyəti bəlli olmayan siyasi qruplaşmaya qoşularaq qurulacaq yeni sistemdə varlanacağını düşünən, dara düşən kimi bir-birini “baqaja qoyan” məhlə sakinləri, əqidəsinə görə deyil, ət baha olduğu üçün veqan olmağı seçən çertyojçu, müştərilərlə üst-başına görə davranan ofisiant, SSRİ-də bütün qadınların “düşmən” Amerika jurnallarındakı modellər kimi geyinmək istədiyini göstərən, ayağını yorğanına görə uzatmayan modabaz qadın, şeir yaza bilməyən şair və s. Elə həmin şair radiostansiya haqqında şeir yazmaq tapşırığı aldığı səhnə ilə mənə  “Teleqraf telləri”, “Radio”, “Pedtexnikum” kimi şeirlər qələmə alan Mikayıl Müşfiqi xatırlatdı.

Və Ostap Benderin həyasızlıq edib, bütün bu camaatı aldatması, barmağına dolaması oxucunu qıcıqlandırmır. Əksinə, Benderə azarkeşlik edirsən, atdığı addımlar, söylədiyi sözlər, qarşısındakını sındırmağı adama ləzzət edir, ürəyinə yağ kimi yayılır. “Oğrudan oğruya”, ya da “axmaqdan oğruya” deyib təsəlli tapırsan.

Sonra belə bir məntiqli sual meydana çıxır: necə olur ki, Bender bu qədər insanı aldada bilir? Özü də həmin insanların sadəlövh deyil, kifayət qədər təcrübəli olduğunu nəzərə almaq lazımdır. Onda görürük ki, Bender sistem elementini sistemin ən güclü silahı ilə – pafoslu cümlələrlə məğlub edir. Pafoslu nitqə inanmaq xəstəliyi SSRİ-nin varisi kimi bizə də sirayət edib. Hələ də bu xəstəlikdən şəfa tapa bilməmişik. Fərqi yoxdur, bu sözlər rasionallığın, sağlam düşüncənin üstündən xətt çəksə də olar, yetər ki, gözəl gələcək vəd etsin.

Əsər dəfələrlə ekranlaşdırılıb. Ən yaddaqalanları 1971-ci və 1976-cı ildə çəkilən versiyalardır.

Birinci rejissor Leonid Qayday tərəfindən çəkilib. İki seriyalıdır. Ostap Bender obrazını Arçil Qomiaşvili  canlandırıb. Rejissor bu rol üçün iyirmidən çox aktyorla sınaq çəkilişi edib. Onların arasında Vladimir Vısotski, Aleksey Batalov və başqaları olub, hətta müğənni Müslim Maqomayev nəzərdən keçirilib. Qomiaşvilinin namizədliyi “Qoskino” tərəfindən təsdiqlənmir. Yuxarıdan deyirlər ki, “niyə Bender gürcü olmalıdır?” Cavabında rejissor bildirir ki, əsərdə Ostapın atası Türkiyə vətəndaşıdır, anası niyə gürcü olmasın ki?

Arçil Qomiaşvili

Qayday Fyodor ata rolu üçün aktyor Mixail Puqovkindən düz üç həftə cavab gözləyib. Belə ki, Puqovkin qatı dindar olduğu üçün anası ilə məsləhətləşmək ehtiyacı duyub. O, bu rolu ilə anasının xətrinə dəyəcəyindən ehtiyat edib.

Aktyor Mixail Puqovkin Fyodor ata rolunda

Qeyd etdiyim ikinci film isə rejissor Mark Zaxarov tərəfindən ekranlaşdırılıb. Baş rollarda Andrey Mironov və Anatoli Papanov (“Nu pogodi” cizgi filmindən canavar) gedir. Bu cütlük bir öncəki versiyada da sınaq çəkilişlərində iştirak ediblər, lakin Qaydayı razı sala bilməyiblər. Bu ekran işi daha çox musiqili tamaşa tərzində çəkilib. Romanda epizodların çoxu açıq məkanda baş versə də, çəkiliş tamamilə pavilyonda baş tutub.

Andrey Mironov və Anatoli Papanov

Elə tanınmış aktyorlar var ki, hər iki versiyada çəkilib. Şəxsən mən ən çox Qaydayın filmini bəyəndim. Çünki açıq məkanlarda çəkilib. Ancaq Ostap Bender obrazı daha çox Mironova yaraşıb. Hətta rəfiqəmlə yekdilliklə belə qərara gəldik ki, Mironov bu rolda Cud Lou və Conni Deppin birləşmiş versiyasıdır.

Andrey Mironov

“YouTube” kanalımı izləməyi unutmayın 🙂